Lavrovun səfəri lokal müharibə taktikasını aktuallaşdırır - ŞƏRH

Lavrovun səfəri lokal müharibə taktikasını aktuallaşdırır -
 ŞƏRH
  22 Noyabr 2017    Oxunub:4681
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfəri əvvəlki səfərlərdən heç nə ilə fərqlənmədi. Lavrovun Bakı və İrəvanda verdiyi açıqlamlar göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistana təzyiq etmək fikrində deyil. Lavrov açıq şəkildə bəyan etdi ki, münaqişə tezliklə həllini tapmaycaq.
“Bu çətin problemdir və bizim apardığımız danışıqların nəticələri göstərir ki, danışıqlar tezliklə yekunlaşmayacaq”.

Putinin Soçi görüşündə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirdiyi kimi, Rusiya Qarabağ münaqişəsinin qısa zamanda həllinə ümid etmir. Belə olan halada müharibə ehtimalı yenidən gündəmə gəlir.



Lavrovun səfərini şərh edən politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki ki, Rusiya Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticələrini nəzarəti altında saxlayır. Məhz buna görə Rusiya münaqişəyə üçüncü dövlətin müdaxiləsini qətiyyən istəmir.

“Dağlıq Qarabağ problemi ilə bağlı “dondurulmuş münaqişə” terminindən az istifadə olunur. Rusiya isə münaqişəni yenidən dondurmaq və nəzarət altında idarə edilən problemə çevrimək istəyir. Lavrovun səfərinə və verdiyi açıqlamalara bu kontekstdən yanaşmaq lazımdır”.

Q.Hüseynli hesab edir ki, Rusiya açıq-aşkar, çəkinmədən bölgədəki neoimperialist cəhdlərini həyata keçirməyə çalışır: “Rusiya münaqişənin həllinə qətiyyən maraq göstərmir. Əksinə onu daha da mürəkkəbləşdirməyə çalışır. Nəticə etibarı ilə Lavrovun Bakı və İrəvana gəlib-getməsi bir növ Azərbaycana işarə idi ki, hərbi gücünüzü artırsanızda, Rusiya bölgədə müharibəyə imkan verməyəcək. Eyni zamanda bunu da əlavə etməyi unutmurlar ki, böyük dövlətlərin heç biri bölgədə müharibə olmasını istəmir”.



Politoloq bildirdi ki, müharibəyə imkan verilməyəcək fikri o anlama gəlməməlidir ki, Azərbaycan lazım gələrsə, hərbi yolla işğal olunmuş torpaqlarını azad etməyəcək: “Bunun üçün münasib məqamı gözləmək lazımdır. Bölgədə qüvvələr nisbəti dəyişəcək və Rusiyanın təsiri zəifləyəcək. Bunun əvəzində Azərbaycan və Türkiyənin bölgədə iqtisadi, siyasi, hərbi təsiri sürətlə artacaq. Ona görə biz regionda Azərbaycanın öz torpaqlarını azad etməsi üçün daha əlverişli şəraitin yaranacağı məqamı gözləməliyik. Həmçinin, son zamanlar Azərbaycan ordusunun sınaqdan çıxardığı və uğur gətirən taktikası var. Bu lokal müharibə əməliyyatlarının həyata keçirilməsidir. Güman edirəm ki, Azərbaycan ordusu lokal müharibə taktikasından tez-tez istifadə etməyə başlayacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Lavrov   Qarabağ  





Xəbər lenti