“Vətən xainləri”nin xanımları: Stalin düşərgəsində cəza çəkən qadınlarımız – SİYAHI (FOTOLAR)

“Vətən xainləri”nin xanımları: Stalin düşərgəsində cəza çəkən qadınlarımız – SİYAHI (FOTOLAR)
  06 Noyabr 2017    Oxunub:43735
1937-1953-cü illərdə Qazaxıstanın Akmol kəndinin ərazisində ALJİR adlanan dəhşətli bir yer vardı. Bu abbreviatura rus dilindəki “Акмолинский лагерь жён изменников Родины” sözlərinin baş hərflərindən yaranmışdı. SSRİ-də o dövrün ən ağır ittihamlarından biri - Cinayət Məcəlləsinin 58-ci maddəsi olan “vətənə xəyanət”də günahlandırılan şəxslərin həyat yoldaşları, bacıları, anaları bu düşərgədə saxlanılırdılar. Bu düşərgədə 18.000 qadın məhbus həyatı yaşayıb ki, onların arasında 44 azərbaycanlı xanım da olub.
“Vətən xainləri”nin qadın qohumları bura aldadadaraq və doğmaları ilə görüşəcəkləri vəd edilərək gətirilirdilər. Buna görə bir çoxları təmtəraqlı geyimdə gəlirdi. Həmin düşərgədə dünya şöhrətli balerina Maya Plisetskayanın anası - Rəhimə Plisetskaya, eləcə də bir çox məşhur şairə və aktrisalar olub. Qadınların məruz qaldıqları işgəncələr insanlığa sığışmırdı. Bir çoxları ağıllarını itirir və ya intihar edirdilər. İncə, zərif xanımlar buz kimi şaxtalı Qazaxıstan çölündə qul kimi işləməyə məcbur edilirdilər.



Onların yatmağa nə yorğanları, nə də döşəkləri olub. Quru saman üzərində gecələyirdilər. Bataqlıqlardan tapdıqları qamışları yandıraraq isinirdilər, aclıq, sussuzluqla mübarizə aparırdılar. Yaxınları, övladları və həyat yoldaşlarının vəhşicəsinə öldürməsini hiss edərək ağrı, işgənclərlə gözlərini əbədi həyata yumurdular.

Bəzi qadınlar gördükləri dəhşətli hadisələrin təsirindən dəli olurdular. Hər gün ailə üzvlərinin adını sayıqlayıraq, özlərinə qəsd edib, həyatları ilə vidalaşırdılar. Körpə övladlarını evdə təkbaşına qoyub gələn anaların gecə çəkdikləri ah-nalə, fəryad səsləri düşəgənin ətrafına yayılardı.



Orada azərbaycanlılar da cəza çəkib. Keçmiş düşərgənin ərazisində Azərbaycan xalqının orada verilən qurbanları heç zaman unutmayacağı yazılan xatirə lövhəsi var.

Bu gün ALJİR muzey kimi fəaliyyət göstərir. Muzeyə girişdə 2007-ci ildə Nursultan Nazarbayev tərəfindən açılan "Qəm alaqapısı" yerləşir. Nazarbayev 1993-cü ildə həmin düşərgənin bütün qurbanlarına bəraət verilməsinə dair fərman imzalayıb. “ALJİR” muzeyində həmin illərdən qalmış istintaq təçridxanasının qapısı, qadınların aldadılaraq evdən çıxarkən son dəfə geyindikləri təzə, bərli-bəzəkli paltarları, ayaqqabıları, uşaqların analarına, anaların ailələrinə məktubları, düşərgədə işlədilən əmək alətləri, tikiş maşını, istintaq otaqları, otaqlardakı istintaqçılarin maketi və s. var.



Muzeyin ətrafında qara mərmər lövhələrdə orada çəza çəkən 62 millətin nümayəndəsindən olan 7 min qadının adı həkk olunub. Qadınları ora gətirən taxta vaqonlardan biri də o illərin və dəhşətlərin şahididir.

Muzeyin əməkdaşı Şolpan Smayilova müsahibələrinin birində deyirdi ki, 2007-ci ildə muzey tikməyə başlayarkən əraziyə gətirilən texnikalar sınıb sıradan çıxır, tikilən divarlar uçurmuş. Qəsəbənin yaxınlığında yaşayan bir nəfər ağsaqqal məsləhət görür ki, orada ölənlərin ruhuna dualar oxunmalı və qurban kəsilərək, ehsan verilməlidir. Yalnız bu ayinlər yerinə yetirildikidən sonra tikintinı başlamaq mümkün olur.

AzVision.az-ın əməkdaşı ALJİR məhbusu olan 44 azərbaycanlı qadının həyatı, doğmaları ilə bağlı faktları toplayıb. ALJİR məhbusları olan xanımların əksəriyyəti bu yaxınlarda 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ailə üzvləridir...
Kimdir onlar?


- Abdullayeva Mirnuriyyə İbrahimovna - 1909-cu ildə, Göyçay şəhərində dünyaya göz açıb. ÇSİR (VXAÜ) (vətən xainlərinin ailə üzvləri) 09.12.1937-ci ildə ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM (İslah Əmək Düşərgəsinə) göndərilməklə həbs olunub. Akmola düşərgəsinə Bakıının Bayıl türməsindən gətirilib. 24.10-1945-ci ildə azad olunub.



- Əliyeva Kənizə İmaməli qızı - 1920-ci ildə Bakı şəhərində doğulub. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 29.05.1938-ci il ildə ÇSİR (VXAÜ) 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Seqejalqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib. 13.04.1946-cı ildə azad olub.

Onun 11 yaşında Oqtay adlı oğlu varmış. Həyat yoldaşı Əliyev Niyaz Muxtar oğlu 1904-cü ildə Bakının Corat kəndində doğulub. 1931-1932-ci illərdə Qubadlı rayon partiya komitəsinə rəhbərlik edib. 15 fevral 1937-ci ildə əksinqilabi fəaliyyətinə görə həbs edilmişdi. Özü 13 aprel 1938-ci il tarixdə “vətən xaininin həyat yoldaşı” kimi həbs edilmiş, XDİK-nin 29 may 1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsındə çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 26 oktyabr 1979-cu il tarixdə Azərbaycan SSR Ali Məhkəmənin və cinayət işləri üzrə Məhkəmə Kollegiyasının qərarına əsasən bəraət alıb.



- Əliyeva Məyruhə Süleyman qızı - 1909-cu ildə Quba şəhərində doğulub. SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi əsasında 02.02.1938-ci ildə Bakıdan Akmola Xüsusui Düşərgəsinə gətirilib. ÇSİR (VXAÜ) olaraq 8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də 20.03.1939-cu ilə qədər çəza çəkib. Həmin tarixdə ölüb.

O, dünyasını dəyişəndə 6 yaşlı Elmira adlı qızı var idi. Həyat yoldaşı Əliyev Hacı Əli oğlu 17 avqust 1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmişdi. Özü isə 1937-ci il tarixdə SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən tutulub. 25 avqust 1956-cı il tarixdə SSR Ali Məhkəməsinin Hərbi Kollegiyanın qərarına əsasən bəraət alıb.



- Əmrahova Gülruh Bala qızı -1905-cı ildə Bakıda, Balaxanı kəndində doğulub. Tutularkən oğlanları Əmrah - 14 yaş, Tofiq - 8 yaş, qızları Mayruh - 12 yaş, Rəfiqə - 10 yaş, Zoya - 3 yaşında idi.

Həyat yoldaşı Əmrahov Müslüm Rza oğlu 29.05.1937-ci il tarixdə “əksinqilabi millətçi təşkilatının fəal iştirakçısı olduğuna görə” həbs edilib.

Əmrahova Gülruh Bala qızı SSR MİK-in 04.12.1934-cü il tarixli qərarına əsaslanaraq 26.11.1937-ci il tarixdə həbs edilmiş, XDİK Xüsusi Müşavirəsinin 26.11.1938-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 04.04.1956-cı il tarixli qərarına əsasən Əmrahova Gülruh Bala qızına bəraət verilib.



-Bayramova Ceyran Şirin qızı - 1896-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar gimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əksinqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs olunub, 1937-ci il 31 iyul tarixdə güllələnməyə məhkum edilib. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova “Vətən xaini” nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan mərhum edilib və Qazaxıstanın Akmola həbs düşərgəsinə göndərilib. Həbs edilərkən ailə belə olub: oğlu Bayramov Əli - 13 yaş, Bayramov Fərid - 11 yaş, Bayra¬mov Aydın - 9 yaş, qızı Bayramova Nazilə - 3 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. 08.09.1945-ci ildə azad olub. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilib.Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılıb. 2 dəfə Lenin ordeni, Oktyabr İngilabı ordeni ilə təltif edilib.



- Baratzadə-Bədəlova Leyla Əli qızı - 1912-ci ildə Gəncə şəhərində doğulub. Ailə tərkibi: oğlu Çingiz - 5 yaşında. Həyat yoldaşı Bədəlov Əbülfəz Məmməd oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən 30.12.1937-ci il tarixdə əksinqilabi millətçi trotskiçi-terrorçu və üsyançı təşkilatın üzvü olduğuna görə güllələnməyə məhkum edilib.

Baratzadə-Bədəlova Leyla Əli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. ALJİR-də yaşadığı müddət göstərilməyib. Seqejlaqadan Karlaqa 20.08.1942-ci ildə gətirilib. 26.11.1942-ci ildə azad olub. Zaqavqaziya Hərbi Tribunalı Hərbi Dairəsinin 13.12.1955-ci il tarixli rəyinə əsasən Baratzadə-Bədəlova Leyla Əli qızına bəraət verilib.

-Biləndərlı Sayad Qasım qızı - 1912-ci ildə Qazax şəhərində anadan olub, Bakı şəhəri, keçmiş Kolodeznaya 19 ünvanında yaşayıb. Ailə tərkibi: qızları Zoya -1931-ci, Zərifə-1934-cü ildə dünyaya gəliblər.



Onun həyat yoldaşı Hüseynəli Süleyman oğlu Biləndərli (1905-1937) – Partiya Tarixi İnstitunun baş elmi işçisi, ADU-nun tarix müəllimi olub. an H.Biləndərli 1937-ci il yanvarın 26-da Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 1937-ci il yanvarın 31-də H.Biləndərli “əksinqilabi trotskiçi, müsavatçı və xalq düşməni kimi” Partiyanın sıralarından çıxarılıb.

1937-ci il oktyabrın 11-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclası keçirilib. Saat 13.40-da başlamış iclas 13.55-də başa çatıb. Güllələnmə dərhal yerinə yetirilib. İstintaq işinin içərisində olan materiallardan aydın olur ki, H.Biləndərlinin həbsi üçün əsas ayrı-ayrı ziyalılardan işgəncə verilməklə alınmış ifadələr olub.

Biləndərli Sayad Qasım qızı vətən xaininin həyat yoldaşı ki¬mi, SSRİ XDİK Xüsusi Müşavirənin 15.09.1937-ci il tarixli qərarına əsasən tutulub, Azərbaycan SSR CM 72, 73 maddələrilə təqsirli bilinərək, 09.12.1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Akmol Xüsusi düşərgəsinə 02.02.1938-ci ildə Bakıdan gətirilib. 15.10.1945-ci ildə azad olunub.Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 11.06.1956-cı il tarixli rəyinə əsasən Biləndərli Sayat Qasım qızına bəraət verilib.



-Vəzirova İzzət İzmailovna - 1903-cü ildə Tiflisdə doğulub. Kiçik məmur ailəsində anadan olan İ.Vəzirova erkən yaşlarında atasını itirib, sonra anası ilə birlikdə Qazax qəzasına köçüb. 1920-ci ildə Vəzirov Qamboy Məmməd oğlu ilə ailə qurub.

Diviziya komandiri Q.Vəzirov 1937-ci ilin iyul ayının 27-də həbs edilib və həmin ilin oktyabr ayının 13-də əksinqilabi-millətçi təşkilatın üzvü kimi güllələnib.

-İzzət xanım Vəzirova - 1937-ci il oktyabrın 5-də həbs olunub. Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələrinə əsasən ittiham edilib. İlk dindirmədən sonra istintağın başa çatması bildirilib və onun haqqında ittihamnamə hazırlanıb. SSRİ XDİK yanında Xüsusi Müşavirənin 9 dekabr 1937-ci il qərarına əsasən Vəzirova İzzət İsmayıl qızı vətən xaininin həyat yoldaşı kimi müqəssir hesab edilərək, 8 il müddətinə azadlıqdan mərhum edilib.

İzzət xanımın sürgün həyatı Qazaxstanın Akmola şəhərində keçib. 1944-cü ildə həbsdən azad olunaraq Bakıya qayıdıb. Lakin məcburiyyət qarşısında qalıb Bakıda deyil, Şamaxıda yaşamalı olub. İzzət xanım Vəzirova uzun müddət ərinin və özünün bəraəti ilə bağlı mübarizə aparıb. Məhz onun təkrar-təkrar müraciətlərindən sonra Vəzirov Qamboy Məmməd oğlunun istintaq işinə yenidən baxılıb və cinayət tərkibi olmadığına görə 28 iyul 1956-cı ildə bəraət verilib. İzzət xanım Vəzirovaya isə 4 oktyabr 1956-cı ildə bəraət verilib.



Tarixçi Şəmistan Nəzirli 33 yaşında general rütbəsi alan və 38-ci ildə həbs edilərək, güllənən general-mayor QambayVəzirov haqqında yazır: “1937-ci il oktyabrın on üçündə 77-ci Azərbaycan diviziyasının komandiri, general-mayor Qambay Vəzirovu güllələdilər. Bu güllə təkcə Qambaya yox, Azərbaycanın hərb tarixinə dəydi. Onun şəxsində biz Azərbaycanın ən yaxşı sərkərdələrindən birini itirdik. Deyirlər, məşhur generalımız Əliağa Şıxlinski onun güllələnmək xəbərini eşidəndə qırx gün yas saxlayıb və niyə bikef olduğunu soruşanlara “oğlum Qambay güllələnib, belim qırılıb” - cavabını verirmiş. General-mayor Qambay Vəzirov həbs ediləndən sonra Azərbaycan diviziyasında qadınlar şurasının sədri işləyən həyat yoldaşı İzzət xanım Qiyasbəyli - Vəzirova və yeganə övladı Yavuz da həbs edilib, Qazaxıstana sürgün olunurlar”.

Qambayın yeganə oğlu Yavuz Vəzirov sürgündə olanda Stalinə məktub yazır ki, atam “xalq düşməni” kimi güllələnib. Mən bir sovet gənci kimi atamın günahını yumağa hazıram. İcazə verin, Vətənimizin bu ağır günündə torpağımızın azadlığı uğrunda cəbhələrdə mən də vuruşum... Cəza batalyonunda döyüşən Yavuz Vəzirov iyirmi iki yaşında, 1942-ci ildə Stalinqrad yaxınlığında qəhrəmanlıqla həlak olub. 1956-cı il iyulun iyirmi səkkizində SSRİ Ali Məhkəməsinin hərbi Kollegiyasının qərarı ilə ölümündən sonra 77-ci Azərbaycan diviziyasının komandiri general-mayor Qambay Məmməd oğlu Vəzirova bəraət verilib.

- Həmzəyeva Həvva Bəyim qızı- 1991-ci ildə Gəncə şəhərində anadan olub. Ailə tərkibi: oğlu Oqtay - 3 yaşında. Həyat yoldaşı Həmzəyev Mircavad Mirtağı oğlu 04.07.1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilib. Həmzəyeva Həvva Bəyim qızı vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.



- Hüseynova Tamara Fətəliyevna - 1902-ci ildə Bakı şəhərində doğulub. Moskvada şəhərində Pokrovskiy bulvar, bina 145, mənzil 1-də yaşayıb. 29.05.1938-ci ildə 8 il müddətinə İƏM-ə göndərilməklə məhkum edilib.

Tamara xanım Cümhuriyyətin qurucusu və ilk baş naziri Fətəli xan Xoyskinin yeganə qızı olub. Fətəli xan Tiflisdə qətlə yetiriləndə 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb. Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb.



- Hüseynova Şövkət Mirzəli qızı - 1907-ci ildə Gəncə şəhərində doğulub. 4 yaşında oğlu var imiş. Həyat yoldaşı Hüseynov Mikayıl Namaz oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 29.01.1937-ci il tarixdə əksinqilabi fəaliyyətinə görə güllələnməyə məhkum edilib. Hüseynova Şövkət Mirzəli qızı vətən xaininin həyat yoldaşı kimi 8 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 23.04.1956-cı il tarixli rəyinə əsasən Hüseynova Şövkət Mirzəli qızına bəraət verilib.

Onun həyat yoldaşı Mikayıl Hüseynov ilk təhsilini Gəncədə alıb. Sonra Bakıda oxuyub. Müxtəlif ali məktəblərdə dərs deyib, redaksiyalarda çalışıb. Tədricən Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1937-ci il yanvarın 29-da M.C.Bağırovun sədrliyi ilə Mərkəzi Komitənin büro iclası keçirilirdi. Büronun qərarında deyilirdi ki, “Azərbaycan K(b)P MK-nın partiya təbliğatı, təşviqatı və mətbuat şöbəsinin müdiri Mikayıl Namaz oğlu Hüseynovun 1923-1924-cü illərdə trotskiçi meyilləri haqqında daxil olan materiallarla əlaqədar o, tutduğu vəzifədən və partiya sıralarından xaric edilsin, plenumun üzvlüyündən çıxarılsın, habelə respublika təbliğatçıları kursunun müdiri, Marksizm-Leninizm İnstitutunda və təbliğatçılar məktəbində müəllimlik vəzifəsindən götürülsün”.

Beləcə, şər qazanı qaynamağa başlayır. Müstəntiq Şer on-on beş il əvvəl Hüseynovun trotskiçi görüşləri haqqında bir “xeyirxahın” yazdıqları əsasında sorğu-suala başlayır, onun həyat yolunu araşdırır. Guya, nə vaxtsa Qənbər Sadıqov adlı bir nəfər ədliyyə işçisi söhbət zamanı sosializm quruculuğuna şübhə ilə yanaşıb. Söhbət zamanı Mikayıl Hüseynov da orada olub. Müstəntiq Şer belə bir nəticə çıxarır: “Bir halda ki, siz Qənbər Sadıqovu vaxtında ifşa etməmisiniz, deməli, özünüz də onun fikri ilə həmrəy olmusunuz. Deməli, siz əksinqilabi millətçi mövqeyində durmusunuz”.

Mikayıl Hüseynov deyilənləri qəti şəkildə rədd edir. Müttəhimin “əksinqilabi inadkarlığı”nı görən müstəntiq 1937-ci il iyulun 17-də yeddinci istintaq zamanı hiddətlə bildirir: "Nahaq müqavimət göstərirsiniz. Düz danışmağı və günahınızı etiraf etməyinizi məsləhət görürəm. Əks təqdirdə, digər metodlardan istifadə edəcəyəm”.



1936-cı ildə Beriyanın rəsmi sərəncamı ilə dustaqlardan lazımi ifadələri qoparmaq üçün onları vəhşicəsinə döyməyə, hər cür zorakı tədbirlərə əl atmağa icazə verilirdi. Mikayıl Hüseynov növbəti istintaqda hər şeyi “boynuna alır”. Dövrün “şərəfi-vicdanı” sayılan partiyanın gur işıqlı otaqlarında oturanda o, heç təsəvvürünə belə gətirə bilməzdi ki, məşhur Dənizkənarı binanın yarıqaranlıq zirzəmilərində nələr baş verir... 1937-ci il oktyabrın 12-də güllələnmə hökmü oxunur və elə həmin gün də dərhal icra olunur.

- Hüseynova Əminə Məmmədşəfi qızı - 1912-ci ildə doğulub. Həyat yoldaşı Hüseynov Mus¬tafa Əliqulu oğlu “əksinqilabi-millətçi təşkilatın üzvü olduğuna görə” güllələnməyə məhkum edilib. Hüseynova Əminə vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə azadlıqdan məhrum edilib.

- İzmayilova Xədicə Məhərrəm qızı - 1905-ci ildə Bakıda doğulub. Tutularkən oğlu Akifin 3 yaşı varmış. Həyat yoldaşı İsmayılov Əbülfəz Abbasəli oğlu 13 oktyabr 1937-ci ildə “əksinqilabi-millətçilik fəaliyyətinə görə” həbs olunub. İsmayılova Xədicə Məhərrəm qızı “vətən xaininin həyat yoldaşı” ki¬mi Azərbaycan SSR CM-nin 72,73-ci maddələrilə təqsirli bilinərək, həbs olunub.



-İsazadə Suğra Rəhim qızı - 1903-cü ildə İranın Ərdəbil şəhərində doğulub. Ailə tərkibi: oğlanları Qulam - 1922-ci il, Ağabala - 1924-cü il, Cahangir- 1928-ci il, qızı Oktyabrina - 1926-cı il təvəllüdlü.

Həyat yoldaşı İsazadə Həsən İsa oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 04.07.1937-ci il tarixdə əksinqilabi terrorçuluq fəaliyyətinə görə I kateqoriya güllələnməyə məhkum edilib. İsazadə Suğra Rəhim qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə azadlıqdan məhrum edilib. 03.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə gətirilib. 23.09.42-ci ildə azad edilib.

- Qarayeva-Səlimxanova Səkinə İcabəy qızı - 1896-ci ildə Bakıda doğulub, 22.02.1938-ci ildə SSRİ NKVD-nin Xüsusi Müşavirəsi ilə əksinqilabçı fəaliyyətinə görə 10 il müddətinə məhkum olunub. Akmol Xüsusi Düşərgəsinə (XD) Bakı həbsxanasından gətirilib. ALJİR-dən 25.06.43-cü ildə azad olub. 1945-ci ildə əzablarla dolu sürgün həyatını başa çatıb.

Səlimxanovlar Azərbaycanın tanınmış soylarından biridir. Ağa bəy Səlimxanov, Zeynal bəy Səlimxanov, Səfiyyə xanım Səlimxanova, Cahangir Səlimxanov, Qasım Səlimxanov kimi məşhur şəxslər bu soyadın daşıyıcılarıdırlar. Zeynal bəy Ağa bəy oğlu 1886-cı ildə Bakı şəhərində anadan olub. 1906-cı ildə gimnaziyanı, sonra Moskva universitetinin hüquq fakültəsini bitirib. Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımla ailə həyatı qurub. Səfiyyə adlı bir qızları dünyaya gəlib. 30-cu illərin sürgün və repressiyaları "kapitalist" ailəsini qarabaqara izləyirdi. 1941-ci ilin iyulunda Sumbat Topuridze Səfiyyə xanımı NKVD-yə çağıraraq, atası Zeynal bəy Səlimxanovla bağlı Stalinə yazdığı müraciətlərə irad tutur və sürgün olunanlarla birgə bərə ilə Krasnovodska göndərir. Oradan isə üç uşağı - Kamal, Kamilla və Fuadla birgə Sibirin dərinliklərinə sürgün edilirlər.



- Qasımova Bibixanım Ağarəhim qızı - 1910-cu ildə Bakıda doğulub. 09.04.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 5 il müddətinə məhkum olunub. Seqejlaqadan Karlaqa 09.04.1938-ci ildə gətirilib. 21.01.1943-cü ildə azad olub.

- Kərimova Firuzə Əsgər qızı - 1906-ci ildə Qazax rayonunda doğulub. Oğlu Ənvər 9, qızı Mina 13 yaşında olublar. Həyat yoldaşı, 77-ci diviziyanın batalyon komandiri Kərimov Rəşid Tağı oğlu (1897) SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 3 yanvar 1938-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilib. Kərimova Firuzə Əkbər qızı “vətən xaininin həyat yoldaşı” kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən, 8 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 13.11.1956-cı il tarixli rəyinə əsasən, bəraət verilib.

- Kərimova Həmayil Həsən qızı - 1909-cu ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. Biri 7, o biri 4 yaşında Əsli və Ofelya adlı iki qızı olub. Həyat yoldaşı Kərimov Mus¬tafa Bayram oğlu əksinqilabi burjua-millətçilik təşkilatının üzvü kimi 1-ci kateqoriya ilə həbs edilib. Özü isə “vətən xaininin həyat yoldaşı” kimi 1938-ci ildə həbs olunub. Qızları uşaq qəbulu məntəqəsində yerləşdiriliblər. 21.07.1943-cü ildə azad olunub.

- Quliyeva Validə Hilal qızı - 1914-cü ildə Şuşa şəhərində doğulub. 09.01.1938-ci ildə SSRİ NKVD-sinin Xüsusi Müşavirəsi ilə 5 il müddətinə İƏM-ə göndərilməklə məhkum olunub. Karlaqa 20.08.41-ci ildə gətirilib. 31.03.1943-cü ildə azad olunub.



- Qurbanova Ruqiyyə Hənif qızı- 1913-cü ildə Lənkəran rayo¬nunun, Qızıl Ağac kəndində ana¬dan olub. Ailə tərkibi: oğlanları Ramiz -7 yaş, Rafiq - 4 yaşında. Həyat yoldaşı Qurbanov Seyfulla Məmməd oğlu 13.11.1937-ci il tarixdə əksinqilabi-terrorçuluq fəaliyyətinə görə 30.12.1937-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə həbs edilib. Qurbanova Ruqiyyə Hənifə qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 31.01.1938-ci il tarixdə tutulmuş SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 31.01.1946-cı ildə azad olub Azərbaycan SSRİ Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 08.02.1990-cı il tarixli qərarına əsasən Qur¬banova Ruqiyyə Hənifə qızına bəraət verilib.



- Mədətova Hafizə Yarəli qızı - 1904-cü ildə Bakıda doğulub. 14 yaşında Sara, 12 yaşında Nəsibə adlı iki qızı olub. Həyat yoldaşı Mədətov Hənifə İbrahim oğlu 31 iyul 1937-ci ildə əksinqilabi trotskiçi-terrorçuluq fəaliyyətinə görə təqsirli bilinərək, güllələnməyə məhkum olunub. Mədətova Hafizə Yarəli qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən, “vətən xaininin həyat yoldaşı” kimi 8 il müddətinə azadlıqdan məhrum edilib. 1946-cı ildə cəza müddəti başa çatdığı üçün, yaşadığı Şamaxı şəhərinə göndərilib. 1946-cı ildən 1951-ci ilə kimi Böyük Vətən Müharibəsi əlillərinin internatında tərbiyəçi, 1951-ci ildən 2 nömrəli Şamaxı şəhəri orta rus məktəbində xadimə işləyib. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 may 1956-cı il qərarına əsasən bəraət alıb.



- Məmmədxanova Şövkət İsmayıl qızı - 1903-cü ildə Əhmədli kəndində doğulub, Bakıda yaşayıb. 09.04.1938-ci ildə 8 il müddətinə məhkum olunub. Seqejlaqadan Karlaqa 20.08.41-ci ildə gətirilib. 09.11.1945-ci ildə azad edilib.

Onun həyat yoldaşı Məmmədxanov Məmmədxan 1884-cü ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində anadan olub. 1902-ci ildən Bakıda nеft mədənlərində işləyib, 1905-1907-ci illər inqilabında iştirak еdib. Bakı prоlеtariatının 1914-cü il tətilinə qatılıb. 1917-1919-cu illərdə Qaryagin qəzasında Qırmızı qvardiyanın tərkibində əksinqilabçılara qarşı vuruşub, partiya özəklərinin yaradılmasında iştirak еdib.

Qaryagin qəza partiya kоmitəsinin sədri olub, AKP-nin 1-ci qurultayına nümayəndə sеçilib. 1920-ci ildə MK-ya üzv оlub. Sоvеt dönəmində məsul vəzifələrdə çalışıb. Dəfələrlə partiya və sоvеt qurultaylarının nümayəndəsi оlub. Azərbaycan KP MK və Azərbaycan MIK-in üzvi sеçilmiş, hətta “Qırmızı Bayraq” оrdеni ilə təltif оlunmuşdu. Məmmədxan Məmmədxanоv 1938-ci ildə rеprеssiyaya məruz qalıb.



-Mehdiyeva Ziba Əbdül Əzim qızı - 1910-cu ildə Şuşa şəhərində doğulub. Üç uşağı vardı: 9 yaşlı qızı Səadət, 7 yaşlı oğlu Nazim və 6 yaşlı Rasim. Həyat yoldaşı Qoşqarov Ağa Mirzə İbrahim oğlu SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci ildə “millətçilik fəaliyyətinə görə” 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilib.

Mehdiyeva Ziba “vətən xaininin həyat yoldaşı” kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı əsas tutalaraq, SSRİ XDİK-nin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 22.08.1956-cı il tarixli rəyinə əsasən Mehdiyeva Ziba Əbdül Əzim qızına bəraət verilib.

(Ardı var)

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Aljir  





Xəbər lenti