`Seçkinin taleyi qadınlardan asılıdır`

`Seçkinin taleyi qadınlardan asılıdır`
  17 Sentyabr 2013    Oxunub:1086
`Qadınlar və seçkilər` koalisiyası “Prezident seçkilərində qadın seçicilərin aktivliyinin artırılması” layihəsi çərçivəsində Xızı rayonunun qadınları ilə görüş keçirib.
250 nəfər xızılı qadının qatıldığı tədbirdə respublikanın xalq artisti Nəzakət Teymurova, əməkdar artist Elza Seyidcahan, Bakı Dövlət Universitetinin müəllimi, professor Alxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan koalisiyanın rəhbəri, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin direktoru Aynur Camalqızı bildirib ki, qadınları fəal olan cəmiyyətlər həmişə uğur qazanır: “Azərbaycan qadını öz taleyinə biganə qalmamalıdır. Bu isə o deməkdir ki, seçkilərdə fəal olmalı, ən layiqli namizədə səs verməli və öz taleyi kimi, seçkinin də taleyini həll etməlidir. Çünki Azərbaycanda sayca çox olan qadın seçicilər həmişə seçkilərin taleyini həll edə, seçkinin nəticələrinə təsir edə biliblər. Yəqin ki, bu dəfəki prezident seçkilərindən sonra da biz qadınlar cəsarətlə deyə biləcəyik ki, Azərbaycan Respublikasının Prezidentini məhz biz seçdik!”

Camalqızı əlavə edib ki, əslində Azərbaycan qadını çox müdrikdir: “Onlar hər seçkidə öz müdrikliklərini nümayiş etdiriblər. Azərbaycan qadını, azərbaycanlı ana artıq öz seçimini edib. Ona bəllidir ki, çox məsuliyyətli bir dönəmdir. Və bu dönəmdə öz ölkəsinin, öz xalqının, öz ailəsinin, öz övladlarının taleyini, gələcəyini kimə etibar edə bilər. Bu səbəbdən də 9 oktyabr seçkilərinin nəticələrinin məhz bu dövlətin, bu xalqın xeyrinə olacağı şübhəsizdir”.

Respublikamızın xalq artisti Nəzakət Teymurova son illərdə Azərbaycan mədəniyyətinin uğurlarından danışaraq bildirib ki, Heydər Əliyev Fondunun musiqimizə diqqət və qayğısından saatlarla danışmaq olar: “Mən hər dəfə xarici ölkələrin ən mötəbər konsert salonlarında Azərbaycan musiqisini eşidəndə, Azərbaycan bayrağının dalğalandığını görəndə çox kövrəlirəm. Bu, dəyərlərimizə sayğı olmaqla yanaşı, mədəniyyətimizin dünyada təbliğidir, musiqimizin qəbul edilməsidir, dahi Üzeyir Hacıbəyovun ruhunu yaşatmaqdır. Mən bir sənət adamı kimi, dövlətimin bu siyasətini dəstəkləyirəm”.

Əməkdar artist Elza Seyidcahan “Qadınlar və Seçkilər” koalisiyasının bölgələrdə keçirdiyi görüşlərə həvəslə qatıldığını bildirdi. O, yaxın günlərdə “Uğura doğru” adlı konsert proqramı ilə musiqisevərlərini qarşısına çıxacağını bəyan etdi: “Mən bu konsertimi ölkəmizdə keçiriləcək prezident seçkilərinə və təbii ki, bu seçkilərin favoritinə həsr edəcəyəm. Hamınızı həmin konsertə dəvət edirəm”.

BDU-nun müəllimi, professor Alxan Məmmədov deyib ki, qadınlar seçki günü fəal olmaqla bütün saxtakarlıqların qarşısını ala, Azərbaycanda şəffaf və demokratik seçki keçirildiyini sübut edə bilərlər: “Siz qadınlar buna qadirsiniz. 9 oktyabrda ailə üzvlərinizlə birlikdə səsvermə məntəqələrinə gedin, səs verin və bu xalqın seçki mədəniyyətinə malik olduğunu sübut edin. Sübut edin ki, qadın – gerçəkdən də böyük qüvvədir!”

Fəlsəfə doktoru Şərəf Cəlilli bildirib ki, Azərbaycan xalqı həmişə işığa tapınıb: “Biz həmişə işığa can atırıq. Bu gün sizin gözlərinizdən də o işıq, o atəş görünür. Aydın görünür ki, bu zalda əyləşən xanımlar insan kapitalının neft kapitalından daha uca tutulmasını, yetimin, kimsəsizin qolundan yapışılmasını, Mübariz İbrahimovun nəşinin bu torpağa qaytarılmasını, Ramil Səfərovu azadlığa qovuşdurulmasını yüksək qiymətləndirir...”

Tədbirdə Xızı rayonundan olan qadınlar da çıxış edərək artıq seçimlərini etdiklərini və Azərbaycanı işıqlı gələcəyə aparacağına inandıqları bir namizədə səs verəcəklərini qeyd etdilər.

Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə yaradılan “Qadınlar və seçkilər” koalisiyasına 5 qadın təşkilatı daxildir. “Prezident seçkilərində qadın seçicilərin seçki aktivliyinin artırılması” layihəsi çərçivəsində Bakının 2 rayonu daxil olmaqla, ümumilikdə 12 rayonda yerli qadın seçicilərin iştirakı ilə konfransların keçirilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti