Universitetlər neçə tələbəni təhsil haqqından azad edib? - SORĞU

Universitetlər neçə tələbəni təhsil haqqından azad edib? - SORĞU
  14 Sentyabr 2013    Oxunub:6347
Prezidentin sərəncamından sonra hansı universitetlər valideyn himayəsindən məhrum olan tələbələri təhsil haqqını azad etdi?

Milli Məclisin yaz sessiyasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsi qəbul edildi və Prezident İlham Əliyev həmin qanun layihəsini imzaladı. Qanun layihəsində nəzərdə tutuldu ki, valideyn himayəsindən məhrum olan uşaqlar qəbul olduqları universitetə müraciət etdikləri təqdirdə, təhsil haqqından azad ediləcək.

Bəs hansı universitetlərdə və nə qədər tələbə təhsil haqqından azad edilib? AzVision.az bunu araşdırıb.

2013/2014-cü il tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan və valideyn himayəsindən məhrum olan 3 tələbə ödəniş haqqından azad edilib. BDU rektorunun iqtisadi məsələlər üzrə köməkçisi Məzahir Sultanov məlumat verib. Onun sözlərinə görə, bu il universitetə daxil olan 3 nəfər təhsil haqlarından azad ediliblər. "Onlar bizə müraciət edəndə qanunda olan digər bəndlərdən məlumatlı deyildilər. Qanunda var ki, onlara təqaüddə ödənilsin. Bu 50 manat civarındadır. Bunu öyrəndikdən sonra çox sevindilər. Həmin tələbələrdən biri də ekologiya, biri də kimya fakültəsində təhsil alacaqlar”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat və informasiya şöbəsinin müdiri Mansur İbrahimovun sözlərinə görə,bu il universitetin rəhbərliyinə valideyn himayəsindən məhrum olmuş bir tələbə müraciət edib. “Həmin tələbə kimya fakültəsinin tələbəsidir. Həmin tələbənin müraciətinə müsbət cavab verilib və o təhsil haqqından azad edilib. Yəni universitetə bununla bağlı cəmi bir tələbə müraciət edib”deyə, M.İbrahimov qeyd edib.

Azərbaycan Dillər Universitetində (ADU) də təhsil haqqından azad olunan tələbələr var. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib: “ADU-nun ödənişli ixtisaslarına qəbul olunan tələbələrdən 152 nəfəri təhsil haqqından azaddır. Belə ki, bu tələbələrdən 145 nəfəri məcburi köçkün və qaçqın ailəsinin övladıdır. Təhsil haqqından azad olunanlardan 6 nəfəri valideyn himayəsindən məhrum olan, 1 nəfəri isə şəhid ailəsindəndir”.

Qafqaz Universitetinin mətbuat xidmətindən isə bildiriblər ki, 3 tələbə təhsil haqqından azad olunub.

Xəzər Universitetinin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmiraslanov bildirib ki, universitetə bununla bağlı 4 müraciət daxil olub və rəhbərlik tərəfindən həmin tələbələrə müsbət cavab verilib. “3000 manat illik təhsil haqqından həmin tələbələr azad edildi, onlar artıq ödənişsiz təhsil ala biləcəklər”-deyə, mətbuat xidmətinin rəhbəri qeyd edib.

Qərb Universitetindən isə bildiriblər ki, onlara belə müraciət daxil olmayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti