Bu il 34 dini qurum qeydiyyata alınıb

Bu il 34 dini qurum qeydiyyata alınıb
  04 Oktyabr 2017    Oxunub:1277
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq, komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Tasua” və “Aşura” günü məscidlərdə aparılan xüsusi monitorinqlər barədə hesabat məruzəsi dinlənilib. Şöbə müdiri qeyd edib ki, DQİDK sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb və həmin plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilməklə yanaşı, dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılıb, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülüb. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib.

Ə.Zülfüqarovun sözlərinə görə, “Tasua” və “Aşura” günlərində məscidlərdə xüsusi monitorinqlər təşkil olunub, Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar.

DQİDK-nın əməkdaşlarının respublikanın şəhər və rayonlarında apardıqları monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, bu il Aşura mərasimi ümumilikdə sabit keçib, bəzi neqativ hallar istisna olmaqla, ciddi pozuntuya yol verilməyib.

Komitənin Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyeva hesabat məruzəsində qeyd edib ki, 9 ay ərzində 34 dini qurum (24 İslam təmayüllü dini icma, 10 kollec) dövlət qeydiyyatına alınıb. 2009-cu ildən 2017-ci ilin sentyabr ayına qədər cəmi 783 dini qurum dövlət qeydiyyatına alınıb ki, onların 755-i İslam təmayüllü, 28-i isə qeyri-İslam təmayüllüdür.

S.Allahverdiyeva bildirib ki, rəhbərlik etdiyi şöbə tərəfindən Dövlət Komitəsinin rəsmi internet saytında dini qurumlar və qanunvericilik haqqında məlumatlara nəzarət edilir və hər bir əlavə və dəyişikliyin saytda yerləşdirilməsi üçün müvafiq məlumat verilir.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən bölgədə keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verən natiq dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.

AzVision.az


Teqlər: DQİDK   QMİ  





Xəbər lenti