Əlil və şəhid ailələrinə mənzil verilib

Əlil və şəhid ailələrinə mənzil verilib
  25 Sentyabr 2013    Oxunub:1084
Xaçmaz rayonunda əlil və şəhid ailələrinə yeni mənzillər və minik avtomobilləri təqdim olunub
Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sentyabrın 25-də Xaçmaz rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda 11 ədəd NAZ-Lifan markalı minik avtomobili bölgədə yaşayan müharibə əlillərinə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, mənzillərin və minik avtomobillərinin təqdim olunması mərasimində iştirak edən nazir Fizuli Ələkbərov bildirib ki, ölkəmizdə mühüm sosial müdafiə tədbirlərinə, o cümlədən əlil və şəhid ailələrinin mənzillə, müharibə əlillərinin avtomaşınla təminatı işlərinə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılıb. 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş məqsədyönlü siyasəti sayəsində müstəqil vətənimiz, dövlətimiz yeni inkişaf mərhələsinə daxil olmaqla yanaşı, eyni zamanda əlil və şəhid ailələrinin mənzillə təminatı işləri geniş vüsət alıb.

Qeyd olunub ki, son 10 ildə möhtərəm Prezident İlham Əliyevin tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. 2003-2013-cü illərdə respublikanın müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.

Yaxın günlərdə Qax rayonunda əlil və şəhid ailələri üçün tikilmiş 1 ədəd 4 mərtəbəli 36 mənzilli yaşayış binasının da istifadəyə verilməsi planlaşdırılır. Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində isə 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşa olunur. Həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib. 1998-ci ildən bu vaxta qədər isə 3800-ə yaxın minik avtomobili imtiyazlı əlillərə verilib. Cari ildə 280 ədəd minik avtomobilinin əlillərə verilməsi nəzərdə tutulur ki, onlardan 180-dək avtomobil bu günlərdə paylanıb.


Tədbirdə əlil və şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.


Teqlər:





Xəbər lenti