ABŞ səfiri indiyədək ən dadlı narı Azərbaycanda yeyib - FOTOLAR

ABŞ səfiri indiyədək ən dadlı narı Azərbaycanda yeyib - FOTOLAR
  04 Noyabr 2017    Oxunub:11261
Göyçayda XII Nar festivalı keçirilir. Ötən gün başlayan festival bu gün də davam edir. Festivalın açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza, xarici diplomatlar, iş adamı Fərhad Əhmədov və bir sıra millət vəkilləri iştirak ediblər.
Onlar sərgi masalarına yaxınlaşaraq nardan hazırlanan məhsulların, o cümlədən nardançanın, nar şərabın, nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plovun, təndir çörəyinin, yuxanın, kətənin, motal pendirin və müxtəlif şirniyyatların dadına baxıblar.



ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, bu bayram tədbiri Azərbaycanda nar istehsalçılarının əldə etdiyi məhsulların təbliği və satışının artırılması baxımından çox faydalıdır. Səfir qeyd edib ki, ABŞ uzun müddətdir nar istehsalının artırılması üçün Azərbaycanla əməkdaşlıq edir:

“Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda nar istehsalı ilə məşğul olan fermerlərin ABŞ-a səfərləri təşkil olunacaq. Onlar ABŞ-da kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinə qoşulacaq, müasir becərmə və istehsal prosesi ilə bağlı biliklərə yiyələnəcəklər. Həmçinin Azərbaycanın nar istehsalçıları ABŞ fermerləri ilə öz təcrübələrini bölüşəcəklər. Ölkənizdə narçılıq inkişaf etdirilir. Bu, çox yaxşı haldır. İlk dəfədir ki, Göyçayda oluram, gözəl şəhərdir. İnsanları mehriban və qonaqpərvərdir. Bu bayramda iştirak etməklə, indiyədək heç bir yerdə yemədiyim narın dadına baxmaq fürsəti qazandım. İlk dəfə burada eşitdim ki, Göyçayda narın 67 sortu yetişdirilir. Nar və onun qabığından 20-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bu, çox möcüzəvi meyvədir”.



R.Sekuta vurğulayıb ki, narçılıq gəlirli sahədir və kəndlilər bu sahəni daha da inkişaf etdirməkdə maraqlıdır.

Göyçay rayonu Bitki Mühafizə Mərkəzinin rəisi Nazir Əhmədov bildirib ki, builki festival keçən ildən fərqli olaraq iki gün davam edir.

O qeyd edib ki, Azərbaycanda ən çox “Gülövşə” nar məşhurdur və bu növ narların şahıdır:

“Bundan əlavə “Balamürsəl”, “Vələs”, “Bığır” və s. nar sortları mövcuddur. Təkcə Göyçayda 21 növ nar yetişir. Ötən ilə nisbətən məhsulun artımı müşahidə edilir. Keçən il 40 min tondan çox nar yığılıb. Hazırda nar yığımı davam edir. Məhsulun ötən ilə nisbətən daha çox, yəni 40-50 min ton olacağı gözlənilir. Göyçayda 400 ağacdan ibarət bir hektar nar bağından 15-20 ton məhsul əldə etmək mümkündür. Bir ağac orta hesabla 40-50 kq bar verir. Hazırda Göyçayda nar bağları 3000 hektara yaxındır. Göyçay narı Almaniya, Fransa, İngiltərə, hətta Amerikaya da ixrac olunur. Avropa ölkələrinə meyvə halında ixrac olunsa da, Birləşmiş Ştatlar şirə halında göndərilir".



Festivalda diqqət çəkən məqamlardan biri festivalda ən ağır narın seçimi ilə bağlı idi. Belə ki, xüsusi ayrılmış masada elektron tərəzi ilə ən iri nar çəkilir. Kimin təqdim etdiyi nar ən ağır çəkili olursa, festivalında sonunda hədiyyə qazanır.































Anar Kəlbiyev
AzVision.az


Teqlər: Nar   Festival   Göyçay  





Xəbər lenti