“Cəmil Həsənlini dəstəkləyənlər sabah ondan üz döndərəcəklər”

  20 Sentyabr 2013    Oxunub : 414
“Cəmil Həsənlini dəstəkləyənlər sabah ondan üz döndərəcəklər”
Fazil Mustafa Facebook hesabında müxalifət və zaman haqqında düşüncələrini paylaşıb.
Zamanı tələsdirənlər

Məndən son vaxtlar tez-tez soruşulur: “Siz Milli Şuranı dəstəkləyəcəksinizmi?” Cavabım çox sadə olur: “Mən müxalifəti dəstəkləyəcəyəm”.

Pəki, Milli Şura müxalifət deyilmi? Xeyr, Milli Şura mənim üçün Siyasiləşmiş Narazılardır. Məncə, ilk olaraq Azərbaycan cəmiyyətində Siyasi Narazılarla Siyasi Müxalifətin sərhədlərini dəqiq müəyyənləşdirmək lazım. Milli Şura kodu altında birləşən insanlar təkcə hakimiyyətdən narazı deyillər, hakimiyyət adına çəkilən yoldan da, körpüdən də narazıdırlar. Onlar hakimiyyətin tanıdığı qəhrəmandan da narazıdırlar. İqtidarın təqaüd verdiyi, ev verdiyi idmançıdan, aktyordan, müğənnidən də narazıdırlar. Onlar hakimiyyətin bütün qurumlarından, nazirlərdən, məmurlardan da narazıdırlar. Onlar başqa cür düşünən hər kəsdən narazıdırlar. Və nəhayət, məndən də narazıdırlar.

Vaxtilə özləri ilə yaxınlıqdan uzaqlaşmağım üçün əllərindən gələn hər şeyi etdilər, indi də iqtidara yaxınlığımı iddia edib narazı qalıblar. 20 ildir bu narazılıqla bir təsirli mexanizm olaraq siyasi müxalifət ola bilmədilər. Əslində illərdir müxalifətçilik funksiyasını yerinə yetirən bir-iki qəzetin arxasından sadəcə boy göstərdilər. Və hakimiyyət texnoloqlarının açıq-aşkar öz zərərlərinə tərtib etdikləri “butulkaatan maşın” seçki modelini görəndən sonra aradabir dönüb mənə “Bəy, yaxşı ki, sən bu kampaniyanın içində deyilsən” - deyə təşəkkür də edirlər.

Elə buradan da başlamaq istərdim: Mən nə vaxt hansısa kampaniyanın içində oldum? Mən nə vaxt vicdansız mövqe sərgilədim? Sadəcə illərin təbliğatı onun üstündə quruldu və elə bir dönüş yaradıldı ki, sanki biz kimlərəsə dönük çıxdıq. Halbuki dünən Elçıbəyin üzünə duranlar ölümündən sonra o qədər dərin Elçibəy yolçuları oldular ki, bizlər bu mövzuda həya hissi ilə arxa planda durmağa başladıq. Bu adamlar anlamadılar ki, siyasi mübarizə yolunda dünən də, bu gün də biz öz sözümüz, öz yazımız, öz xarakterimizlə meydanda olduq və olacağıq da. Biz kütlənin istədiyini, narazıların arzuladıqlarını deyil, vətəndaşımızın gələcəyi üçün faydalı və doğru olanı öz siyasi düşüncəmizin ana xəttinə yerləşdirdik. Eyni zamanda siyasi müxalifətçiliyi iqtidarla amansız düşmənçilik və proqramsız narazılıq kimi bəsit bir qavram olmaqdan çıxarmağa çalışdıq.

Siyasi müxalifət bir sistemin içində öz yerini qanunvericiliklə sabitləşdirmiş, cəmiyyət həyatına əhəmiyyətli dərəcədə təsir edən, iqtidarı nəyisə etməkdən və ya etməməkdən çəkindirən bir institutdur. Bu günün Azərbaycanında siyasi narazılar şəbəkəsindən olan hansı qüvvə nəyisə etməkdən və ya etməməkdən iqtidarı çəkindirə bilir ki? Məsələnin sadə izahı bu. Bu gün siyasi müxalifət olaraq rəsmiyyət qazanmağa cəhd edən bizlərik. Qanunvericilikdə bu tanıtımı tələb edirik, Milli Məclisdə bu tanıtımı tələb edirik. İqtidarın yaratdığı qurumları inkar etmirik, ancaq boğazımız yorulanadək islahatlar aparmağa çağırırıq. Bütün sahələrə aid problemləri inandırıcı, düşündürücü üslubda ortaya qoyuruq. Anlayırıq ki, nəticə yoxdur, ancaq dünyanın sonu deyil axı. Zamanı tələsdirməklə olmur, yetişməyən meyvə onsuz da yetişməyəcək.

Bu günün siyasi müxalifət adına iddia edən siyasi narazılar üçün ümumi şəkildə “xalq” və ya “millət” termini var, ayrıca “insan marağı” deyilən anlayış yoxdur. Ona görə də ayrı-ayrı fərdlərin gündəlik yaşamdan narazılığını özlərinin siyasi narazılığı ilə hələ də uzlaşdıra bilmirlər.

Baxın, Milli Şuranın qısa fasilələrlə iki namizədi oldu: Rüstəm İbrahimbəyov və Cəmil Həsənli. İkisi də cəmiyyətdə öz gördüyü işlərlə yetərincə nüfuz qazanmış şəxslərdir. İlk olaraq istedadlı kinossenarist Rüstəm İbrahimbəyov göydən zənbillə gəlib özünün təşəbbüskar olduğu bir qurumun başına oturduldu və hətta sənədləri ilə tanış olmadan dərhal namizəd seçildi. Rüstəm İbrahimbəyov bu günə qədər Heydər Əliyevİlham Əliyevin elitar komandasının içində kifayət qədər geniş imtiyaz sahibi idi və hansısa dissident görüşləri ilə fərqlənmirdi. Hansı hərəkatçıdan, radikal inqilabçıdan soruşsaydın, Ziyalılar Forumu yaranana qədər onu da “satılmış ziyalılar” içində, hakimiyyət adamı kimi xarakterizə edərdi. Artıq Rüstəm İbrahimbəyov öz düşündüyünü deyil də, onların istədiyini deyən kimi sənədlərinə belə baxmadan öz liderləri seçdilər. İqtidar isə Cəmil müəllimin bütün sənədlərini araşdırdı. Demək ki, romantizm sənəd tələb etmir və nəticədə bir ildən artıq davam gətirmir, realizm isə sənədlərə diqqətlə baxır və 20 ildən artıq bir dövrdə ayaqda qalır. Bax, bunu öyrənə bilmədik və deyəsən, heç bilməyəcəyik də...

Cəmil Həsənli ilə normal, səmimi münasibətimiz var. Baxmayaraq ki, Elçibəyin son dönəmlərində Xalq Cəbhəsində ona qarşı olan iqtidarla gizli işbirlikçi cinahda yer aldı, ancaq bütün hallarda bu səviyyəli insan münasibətlərini qoruduq. Cəmil müəllim Milli Məclisə seçildi, hakimiyyətlə də çox isti münasibətləri oldu. Hakimiyyət də bir ziyalı olaraq onunla hər zaman səviyyəli davrandı. Eynilə bizim kimi iki dəfə ard-arda Milli Məclisə seçilməsinə maneçilik yaratmadı. Dəyərli əsərlərini də yazmağa davam etdi. 2005-ci ildə Xalq Cəbhəsi rəhbərliyi Milli Məclisi boykot etmə qərarı verərkən də praqmatik davranış ortaya qoydu və bitərəf olaraq Milli Məclisdə insanların problemlərin gündəmə gətirməyə davam etdi. Bütün hallarda mən Cəmil müəllimin parlament fəaliyyətini yüksək qiymətləndirirəm və çıxışları da kifayət qədər ciddi qarşılanırdı. 2010-cu ildə onun Milli Məclisdə olmamasına təəssüflənənlərdən də biri olduğumu heç vaxt gizlətmirəm.

Maraqlıdır ki, öz sözünü deyən, öz mövqeyini ortaya qoyan Cəmil müəllim o zaman bütün müxalifət formatlarında kənara qoyuldu. Səbəb bir idi: “Bizim istədiyimizi söyləmədiyin, bizim istədiyimiz yerdə olmadığın müddətdə dəyər verməyəcəyik”.

Bunu əminliklə söyləyirəm: bu gün Cəmil Həsənlini dəstəkləyən elektoral baza həm də sabah müstəqil mövqeyinə görə onu söyəcək, ondan üz döndərəcək elektoral bazadır. Vaxtilə Nemət Pənahlıya mitinqdə söyləmək üçün verdiyim şerin misrasını indi Cəmil müəllimin dilindən eşidirəm: “Millət yoludur, haqq yoludur tutduğumuz yol...” Başqa bir yol da yoxdur. Bu şerlə başlayıb hər şeyi Azadlıq meydanında göz yaşları ilə bitirməkdən başqa üfüqdə yol görünmür.

Məncə, kimsə bu hakimiyyətin iddia etdiyi diktaturasını sındırmazdan öncə kütlənin diktaturasını sındıraraq ölkədə mübarizə üslubunu dəyişmək üçün fədakarlıq etməliydi. Bunu Azərbaycan insanının dilini yaxşı bilməyən Rüstəm İbrahimbəyovdan daha çox Cəmil Həsənli bacara bilərdi. Cəmiyyətlə açıq danışılmalıydı ki, Azərbaycanda hakimiyyətə gəlmək təkcə güclü iç dəstəklə bağlı deyil, həm də güclü xaricə dəstəklə bağlı məsələdir və bizlər hər ikisindən məhrumuq. Və yaxşı ki, xarici dəstəkdən məhrumuq, çünki bunun nəyə başa gələcəyini Rusiya və ABŞ bizlərə Qarabağ məsələsinə münasibətlərində şəffaf şəkildə illər boyudur izah edirlər. Ona görə də bu insanları hissi davranışla nəticəsiz qarşıdurmaya yönləndirmək yerinə hakimiyyəti islahatlara təşviq edəcək bir taktika seçilməliydi. Bunları yaşadığımıza görə hadisələrin gedişini indidən proqnozlaşdırmaqda çətinlik çəkmirik.

2001-ci ildə ikinci dəfə hərbi xidmətə göndəriləndə arxa planda nəzərdə tutulan iki səbəb vardı. Birincisi, sərt yazılarla və hədəfə dəyən mövqelərlə hakimiyyətlə barışmaz münasibət onları bizimlə bağlı qərar verməyə məcbur edirdi. İkincisi isə sonradan aldığım bilgilər doğrultusunda, o zaman hakimiyyətlə işbirliyi içində olan, bu gün isə guya xalqla işbirliyində olan məlum müxalifət öncüllərinin iqtidar sahibindən şəxsi xahişi əsas səbəb idi. Yəni “bu adam Xalq Cəbhəsində iqtidarın planlaşdırdığı bütün işlərə maneçilik törədir” gileyi ilə mənim siyasətdən uzaqlaşdırılmağım aksiyasını gerçəkləşdirdilər.

Olsun, bu, bizi yıldırmadı, xidmət müddətimizi ləyaqətlə, nöqsansız, döyüş bölgəsinin ağır şərtlərində başa vurub geri döndük. Bu zaman mən uğrunda mübarizə apardığım cəmiyyət haqqında daha realist düşüncə sahibi oldum. Məni tanıyan çoxlu sayda sadə insanlarla qarşılaşanda verdikləri ilk sual bu olurdu: “Səni nəyə görə əsgərliyə göndərdilər?”

Bu sual mənə anlatdı ki, bizim uzun illərdir apardığımız mübarizənin mahiyyəti xalqın alt qatlarında demək olar ki, yetərincə anlaşılmayıb. Ona görə də bizlər qapandığımız dairədən çıxıb doğru istiqamətdə, xalqın rifahı üçün və mütləq Allah rizasını qazanmaq üçün imkan və bacarığımızı ortaya qoymalıyıq. Və dönüşdən sonra anladım ki, mənə verilən dəyər hər zaman onların bütə çevirdiyi liderləri dəstəkləyəcəyim müddətə qədərdir. Ona görə də köhnə partiya və hərəkat dostlarımla halallaşaraq Azərbaycan siyasətində öz gücümə və imkanlarıma uyğun bir yolu izləməyi qərarlaşdırdım.

Artıq mənim üçün iqtidar və ya müxalifət anlayışı çox az əhəmiyyət daşımaqda. Bir məsələyə ədalətli yanaşma var, ədalətsiz baxış var. Doğru mühakimə var, yanlış mühakimə var. Dünya siyasətinə realist baxış var, romantik baxış var. Xalq üçün çalışmaq görüntüsü, imitasiyası var, Allah rizası üçün xalqın tərəqqisinə çalışmaq var. İmanlı, imansız insan diferensiasiyası var. Həm də 9 milyon müştərək hədəfsiz insan cəmiyyətini ayaqda tutmalı olan, dünya siyasətində hər an pay bölgüsündə böyük güclər tərəfindən udula bilən, öz sərvətinin böyük hissəsini BP ilə, ABŞ-la, Rusiya ilə qeyri-bərabər paylaşmaq müqabilində müstəqilliyini qoruya bilən bir dövlət var ortada. Bunun cəmiyyət üçün güclü görünən iqtidarı nə dünya üçün, nə də qaba formada 20 ildir torpağını işğal altında saxlayan erməni üçün böyük güc sayılmaz. Odur ki, bu iqtidar-müxalifət savaşını amansız məcraya, ölüm-dirim havasına soxmaq yanlışdır.

Bir də elə bir taleyinə laqeyd cəmiyyət var ki, bunun iman dəyərlərindən tutmuş, tarix şüuruna qədər kökündən dəyişmədikcə, mütərəqqi heç bir layihə, demokratik bir islahat aparmaq mümkünsüz kimi görünür. Bu reallığı görəndən sonra bu ölkənin nə zəngin iqtidarının, nə də onu əvəzləməyi arzulayan siyasiləşmiş yoxsul narazılarının əslində islahat barədə düşünmədiyi, ancaq günü xilas etmə təmayülündə olduğunu anladım.

Biz ona görə siyasi fəaliyyətdən kənar həm də kitablarla, məqalələrlə, yazılarla mövqelər bildiririk ki, mənim, sənin fanatın olan, məni, səni bütə çevirən insanın deyil, sağlam mühakiməsi olan, real dünyanın şərtlərini anlayan, təlatümsüz, qarışıqlıqsız, tədrici islahat istəyən bir təbəqənin formalaşmasına yardım edək. Bu təbəqəni əhəmiyyətli bir gücə çevirək. Yenə də bu görüşümdə israrlıyam ki, müharibənin sındırdığı, ədalətsizliyin çökdürdüyü Azərbaycan cəmiyyətinin çoxluğu nə qədər narazı olsa da, yenə də içlərində sabitliyi ən vacib şərt sayır. Demokratiyanı şüar olaraq deyil, səmimi yaşam tərzi olaraq istəyən, arzulayan çox az sayda insan var. Demokratiya uğrunda mübarizə aparanların sayı da bu nisbətdə xeyli aşağıdır. Qüvvələr nisbəti çox-çox fərqli olanda, az qüvvə ilə zamanı tələsdirənlər daha çox geriləyəcəklər.

Sonda bir epizodu xatırladım. 1992-ci ilin mart ayında Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi üçün Ali Məclisin sessiyası keçirilirdi. Gənc idim, Elçibəyin müşaviri kimi söz aldım və onun namizədliyinin irəli sürülməsinin əleyhinə öz arqumentlərimi səsləndirdim. İzah etdim ki, bizim strukturlar hakimiyyətə hazır deyil, hadisələri tələsdirməyək. Amma gördüm ki, böyük çoxluq bu çıxışı mənim gəncliyimə bağışladı və zamanı tələsdirmək üçün növbəyə durdular. Anlamadılar ki, biz Zamanı deyil, Zaman bizi idarə edir. Və Zaman bizə bir illik hakimiyyətdən sonra 20 ildir tələsməmək dərsi keçdi. Sonrası nə oldu?

Hələ də tələsirik. Görəsən, bu dəfə də məni qocalığıma bağışlayan olacaqmı?

Teqlər: