Bir yaşlı "ABAD" həyatımızı abadlaşdırır - FOTOLAR

Bir yaşlı "ABAD" həyatımızı abadlaşdırır - FOTOLAR
  25 Sentyabr 2017    Oxunub:6932
Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı ildə imzaladığı müvafiq fərmanla yaradılan ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılmasından 1 il ötür.

"ABAD"ın təşkilatçılığı ilə bir qrup jurnalist görülən işlərlə yaxından tanış olmaq üçün Balakən rayonuna səfər edib.
AzVision.az-ın əməkdaşı da mediaturda iştirak edib.

Media nümayəndələri ilk olaraq ABAD-ın Balakən rayonunda yerləşən mərkəzində olublar. Burada mərkəzin fəaliyyəti barədə məlumat verilib. Mərkəzdə yerləşən "ABAD” Mərkəzlərinin (Ailə Biznesinə Asan Dəstək) ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri Elvin Şirinli bildirib ki, bir il bundan öncə ASAN Xidmətin tabeçiliyində ABAD publik hüquqi şəxs yaradılıb.

Sektor müdiri qeyd edib ki, ABAD-ın yaradılmasında məqsəd Azərbaycanda ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərmək, vətəndaşların ölkənin sosial-iqtisadi inkişafında fəal iştirakını təmin etmək, həmçinin özünəməşğulluq istiqamətində həyata keçirilən proqramlara dəstək olmaqdır:

“İlk olaraq fəaliyyətimizə pilot layihə olaraq Masallı rayonunda başlamış, növbəti mərhələdə isə 21 oktyabr 2016-cı ildə ABAD və Dövlət Neft Şirkəti arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən SOCAR-ın sosial yönümlü siyasəti çərçivəsində Balakən ikinci mərkəz kimi seçildi. Hazırda Balakəndə 12 ailə ABAD-a qoşulub və onlara monoblok konteyner şəklində zəruri istehsal avandanlıqları təqdim olunub".



E.Şirinli vurğulayıb ki, bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın bazarda özünə yer tutması üçün vacib şərtlərdən biri böyük şirkətlərlə rəqabət apara bilməsidir: “Düzdür, hər bir ailə ABAD-ın təklif etdiyi xidmətləri mərhələli şəkildə icra edib rəqabətqabiliyyətli ailə təsərrüfatına çevrilə bilər. Lakin onun təkbaşına, ayrı-ayrılıqda həyata keçirəcəyi xidmətlərə sərf edəcəyi məbləğ sonda məhsulun elə bir qiymətlə bazara çıxarılmasına səbəb olacaq ki, öz alıcısını tapa bilməyəcək və nəticədə təsərrüfat dağılacaq. Bunun üçün də ABAD həmin ailələrə biznes məktəbi keçir, onlara biznes-konstaltinq, marketinq, maliyyə, hüquqi yardım, satışın təşkili barədə yardım göstərir, eyni zamanda lazımi avadanlıqlarla da təmin edir.



ABAD rəsmisi bildirib ki, hazırda cem və mürəbbə, ət və süd, həmçinin sənətkarlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərən publik hüquqi şəxsin Bakı şəhərində İçərişəhərdə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında və Dəmiryol vağzalında sərgi-satış mərkəzi fəaliyyət göstərir.



Gələcək planlardan danışan E.Şirinov azərbaycanlı ailələrin hazırladıqları məhsulların xarici bazarlara da çıxarılacağından və bu istiqamətdə işlər aparıldığından söz açıb:

“Bu gün Avstraliyanın Darbua ailəsinin məhsulu Azərbaycana gəlib çıxırsa və hər bir azərbaycanlı da onu alırsa, nə üçün bizim Samir Əliyevin “Bal kimi” məhsulu xarici bazara çıxmasın? Məhsulların bazara çıxması üçün onun bredləşdirilməsi vacibdir. Biz bu sahədə də ailələrə dəstək göstəririk. Hazırlanan məhsullar müxtəlif laboratoriyalarda testdən keçirildikdən sonra sertifikatlaşdırılır. Bu gün ABAD-çı ailələrin hazırladıqları məhsullar heç də xarici brendlərdən geri qalmır, hətta bəzən onları üstələyir”.





Təqdimatdan sonra media nümayəndələri Balakəndə olan ABAD-çı ailələrin evində olub. İlk olaraq İbrahimovlar ailəsinə yollandıq. “ABAD”ın cem və mürəbbə məhsullarının istehsalı üzrə dəstək göstərdiyi İbrahimovlar ailəsi Balakən rayon sakinləridir. Ailənin üzvü Zöhrə İbrahimova 35 ildən çoxdur ki, müxtəlif meyvə və giləmeyvələrdən mürəbbə və cem hazırlayır. Həyətyanı sahələrindən topladığı moruq, böyrtkən, tut meyvələrindən hazırlanan bu məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənir.



Zöhrə xanım bildirib ki, mürəbbə və cemləri xüsusi respetlə hazırlayır: “Gənc yaşlarımdan daim mətbəxə maraq göstərmiş və anamın respetlərinə əsasən mürəbbələrin sirrlərini öyrənmişəm. Məsələn, mənim hazırladığım moruq mürəbbəsi digər şəxslərin hazırladıqlarından fərqlənir. Mürəbbənin dad fərqliliyi ilə yanaşı içindəki meyvələr əzilmir, diri qalır”.

İbrahimovlar mürəbbə və cem istehsalı üzrə ailə bizneslərini daha da inkişaf etdirmək, hazırladıqları məhsulları təkcə yaşadıqları Balakəndə deyil, bütün ölkə miqyasında satışa çıxarmaq məqsədilə “ABAD”a müraciət ediblər. “ABAD” tərəfindən istehsal potensialı, təsərrüfat imkanları dəyərləndirilən ailənin müraciətinə müsbət cavab verilib və onlara monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub.



Ailə avadanlıqlardan istifadə, gigiyena və əməyin təhlükəsizliyi qaydaları ilə bağlı təlimlər keçdikdən sonra verilmiş monoblok-konteynerdə məhsul istehsalına başlayıb.

Daha sonra KİV nümayəndələri hələ test mərhələsində olan kolbasa istehsalı ilə məşğul olan ailəyə baş çəkib və buradakı istehsalla tanış olublar.



ABAD-çı ailələrin hər biri gələcəkdə fəaliyyətlərini daha da genişləndirəcəklərini bildiriblər.



Qeyd edək ki, hazırda ABAD tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb. “Balməkan”, “Dənə-dənə” , “Yay səbəti” , “Bağımızın bəhrəsi”, “Budaqdan”, “Bal kimi”, “Meyvə bağı” mürəbbə brendlərini "Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketindən və Xaqani 26/32 ünvanında (keçmiş “Tahir 97” mağazası) fəaliyyət göstərən “Bravo ekspress”dən əldə etmək mümkündür.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: ABAD   Balakən  





Xəbər lenti