Erməni əsir üçüncü ölkəyə getmək istəyir

Erməni əsir üçüncü ölkəyə getmək istəyir
  19 Sentyabr 2013    Oxunub:982
Erməni əsir Akop İnciqulyan öz ölkəsinə - Ermənistana deyil, üçüncü ölkəyə getmək istəməsi barədə Azərbaycan hökumətinə ərizə ilə müraciət edib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Dövlət Komissiyası katibinin sözlərinə görə, A.İnciqulyan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə son görüşündə üçüncü ölkəyə getmək istədiyini bildirmişdi və artıq bununla bağlı müvafiq sənədlər Nazirlər Kabinetinə göndərilib:
"Akop İnciqulyan üçüncü ölkəyə getmək istəməsi ilə bağlı ərizə yazıb. Artıq həmin ərziə Nazirlər Kabinetinə göndərilib. Məndə olan məlumata görə, həmin ərizə Akop İnciqulyanın digər sənədləri ilə birgə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyinə göndərilməlidir. Onlar da Avropa və ya digər ölkələrə müraciət etməlidirlər. Həmin ölkələrdən hansı biri buna razılıq versə, o zaman əsir həmin ölkəyə təhvil veriləcək. O zamana qədər isə əsir Azərbaycan tərəfində saxlanılacaq".
Ş.Sayılovun sözlərinə görə, bunun nə zaman baş verəcəyini indidən söyləmək mümkün deyil. Komissiyanın katibi həmçinin əlavə edib ki, onda Akop İnciqulyana Azərbaycan tərəfində hər hansı təzyiq və ya işgəncə verilməsi barədə məlumat yoxdur: "Akop İnciqulyana hər hansı təzyiq olsaydı, o bunu BQXK nümayəndələri ilə görüşdə və onlar vasitəsilə ailəsinə ünvanladığı məktubunda bildirərdi".

Ermənistan mətbuatının yazdığına görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün İrəvan Dövlət Universitetində keçirilən görüşdə bildirib ki, onlar Akop İnciqulyanın Ermənistana qaytarılması üçün bütün imkanlardan istifadə edirlər. Erməni nazir əlavə edib ki, o, Akop İnciqulyana hansı təzyiqlər göstərildiyini bilməsə də, bunu yaxşı təsəvvür edir.

Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bildirib ki, Azərbaycanda saxlanılan erməni əsirə heç bir təzyiq və təsir göstərilməyib və o, israrla öz ölkəsinə qayıtmaq istəmədiyini deyir: "Akop İnciqulyan BQXK nümayəndələri ilə görüşdə və müsahibələrində bildirib ki, özü Azərbaycan tərəfinə keçərək təslim olub. O, qeyd edib ki, xidmət etdiyi hərbi hissədə ona pis münasibət göstərilib, onu döyüb, təhqir ediblər. Ona görə də buna dözməyərək Azərbaycan tərəfində keçib və təslim olub. İndi onun vəziyyəti çox normaldır və əsirlə beynəlxalq normalara uyğun rəftar olunur. Azərbaycan istərdi ki, əsirin arzusuna uyğun hərəkət edərək onu öz ölkəsinə göndərsin, lakin İnciqulyan təkidlə deyir ki, məni öz ölkəmə göndərməyin. Əgər erməni əsir öz ölkəsinə dönmək istəsəydi, Azərbaycan tərəfi bunu da yerinə yetirməyə hazır idi, ancaq o, vətənindən imtina edir və üçüncü ölkəyə getmək istədiyini BQXK-ya bəyan edir".

Polkovnik E.Sabioğrlu əlavə edib ki, Ermənistan KİV-ləri, o cümlədən S.Ohanyan ardı-arası kəsilmədən eyni məzmunlu fikirlər bildirərək yalan və həqiqətəuyğun olmayan məlumatlar səsləndirirlər ki, guya Akop İnciqulyan təsir altındadır və məhz təsir altında olduğuna görə öz vətənindən imtina edir: "Amma biz rəsmi şəkildə bəyan edirik ki, Akop İnciqulyanın təsir altında olması barədə məlumatlar hamısı yalandır və qətiyyən həqiqətəuyğun deyil".

Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.


Teqlər:





Xəbər lenti