DİN Oqtay Gülalıyevin oğlunun bıçaqlanmasına münasibət bildirdi

DİN Oqtay Gülalıyevin oğlunun bıçaqlanmasına münasibət bildirdi
  25 Sentyabr 2013    Oxunub:5644
Daxili İşlər Nazirliyi Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin oğlunun bıçaqlanması faktına münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisə ilə əlaqədar qeyd edib ki, həqiqətən də belə bir fakt qeydə alınıb: “Bir neçə gənc 16 yaşlı Əli Gülalıyevi döyərək ona yüngül xəsarət yetirib. Faktla bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Müəyyən edilib ki, sentyabrın 20-də Əli Gülalıyev öz sinif yoldaşı Bayram Sultanlını döyüb və ona göz nahiyəsindən xəsarət yetirib. Güman edilir ki, Bayram Sultanlıya yaxın şəxslər də Əli Gülalıyevlə bu məsələ ətrafında mübahisə ediblər. Nəticədə onlardan biri Əlini döyərək yüngül dərəcəli xəsarət yetirib. Hazırda polis əməkdaşları tərəfindən onların müəyyənləşdirilərək yaxalanması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir”.

O. Mansurzadə Əli Gülalıyevin döyülməsinin bəzi KİV-də atası Oqtay Gülalıyevə guya xəbərdarlıq kimi qiymətləndirilməsi barədə yayılan məlumatların heç bir məntiqi və hüquqi əsasının olmadığını bildirib.

O, həmçinin qeyd edib ki, bəzi maraqlı qüvvələr belə hadisələri qəsdən siyasiləşdirməyə cəhd göstərir: “Halbuki respublika ərazisində gündə onlarca belə hadisə baş verir, həmin faktlarla bağlı müəyyən şəxslər saxlanılır, zəruri araşdırmalar aparılır və sonda hüquqi qiymət verilir. Məsələn, iki gün əvvəl gecəyarısı 3 sərxoş gənc prezidentliyə namizədlərin təşviqat materiallarını korlayarkən və şəkillərini cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Polis həmin şəxsləri nizam-intizama dəvət edib. Lakin onlar polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində protokol tərtib edərək toplanmış materialları məhkəməyə göndərib. Sonradan həmin gənclərdən birinin Əli Kərimlinin oğlu olduğu müəyyənləşib. İndi Əli Kərimli, bəzi müxalifət funksionerləri, siyasi qurumlar təəssüflər olsun ki, birinci olayda olduğu kimi, həmin hadisəyə də siyasi rəng verməyə cəhd göstərirlər. Biz belə kriminal xarakterli əməllərin, yaxud inzibati hüquqpozmaların siyasiləşməsinin əleyhinəyik və bu, qətiyyən yolverilməzdir. Lakin qarşı tərəf yalan məlumatlar yayaraq ictimai rəyi çaşdırmağa yönələn bəyanatlar verirsə, biz də həmin hadisələrin əsl mahiyyətini açmağa məcbur oluruq”.

Qeyd edək ki, Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin oğlu bıçaqlanıb. Hadisə sentyabrın 22-si axşam saatlarında 194 saylı məktəbin yaxınlığında qeydə alınıb. O, Əli Gülalıyevin 4 nəfər naməlum şəxs tərəfindən döyülərək bıçaqlandığını deyib. O. Gülalıyevin sözlərinə görə, oğluna ev şəraitində tibbi yardım göstərilib, bir gün sonra yarasında qanaxma olduğu üçün ötən gün xəstəxanada əməliyyat olunub.



Teqlər:  





Xəbər lenti