Brüsseldə Qarabağla bağlı forum keçirilir - FOTOLAR

  20 Noyabr 2017    Oxunub : 2417
Brüsseldə Qarabağla bağlı forum keçirilir - FOTOLAR
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir.
AzVision.az xəbər verir ki, beynəlxalq Forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edirlər. Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov bildirib ki, Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. O, qeyd edib ki, qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.



Prezidentin köməkçisi bildirib ki, “soyuq müharibə”nin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. “Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır. Bu gün BMT, ATƏTAvropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər. Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏTAvropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır”.



Ə.Həsənov qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Onun sözlərinə görə, 2007-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində mühüm addımlardan biri olub: “Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri və Trans-Adriatik qaz boru Kəməri kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir. Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.



Qeyd edək ki, forumda müasir dövrdə regional və qlobal səviyyədə dövlətlərin ərazi bütövlüyünün pozulması halları, separatizmin nəticəsi olaraq meydana çıxan münaqişələr və separatizm meyllərinin qarşısının alınması yolları müzakirə ediləcək. Forum işini Avropada separatizm mövzusuna həsr edilən əsas panel iclası ilə davam etdirir. Tədbir çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca panel iclası da keçiriləcək.



AzVision.az

Teqlər: Brüsell