Ermənistan ordusundakı cinayətlər: Əsgərlər intihar edir, zabitlər qaçır (FAKTLAR)

Ermənistan ordusundakı cinayətlər: Əsgərlər intihar edir, zabitlər qaçır (FAKTLAR)
  23 Noyabr 2017    Oxunub:4373
Ermənistan ordusunda zabitlər də qarşılıqlı münasibətləri kobud şəkildə pozur, tabeçiliklərində olan hərbi qulluqçulara qarşı fiziki güc tətbiq edir, nalayiq söyüşlərlə təhqir edirlər.
AzVision.az xəbər verir ki, bu günlərdə bölüyün gənc əsgərləri Robert Ayvazyan və Karen Hakopyan zabitlər tərəfindən məruz qaldığı təhqirlərə dözməyərək qəsdən özlərinə xəsarət yetirmiş, müqavilə əsasında xidmət edən Armen Yeğazaryan isə onu söyən zabiti döymüşdür. Tabor komandiri Robert Hambartsumyan tərəfindən döyülən əsgər isə hərbi hissənin tibb məntəqəsinə yerləşdirilmişdir. Baş verən hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

2. Ermənistanlı zabitlər xidmətdən boyun qaçırırlar

Məzuniyyətdə olan ermənistanlı zabitlər də artıq xidmət yerinə qayıtmaq istəmir və müxtəlif bəhanələrlə xidmətdən yayınmaq istəyirlər. Xəbər yayılıb ki, tabor komandirinin müavini Levon Babayan məzuniyyətdən qayıtmadığı üçün həbs edilib.

Bu arada ermənistanlı sosial şəbəkə istifadəçiləri belə bir məlumat da paylaşıblar ki, hərbi xidmətə yeni çağırılan 38 zabitdən 13 nəfəri xidmət etmək istəmədikləri üçün cəzalandırılmış və xidmət yerləri başqa hərbi hissəyə dəyişdirilib.

3. İşğalçı orduda daha 3 cinayət hadisəsi baş verib

İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən düşmən ordusunun hərbi hissələrində qarşılıqlı münasibətlərin pozulması zəmnində daha 3 cinayət hadisəsi baş verib. Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verən dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb. Xocəvənd rayonu ərazisində yerləşən hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib. Baş verən cinayət hadisələri valideyinlərdən və hüquq mühafizə orqanlarından gizlədilir.

4. Xidmətin çətinliklərinə dözməyən ermənistanlı əsgərlər özlərinə xəsarət yetirirlər

İşğalçı Ermənistan ordusunun əsgərləri xidmətin çətinliklərinə dözməyərək özlərinə xəsarət yetirirlər. Karen Arekelyan adlı hərbi qulluqçu döyüş postunda atəş açaraq öz ayağını yaralamışdır. Özünə xəsarət yetirən ermənistanlı əsgərlər Qarens Nazaryan və Samvel Sahakyan isə hospitala yerləşdiriliblər. Hadisələrlə bağlı araşdırma aparılsa da məlumatlar ictimaiyyətdən gizlədilir.

5. Erməni zabit nöqsanlardan danışdı, özünü bəlaya saldı

Düşmən ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb. “Zampolit” vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb və özünü bəlaya salıb.

Onun hazırladığı məruzədə deyilir: “Şəxsi heyət qış mövsümünə zəif hazırlıqlıdır. İsitmə şəraitləri yoxdur. Yanacaq və isti geyim ləvazimatları çatışmır.Ona görə də şəxsi heyət arasında külli xəstəlik, əsasən də pnevmaniya yayılmaqdadır. Hərbi kontingent soyuqdan donmamaq və özünü gızdırmaq məqsədi ilə əsasən spirtli içkilərdən istifadə edir ki, bu da onlar arasında nizam-intizamın zəifləməsinə və nizamnamədən kənar münasibətlərin meydana gəlməsinə səbəb olur”.

İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit ordudan tərxis olmaq üçün yollar axtarır.

6. Ermənistan ordusunda növbəti 2 cinayət hadisəsi qeydə alınıb

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində daha 2 cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var. Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.

Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

7. Ermənistanlı hərbçi həbs edilib

Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində dava baş verib. Xəsarət alanlar var. Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.

AzVision.az


Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti