Şirvana oğurluğa gedən şəxs tutulub

Şirvana oğurluğa gedən şəxs tutulub
  30 Dekabr 2017    Oxunub:2562
Şirvan ŞPŞ-nin Narkomaniya ilə Mübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.
DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AzVision.az-a verilən məlumata görə, dünən gecə saatlarında araşdırma zamanı həmin şəxsin Naxçıvan MR-sı Şərur rayonu Yuxarı Yayçı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 15 il azadlıqdan məhrum edilmiş, 50 yaşlı Arif Ağayev olduğu müəyyən edilib.

Saxlanılan zaman həmin şəxsin əlindəki göy torbadan kapron corabdan hazırlanmış masqa, 2 ədəd rezin əlcək, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd bıçaq, elektroşok, üzərinə baxış zamanı isə bir ədəd kibrit qutusunda ümumi çəkisi 7,40 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı həmin şəxs dünən gecə saatlarında Bakı şəhərindən Şirvana oğurluq məqsədi ilə gəldiyini etiraf edib.

Bu şəxsi tanıyanlardan və ya əməllərindən zərər çəkənlər varsa, onların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq   Polis   Şirvan  





Xəbər lenti