Yeni filmlərimiz Özbəkistanda təqdim olundu

Yeni filmlərimiz Özbəkistanda təqdim olundu
  24 Sentyabr 2013    Oxunub:1080
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində son illər çəkilmiş Azərbaycan filmlərinin təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, təqdimat mərasimi Azərbaycan kinosunun 115 illik tədbirləri çərçivəsində həyata keçirilib.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatının üzvləri iştirak edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan kinolarının dəfələrlə qardaş Özbəkistanda nümayiş etdirildiyini, "Arşın mal alan", "O olmasın, bu olsun", "Qayınana", "Əhməd haradadır", "Görüş" filmlərinin Özbəkistanda da məşhur olduğunu bildirib.

Yeni Azərbaycan kinolarının nümayişinə 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Niyyət" filmi ilə başlanılıb. "Niyyət" filmi 2010-cu ildə Qazaxıstanda keçirilən "Şaken ulduzları" festivalında iştirak edib, "İlin filmi" nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatına layiq görülüb, "Qızıl minbər" VI Beynəlxalq müsəlman kinofestivalının təşkilat komitəsi tərəfindən "Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə" nominasiyasında xüsusi mükafatla təltif edilib.

Növbəti həftələrdə Özbəkistanda "40-cı qapı", "Arxada qalmış gələcək", "Cavad xan", "Küçələrə su səpmişəm" və s. filmlər nümayiş olunacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti