“Azərbaycan Bayrağı” kitabının təqdimatı oldu - FOTOLAR

“Azərbaycan Bayrağı” kitabının təqdimatı oldu - FOTOLAR
  19 Oktyabr 2017    Oxunub:9130
Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyevanın “Azərbaycan Bayrağı” adlı kitabının təqdimat mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva və digər qonaqlar iştirak ediblər.



Çıxış edən müəllif bildirib ki, “Azərbaycan Bayrağı” kitabı bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr olunub: “Kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan bayrağının müstəqil dövlətçilik tarixində, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rolunu sistemli şəkildə oxuculara çatdırmaqdan ibarətdir. Gənclərdə vətənpərvərlikhisslərinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərinin təbliği xüsusi əhəmiyyət daşıyır. Kitabın hazırlanması dövlət rəmzlərinin təbliğatının ictimaiyyət, xüsusən gənclər arasında aparılmasına geniş imkanlar yaradacaq”.



Könül İmamverdiyeva qeyd edib ki, kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlar da öz əksini tapıb: “Kitabda həmçinin, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəkilində meydana gələn bayrağın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması geniş şəkildə təhlil olunub. Tarixin qədim dövrlərindən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar öz əksini tapıb, həmin materiallar illüstrativ formada oxucuların diqqətinə çatdırılıb. Azərbaycanın orta əsrlər dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda əks olunması əsərin elmi əhəmiyyətini artıran amillərdəndir. Belə ki, Azərbaycanın orta əsrlər dövlətlərinin bərpa edilmiş bayraqları Dövlət Bayrağı Muzeyi ilə yanaşı, regionlardakı Bayraq Muzeylərinin də kolleksiyalarını bəzəyir. Bundan başqa, kitabda milli rəmzin bərpası və qəbulunda ulu öndər heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dövlət bayrağının təbliği sahəsində müstəsna rolu göstərilib. Eyni zamanda dövlət bayrağı ilə bağlı qanunvericilik bazasının formalaşdırlması də geniş şəkildə işıqlandırılıb”.

Daha sonra Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxışlar edib.

Qeyd edək ki, 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kitab  





Xəbər lenti