NASA astronavtı Bakıda: “Ulduz müharibələri” olmayacaq

NASA astronavtı Bakıda: “Ulduz müharibələri” olmayacaq
  11 Dekabr 2017    Oxunub:7657
NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ölkəmizdə səfərdədir. Səfər ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
Amerikalı astronavt səfər çərçivəsində Bakı Amerika Mərkəzində KİV nümayəndələri ilə görüşüb. Görüşdə H.Payper fəaliyyəti barədə məlumat verib, fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Azərbaycana ilk dəfə gəldiyini deyən H.Payper ölkəmiz haqqında təəssüratını bölüşüb. Sonra sualları cavablandırıb.

-Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən cədvəlimə baxıram və burada olduqca maraqlı yerlər var, universitetdə tələbələrlə və daha sonra müxtəlif insanlarla görüşlər nəzərdə tutulub. Mən onlara necə astronavt olmağım, kosmosda nələrin baş verdiyi barədə danışacağam. Azərbaycana dünən Gürcüstandan gəlmişəm. Təşkilatçılar belə qərara gəldilər ki, biz təyyarə ilə yox, maşınla gələk. Buna görə mənim Azərbaycanın müxtəlif rayonlarını görmək imkanım oldu".

Azərbaycanı hansı ulduz və ya planetlə müqayisə edərdiz?

- Ümumiyyətlə, biz kosmosda olanda bu barədə düşünə bilmirik. Orada olan fəza fiqurları çox fərqlidir. Düzü, heç bir ölkəni kosmosda hər hansı ulduz və ya planetə oxşatmamışam.

- Qadın olaraq astronavt olmağın təməl sirləri nədir? Uğurunuzu nəyə borclusuz?

- ABŞ-da ümumiyyətlə gender bərabərliyinə üstünlük verilir. NASA-da qadın kosmonavtların sayı azdır. Buna əsas səbəb NASA-nın xüsusi şərtləridir. Texniki təhsil önəmlidir. Bundan başqa tarixdə çox az qadının kosmosa marağı olub. Artıq NASA 12 kosmonavt seçib, onların arasında qadınlar da var.

- Kosmosda olanda hansı hissləri keçirirdiniz?

- Mən təxminən 33 saat açıq kosmosda olmuşam. Bəzi eksperimentlər aparmışıq. Bizim orada elə çox vaxtımız olmayıb ki, hisslərimizi müşahidə edək. Kosmosa xüsusi avadanlıqlar quraşdırmaq üçün enirik. Çox qəribə hissdir. Yerə baxanda mavi iri şar görünür. Çox dəhşətli mənzərədir. Səmada stansiya inşa etmişik və orada insanlar yaşayır. Bu, böyük uğurdur.

-Dövlətlərin gələcəkdə Yerdə apardıqları müharibələri Kosmos üzərindən davam etdirməsi fikrinə münasibətiniz necədir?

-İlk öncə onu qeyd edim ki, NASA hərbi təlimlər üçün yaradılıb. Biz hər birimiz hərbçiyik. Lakin müharibə üçün xidmət etmirik. NASA-da hərbi geyimlərə üstünlük vermirik. Bizim özümüzə aid xüsusi rütbələrimiz var. Və biz bunu bilirik. Sözsüz ki, bəşər övladının fikirləri müxtəlifdir. Hər kəs lider, idarəçilik xüsusiyyətinə sahib olmaq istəyir. Lakin, biz ümid edirik ki, müharibələr tezliklə sona çatacaq. NASA olaraq istəmirik ki, kosmos müharibə meydanına çevrilsin. Fəza bizim üçün, öyrənmək, tədqiq etmək, araşdırma aparmaq üçün ideal mühitdir və ümid edirik ki elə də qalacaq. Hollivud filmlərində gördüyünüz "ulduz müharibəsi" olmayacaq."


- Xanım Payper açıq kosmosda işlədiyiniz vaxt ələtlər qutunuz əlinizdən çıxaraq açıq kosmosa uçdu. Olayı necə xatırlayırsınız?

- Kosmosda işləyərkən başıma belə bir iş gəldi. Lazımlı bir qutu uçdu getdi kosmosa. Hədsiz pis oldum. Bizim stol ölçüsündə qutularımız olur və həmin qutuların içinə kiçik qutular yığırıq. Hər bir qutu iri qutunun içinə qarmaq vasitəsi ilə bərkidilir. Uçan qutu bərkidilməmişdi. Qutu gedəndə düşündüm ki, qutunun arxasınca tullanıb onu tutum. Amma sonra fikrimi dəyişdim. Çünki məsələni daha da qəlizləşdirə bilərdim. Əməliyyat mərkəzi ilə əlaqə saxladım. Ehtiyat ləvazimat qutusu köməyimizə gəldi.

- Bildiyim qədərilə siz həm də peşakar dayversiniz və dəfələrlə okeanın dibində olmusunuz. Okean dibi ilə kosmosu necə müqayisə edərdiniz?

- Suyun altında da,kosmosda da xüsusi geyimdə olursan. Suyun altında gəzmək daha asandır. Kosmosda isə mütləq hardansa tutmalısan. Suyun altında suyun sıxlığı hərəkətə çətinlik törədir, amma kosmosda heç bir sıxlıq yoxdur və hərəkət daha sürətlidir. Suda ağırlıq daha çox hiss olunur, kosmosda isə ağırlığı hiss eləmirsən”.

Qeyd edək ki, Payper öz hekayəsini Azərbaycan ictimayyəti ilə bölüşəcək və xüsusilə texniki və riyazi sahələrlə məşğul olan gənc qadınlarla karyera və imkanlar barədə danışacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: NASA   Kosmos   Astronavt  





Xəbər lenti