Yenilənən cəmiyyət və köhnəlmiş müxalifət – TƏHLİL

Yenilənən cəmiyyət və köhnəlmiş müxalifət – TƏHLİL
  26 Sentyabr 2013    Oxunub:1076
Bu gün ölkə prezident seçkiləri ərəfəsindədir. Bu baxımdan ölkəmizin son dövrlərdə keçdiyi inkişaf yoluna bir daha nəzər salmaq məqsədəuyğun olardı.

Beləliklə, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev gənclər arasında və bütün Azərbaycan cəmiyyətində böyük harizmaya malikdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz məqaləsində qeyd etdiyi kimi, Prezident İlham Əliyev yeni əsrin yeni lideridir. İlham Əliyevin yürütdüyü siyasətin uğurları Azərbaycanın sabit, hərtərəfli inkişafını təmin edib. Buna görə də onun yürütdüyü siyasətin alternativi yoxdur.

Buna uyğun olaraq Azərbaycan müxalifətinin cəmiyyətdə heç bir nüfuzu və çəkisi qalmayıb. Hazırda Azərbaycan sıçrayışlı və intensiv inkişaf epoxasını yaşayır. Cəmiyyətin ictimai şüuru inkişaf edir, ictimai-siyasi proseslərə, baş verən yeniliklərə yeni baxış formalaşır. Müxalifət isə bu inkişafın qarşılığı olaraq özünü cəmiyyətə yeni simada təqdim edə bilmir.

Hazırkı seçki ərəfəsində də biz bunu müşahidə edirik. İndiki müxalifət cəmiyyətə modern dövrün tələblərilə uyuşan mesajlar ötürməkdə, gənclərin diqqətini cəlb etməkdə və bununla da ətrafına müəyyən sayda elektorat toplamaqda tam acizdir. Bu sırada Azərbaycanda gəncliyin inkişafına yaradılan münbit şəraiti və dövlət proqramlarının həyata keçirilməsini birinci olaraq ölkəmizin iqtisadi uğurları və dünya iqtisadi arenasında ciddi rezonans yaradan göstəriciləri fonunda qeyd etmək lazımdır.

Konkret olaraq xatırlatsaq, son beş ildə Azərbaycanın iqtisadiyyatı dəfələrlə artıb. ÜDM göstəricilərinə görə də dövlətimiz regionda və dünyada öncül mövqeyini qoruyub saxlayıb. Büdcə xərcləri 12 dəfə artıb. Hazırda 20 milyard manat civarında büdcəmiz formalaşıb.Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə düşüb. İşsizlik kəskin dərəcədə azalıb. Həmçinin ölkədə işsizliyin aradan qaldırılması üçün effektli dövlət tədbirləri həyata keçirilməkdədir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla icra edilməsi isə regionlarla paytaxt arasındakı disbalansı aradan qaldırmaq və regionlarda məşğulluq səviyyəsini arzuolunan səviyyəyə çatdırmağa hesablanıb. Bütün bunlar isə əhalinin həyat səviyyəsini daha da yüksəltdiyi üçün təbii ki, vətəndaşların əksəriyyəti tərəfindən bu sahədə həyata keçirilən dövlət siyasəti tam dəstəklənir.

Prezident İlham Əliyev çıxışlarında belə bir fikri vurğulayır: “Biz istəyirik ki, təbii ehtiyatlarımızdan ilk növbədə xalqımız bəhrələnsin”. Hazırda yürüdülən müstəqil enerji siyasəti də birbaşa xalqın maddi rifahına əsaslanır. Bundan əlavə, son dövrün iqtisadi böhranları nəticəsində inkişaf etmiş nəhəng ölkələrin belə məruz qaldığı məhrumiyyətlər, ağır sınaqlar və onların beynəlxalq arenada mövqelərinin müəyyən dərəcədə iflasa uğraması kimi kataklizmlər Azərbaycandan yan keçdi. Çünki Azərbaycan dövləti siyasi, iqtisadi və sosial sahədə bütün riskləri nəzərə almaqla və onlardan maksimum yayınmaqla ölçülüb-biçilmiş və təmkinli, səbatlı siyasət yürüdür. Bunun nəticəsidir ki, Azərbaycan böhrandan zərər çəkmədi. Əksinə, dövlət bu ərəfədə bir sıra sahələrdə meqa iqtisadi və infrastruktur layihələrini icra etməkdə davam etdi ki, bu da siyasi səbatlılığın və iqtisadi davamlılığın, dayanıqlılığın bariz nümunəsidir.

Bütün bu nailiyyətlər isə əhali tərəfindən qiymətləndirilməyə və rəğbətlə qarşılanmaya bilməz. Çünki xalq bu uğuru öz gündəlik həyatında hiss edir. Təbii ki, dövlətin qazandığı uğurlar hər bir vətəndaş, gənc üçün uğurdur. Deməli, Azərbaycan dövləti və hakimiyyətinin əhalinin, eləcə də gənclərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsinin real iqtisadi, sosial, infrastruktur quruculuğu, beynəlxalq arenada uğurlu mövqe, uğurlu və müstəqil enerji siyasəti və kompleks şəkildə digər göstəricilərdən ibarət əsasları mövcuddur.

Prezident İlham Əliyevin siyasətində diqqət çəkən əsas məqamlardan biri də hər ilin ölkə üçün çox önəmli olan bir sahəyə həsr edilməsidir. Bu sıradan biz “Gənclər İli”, “Ekologiya İli”,“Turizm İli”, “İdman İli” və sair qeyd edə bilərik. 2013-cü il isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İKT ili elan olunub və bununla əlaqədar intensiv layihələr həyata keçirilməkdədir. Ümumiyyətlə, modern dövlət quruculuğunu qarşısına məqsəd qoymuş Prezident ilk vaxtlardan İKT-nin ölkədə inkişafına xüsusi diqqət yetirir.

Təsadüfi deyil ki, Prezident seçildikdən sonra İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı olub. Prezident bu sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirib. Bunun ardınca isə ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü tədbirlər start götürdü. İKT sektoru enerji sektorundan sonra ölkəmizdə vacib prioritet sahə elan olundu. İKT sektorunun inkişafı, informasiya cəmiyyətinin formalaşmasının qanunvericilik bazasının yaradılması istiqamətində mühüm addımlar atıldı, bu məqsədlə bir çox qanun, fərman və sərəncam imzalandı. Bütün bu işlərin nəticəsi olaraq İKT sektoru 2004–2013–cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənib. 2012–ci ildə bu sektorun artım tempi təxminən 18 faiz olub. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir.

MDB ölkələri sırasında ilk dəfə 2008–ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, 2010–cu ildə isə tam elektronlaşdırılıb. Keçən il şəbəkəyə təxminən 20 min nömrə də əlavə olunaraq, “Yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunub. Bütün bu uğurlar ölkəmizin hər bir bölgəsində aydın müşahidə edilir. Ən önəmli uğurlardan biri 2013–cü ildə öz milli peykimizin kosmosa buraxılmasıdır. Bu olay Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələr, o cümlədən ən önəmli və strateji istiqamətlər üzrə sürətlə inkişaf edən və modernləşən, regionda lider dövlət olduğunu bir daha bariz şəkildə sübut etmiş oldu.

Bəs bütün bunların müqabilində müxalifət nə iş görüb? Müxalif düşərgə siyasi mövqeyini möhkəmlətmək üçün hansı alternativ inkişaf proqramlarını təqdim edə bilib? Təbii ki, heç nə. Bu gün müxalifətin real uğursuzluğunun əsas səbəbi hakimiyyətin yuxarıda sadalanan nailiyyətləri qarşısına alternativ variant qoya bilməməsi və buna görə də susmasıdır.

Bütün qeyd edilənlərə görə də Azərbaycan gəncləri, ümumiyyətlə, Azərbaycan cəmiyyəti, cəmiyyətin bütün təbəqələri müstəqil inkişaf xətti tutan, dünyada və regionda liderlik göstəricilərini getdikcə artıran Azərbaycan dövləti ilə fəxr edir, qürur duyurlar. Gənclər Azərbaycanımızın məhz bu yolla inkişafının alternativsizliyini yaxşı anlayırlar. Ona görə də Prezident İlham Əliyevin ölkəni etibarlı şəkildə gələcəyə aparan siyasəti ətrafında sıx birləşiblər.

İlkin AĞAYEV


Teqlər:  





Xəbər lenti