Siqaret çəkənləri nə qədər cərimə gözləyir?

Siqaret çəkənləri nə qədər cərimə gözləyir?
  06 Dekabr 2017    Oxunub:5741
Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi üçüncü - yekun oxunuşda qəbul olunub. Qərara əsasən bir sıra yerlərdə siqaret çəkilməsi qadağan edilib.
Siqaret qadağasını pozan şəxslərə hansı məbləğdə cərimənin tətbiq olunacağı və qərarın kimlər tərəfindən icra olunacağı hələlik məlum deyil.

Layihənin dəstəkçilərindən olan millət vəkili Musa Quliyev AzVision.az -a bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi dövlət başçısı təsdiq etdikdən sonra qanun qüvvəyə minəcək.

Deputatın sözlərinə görə, prezident müvafiq icra hakimiyyəti orqanlarına tapşırıq verəcək ki, qanunun icrası ilə bağlı mexanizmlər hazırlansın. Bundan sonra kimin hansı işləri görəcəyi məlum olacaq.

“Cənab prezident qanun layihəsinin təsdiq edərkən nəzarətin kimə həvalə olunacağı və hansı qaydada həyata keçiriləcəyi qeyd olunacaq. Müvafiq icra hakimiyyətləri cərimələrin məbləğini və nəzarət mexanizmini hazırlayıb yenidən Milli Məclisə təqdim edəcəklər. Bundan sonra İnzibati Xətalar Məcəlləsində bu məsələlər öz əksini tapacaq. Tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasının pozulmasına qarşı hansı cərimə sanksiyalarının olacağı həmin zaman müəyyənləşəcək”.

Qeyd edək ki, qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Musa-Quliuyev   Siqaret   Qadağa  





Xəbər lenti