Məşhur 88-ci maddə

Məşhur 88-ci maddə
  20 Sentyabr 2013    Oxunub:2127
Moderatorun tez-tez xatırlatmaq məcburiyyətində qaldığı 88-ci maddədə nədən bəhs olunur?

İctimai Televiziyada prezidentliyə namizədlərin dünənki debatında qarşıdurma yarandı. Belə ki, Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə Milli Şuranın namizədi Cəmil Həsənli arasında söz savaşı butulka savaşına çevrildi və artıq məsələ getdikcə böyüdü. Dəyirmi masa zamanı isə debatın moderatoru sui-istifadə hallarının qarşısını almaq üçün Seçki Məcəlləsinin 88-ci maddəsini namizədlərə xatırlatmaq məcburiyyətində qalırdı.

Bəs bu 88-ci maddədə nələr var? Sui-istifadə deyərkən nələr başa düşülür? AzVision.az məcəlləsinin həmin maddəsini oxuculara təqdim edir:

Maddə 88. Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi

88.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramlarında (referendumqabağı çağırışlarında), yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir.

88.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.

88.3. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır.

88.4. Seçkiqabağı təşviqatda bilavasitə yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:

88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);

88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;

88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;

88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;

88.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.

88.5. Seçki (referendum) kampaniyasının gedişində qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri və rəhbər orqanlarının üzvləri, referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri və ya həmin qrupların səlahiyyətli nümayəndələri göstərilən şəxslər və təşkilatlar olan hüquqi şəxslərin kommersiya və digər fəaliyyətinin reklamı (o şərtlə ki, həmin reklam namizədlə və ya siyasi partiya ilə əlaqələri aydın şəkildə ortaya çıxarır) bu Məcəllənin 81-ci və 84-cü maddələri ilə nəzərdə tutulmuş əsaslarla yalnız müvafiq seçki (referendum) fondu hesabına həyata keçirilə bilər. Səsvermənin başlanmasına 24 saat qalmış belə reklam dayandırılmalıdır.

88.6. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarının teleradio proqramları və dövri nəşrlərin redaksiyaları seçki (referendum) kampaniyasında iştirak edərək, qeydə alınmış namizədə seçkiqabağı təşviqat başa çatanadək, ləyaqətini və şərəfini müdafiə etmək və ya qeyri-obyektiv məlumatları seçki kampaniyası zamanı təkzib etmək imkanını təmin etmirsə, namizədin ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə müdafiə etmək imkanının verilməməsi teleradio verilişləri təşkilatlarını, dövri nəşrlərin redaksiyalarını və onların vəzifəli şəxslərini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb etmək üçün əsas ola bilər.

88.7. Qeydə alınmış namizəd, referendum üzrə təşviqat qrupu bu Məcəllənin 88.1-88.3-cü maddələrinin tələblərini pozduqda, müvafiq seçki komissiyası hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın aparılmasının bu Məcəllə ilə müəyyənləşdirilmiş digər qaydalarını pozduqda müvafiq seçki komissiyası təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür. Seçki komissiyasının müvafiq qərarı kütləvi informasiya vasitələrində dərc olunur.

88.8. Bu Məcəllədə müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarının teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları pozduqda müvafiq seçki komissiyası nəzdindəki Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada jurnalistlərdən ibarət mətbuat qrupunun təşəbbüsü ilə qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatlarının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq-mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir.

Sevinc


Teqlər:  





Xəbər lenti