Azərbaycanda bu il 437 nəfər QİÇS-ə yoluxub

Azərbaycanda bu il 437 nəfər QİÇS-ə yoluxub
  01 Dekabr 2017    Oxunub:1455
Bu ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənib.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mubarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib.

O bildirib ki, həmin şəxslərdən 431-i (98,6 faizi) Azərbaycan vətəndaşı, 6 nəfəri (1.4 faizi) isə əcnəbidir: "Qeydiyyata alınan 431 Azərbaycan vətəndaşından 275-i (63,8 faizi) kişi, 156-sı (36,2 faizi) qadındır. Aşkarlananlar arasında 50 yaşdan yuxarı olanların sayı 50 nəfər təşkil edib. Ümumilikdə bu ilin dekabr ayının 1-dək mərkəzdə 5549 nəfər İİV-lə rəsmi qeydiyyatdadır. Onlardan 71, 4 faizi (3962) kişi, 28,6 faizi (1587) qadındır".

Mərkəz rəsmisi əlavə edib ki, QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfər olub: "QİÇS mərhələsində olanlar 1452 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 861 nəfərdir. İİV-lə yaşayan insanlardan 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 44,6 faizində heteroseksual, 2,5 faizində isə homoseksual kontakt nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 0,02 faizində (1 nəfər) donor qanım köçürülməsi nəticəsində baş verib. 7,3 faizində isə yoluxma yolu müəyyən edilməyib".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: HİV   QİÇS  





Xəbər lenti