`Polis seçkilərdə bütün vəzifələrini yerinə yetirəcək`

  13 Sentyabr 2013    Oxunub : 406
`Polis seçkilərdə bütün vəzifələrini yerinə yetirəcək`
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri ilə görüşüb.
Qonaqları salamlayan nazir asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, prezident seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, prezidentliyə namizədlərin təhlükəsizliyinin qorunması, səsvermə hüququ olan bütün vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmin olunması və digər vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə DİN tərəfindən xüsusi tədbirlər planı hazırlanıb və icrası üçün ərazi polis orqanlarına göndərilib.

Bununla yanaşı, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər də diqqət mərkəzindədir.

Avropalı deputatların nəzərinə o da çatdırılıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər də operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Bunun nəticəsidir ki, son 5 il və cari ilin ötən dövrü ərzində vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1407 əməkdaş cəzalandırılıb.

Görülən bu və digər məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalıb.

Daxili işlər naziri qonaqları əmin edib ki, polis seçkilər zamanı qanunla üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək.
Robert Uolter və AŞPA-nın Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının digər üzvləri səmimi görüşə, ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, nazir Seçkiqabağı Missiyanın üzvlərini maraqlandıran sualları ətraflı cavablandırıb.

AzVision.az

Teqlər: