İbrahimbəyov yenə Mili Şuranı yarı yolda qoydu

İbrahimbəyov yenə Mili Şuranı yarı yolda qoydu
  13 Sentyabr 2013    Oxunub:1195
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib.
AzNews.az-ın məlumatına görə, dünənə qədər verdiyi açıqlamalarda sentyabrın 12-də Londona səfər edəcəyini və orada C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərdə iştirak edəcəyini bildirən R.İbrahimbəyov növbəti dəfə sözünə əməl etməyib.

MŞ sədrinin London səfərinə qatılmaqdan imtina etməsinin səbəblərini öyrənmək üçün onunla əlaqə saxladıq. İbrahimbəyov açıqlamasında bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.

Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, C.Həsənli və E.Namazov Milli Şuranı təmsil etmək hüququna malikdir və R.İbrahimbəyovun bu səfərdə iştirak etməməsi heç bir problem yaratmır.

`“London səfərində Milli Şuranın vahid namizədi kimi Cəmil Həsənli və icra aparatının rəhbəri kimi Eldar Namazov qurumu layiqincə təmsil edir, Milli Şuranın seçkilərlə bağlı mövqeyini ifadə edirlər. Bu baxımdan Rüstəm İbrahimbəyovun da London səfərində iştirakı əsas məsələ deyil. Görünür, onun fəaliyyəti, iş qrafiki London səfərində iştirakına imkan verməyib`.

Hazırda Londonda olan E. Namazov APA-ya açıqlamasında R. İbrahimovun görüşlərə qatılmamasını onun işlərinin çoxluğu ilə əlaqələndirib: “Rüstəm müəllim bu dəfə görüşlərə qatılmayacaq. Ancaq bir müddət sonra Londona səfər edərək, burada görüşlər keçirəcək”.

Xatırladaq ki, sentyabrın 11-də Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və qurumun İcra Aparatının rəhbəri Eldar Namazov Londona səfərə gedib. MŞ rəsmiləri London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliylə oradakı görüşlərdə iştirak edəcək.

Amma görünür Rüstəm İbrahimbəyov bu dəfə də Milli Şuranı yarı yolda qoyub.


Teqlər:





Xəbər lenti