Lavrov və Tillersondan Qarabağ mesajı: “Qərarları alqışlayırıq...”

Lavrov və Tillersondan Qarabağ mesajı: “Qərarları alqışlayırıq...”
  07 Dekabr 2017    Oxunub:2393
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında ABŞ və Rusiya rəsmiləri Dağlıq Qarabağ məsələsinə toxunublar.
AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışında Qarabağ münaqişəsinin nizamlanmasından danışıb, Rusiyanın münaqişənin bütün tərəflər üçün qəbul olunan həllinin tapılmasına dəstək göstərəcəyini vurğulayıb.

Lavrov, həmçinin münaqişənin həlli ilə bağlı prinsiplərin Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları tərəfindən elan olunduğunu diqqətə çatdırıb. Rusiya rəsmisi qeyd edib ki, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindəndir.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Minsk qrupunun səylərini dəstəkləyir.

Tillerson vurğulayıb ki, yalnız siyasi iradə ilə substantiv irəliləyişə nail olmaq mükündür: "Bu baxımdan prosesləri sürətləndirmək barədə verilən qərarları alqışlayırıq".

Qeyd edək ki, dekabrın 7-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işə başlayıb. Bu il ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun dəvəti ilə baş tutan ikigünlük toplantıda ATƏT məkanı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

AzVision.az


Teqlər: ATƏT   Lavrov   Tillerson   Qarabağ  





Xəbər lenti