MSK polislər üçün kitab nəşr edib

MSK polislər üçün kitab nəşr edib
  13 Sentyabr 2013    Oxunub:1080
Mərkəzi Seçki Komissiyası 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı polislər, müşahidəçilər və məntəqə seçki komissiyalarının üzvləri üçün yaddaş kitabçası çap etdirib.
MSK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, MSK prezident seçkiləri ilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Komissiya bu dəfə “Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirib. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb. Kitabça 2013-cü il oktyabrın 9-na təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Eyni zamanda Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müşahidəçilər üçün hazırladığı “Müşahidəçilər üçün yaddaş” kitabçası işıq üzü görüb. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunan, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

MSK məntəqə seçki komissiyalarının üzvləri üçün “Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq aşağı seçki komissiyalarına çatdırılmasını təmin edib. Yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciəti yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.
“Seçki günü üçün yaddaş”da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunmuşdur. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.




Teqlər:  





Xəbər lenti