“Enerji içkilərilə bağlı tədbirlər görülməlidir” – Millət vəkili

“Enerji içkilərilə bağlı tədbirlər görülməlidir” – Millət vəkili
  15 Yanvar 2018    Oxunub:5061
“Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularından biridir. Xüsusilə də məktəb yaşlı uşaqların bu içkilərdən sui-istifadə etməsi problemi daha da aktuallaşdırır”.
Bu sözləri millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Vüsal Hüseynov özünün feysbuk səhifəsində yazıb. Məsələnin hüquqi tərəfinə nəzərə alan deputat qeyd edib ki, “enerji içkisi” anlayışının vahid təyini olmasa da, ümumi şəkildə tərkibində əsas elementi kofein olan və digər enerji artıran maddələri cəmləşdirən içkilər başa düşülür. Bu içkilərin zərəri əsasən tərkibindəki kofeinlə əlaqələndirilir və ümumən sağlamlığa zərərli olması qəbul edilir. Bu səbəbdəndir ki, bir çox ölkələrdə həmin məhsulların istehkalı Qanun və ya qaydalarla tənzimlənir. Bu tənzimləmə eyni zamanda enerji içkilərinin reklamı və satışını da əhatə edir.

Deputat xatırladır ki, 2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 mq. və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir.

2014-cü ildən bu qayda daha da sərtləşdirilib və müəyyən edilib ki, 100 ml-də 1 mq. və daha artıq kofein olan enerji içkilərinin üzərində “Yüksək kofein tərkiblidir. Uşaqlara, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur” yazılmalıdır. Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada yasaqlanmasına səbəb olub. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə “ictimai səhiyyə vergisi” (“public health tax”) tətbiq olunur.

Sonda isə Vüsal Hüseynov vurğulayıb ki, Dünya Səhiyyə Təşkilatının nəşrlərində enerji içkilərinin reklamı, yayılması və satışına qarşı aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:
1. Enerji içkilərinin tərkibində olan kofeinin icazə verilən son həddi müəyyənləşdirilsin;
2. Enerji içkilərinin tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq, uşaqlara satışı məhdudlaşdırılsın;
3. Ailələr enerji içkilərinin zərərləri haqqında məlumatlandırılsın;
4. Enerji içkilərinin yaratdığı fəsadlar və zərərləri barədə geniş maarifləndirmə tədbirləri həyata keçirilsin.

“Bu tövsiyələrin hər biri üzrə tədbirlər görülməlidir”,- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

AzVision.az



Teqlər: #Enerji-içkiləri   #Vüsal-Hüseynov  





Xəbər lenti