Hafiz Hacıyev: “Cəmil Həsənli mənim müşavirim ola bilər”

Hafiz Hacıyev: “Cəmil Həsənli mənim müşavirim ola bilər”
  20 Sentyabr 2013    Oxunub:1441
“Bəxtiyar Hacıyevə gəlincə isə o, ruhi xəstədir, ona fikir verməyin. Atasına da demişəm, bəlkə gələn ay onu İrana göndərdim ki, orada müalicə alsın”
“Cəmil Həsənlidən üzr istəmək fikrim yoxdur. Mən niyə ondan üzr istəməliyəm? O, erməni mətbuatında gedən yazıları üzə çıxardıb. Lazım gəlsə, məcbur edəcəm o özü məndən üzr istəyəcək”. Bu fikirləri AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasnın sədri Hafiz Hacıyev İctimai Televiziyada prezidentliyə namizədlərin teledebatında Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə arasnda yaranan qalmaqala münasibət bildirərkən deyib.

Partiya sədri vurğulayıb ki, opponentinə butulka atmaqdan peşman deyil: “Onun orada dediyi sözlərə qarşı butulka atmaq yox, nə etsən azdır. Görünür ki, o, yaşlanıb, ağlı gedib. Sabahkı debatda da Cəmil Həsənli belə fikirlər səsləndirsə, erməni mətbuatının yaydığı materialları nümayiş etdirsə, aramızda yenə nəsə ola bilər”.

H.Hacıyev onun namizədliyinin ləğvi ilə bağlı bağlı MSK-ya müraciət və imzatoplama kampaniyası ilə bağlı da fikirlərini bildirib: “Mərkəzi Seçki Komissiyasında bizim qeydiyyatımızı ləğv etməzlər. Cəmil Həsənli etikasızlıq etdi, buna dözə bilmədim,mən də ona cavab verdim. Bizə qarşı hücuma keçən Cəmil Həsənli ilə eyni dövrdə hakimiyyətdə olmuşuq. Mən cəbhənin ən fəal üzvlərindən olmuşam və əminəm ki, cəbhəçilər də mənə səs verəcək. Amma Cəmil Həsənlinin öyrədilib ora göndərilməsinə yol verə bilməzdim. Bəxtiyar Hacıyevə gəlincə isə o, ruhi xəstədir, ona fikir verməyin. Atasına da demişəm, bəlkə gələn ay onu İrana göndərdim ki, orada müalicə alsın”.

Əkrəm Əylisli ilə bağlı başladılan kampaniyanın Cəmil Həsənli ilə bağlı da yaradılacağına gəlincə isə prezidentliyə namizəd bildirib ki, seçki ərəfəsində olduğundan firkini dağıtmaq istəmir: “Biz ona nə terror edəsiyik, nə də onunla ədavətimiz var. Bunlar niyə mənim prezident olmağımı qəbul edə bilmir? Cəmilin özünə də demişəm ki, özünü yaxşı aparsa, prezident olanda onu rektor da təyin edə bilərəm. Yaxud da mənim müşavirim ola bilər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti