Ermənistan: “Gömrük İttifaqı ilə razılaşmaya da bilərik.”

Ermənistan: “Gömrük İttifaqı ilə razılaşmaya da bilərik.”
  12 Sentyabr 2013    Oxunub:1382
Ovik Abramyan: “Serj Sərkisyan “əl-üstü” qərar verməyib ki... Hələ bilmirik bu ittifaqa daxil olmaq bizə nə verəcək”.

Ermənistan prezidenti Rusiyanın Gömrük İttifaqına daxil olmaqla bağlı qərarını tələm-tələsik verməyib. Heç də hər şey həll edilməyib. Bu barədə Ermənistan Milli Məclisinin sədri Ovik Abramyan jurnalistlərə açıqlamasında belə deyib.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı rəhbərlərinin Ermənistanın Gömrük İttifaqına rəsmi Moskvanın təzyiqi ilə daxil olduğu barədə bəyanatlar Ermənistanı qarışdırıb. Bir tərəfdən vətəndaşların Gömrük İttifaqına qəbul olunmasına etrirazlar, bir tərəfdən müttəfiqi Rusiyanın qarşısında gözü kölgəli qalmaqdan, və ya digər səbəblərdən qorxması, digər tərəfdən Avropa İttifaqının Yerevanı vədinə xilaf çıxmaqda günahlandırması Sərkisyan hökumətini çıxılmaz vəziyyətə salıb. Odur ki, hökumət ikibaşlı bəyanatlar səsələndirməkdə davam edir. Gah “bizə təzyiq edən yoxdur”, gah da ki, “son qərarımızı hələ verməmişik” deməsi, Ermənistan prezidentinin sentyabrın 3-də ölkəsinin Gömrük İttifaqına qoşulmağa hazır olduğunu bəyan edəndən bir qədər sonra xarici işlər naziri ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirməsi təzad doğurur.

Analitiklərin fikrincə bu gün Parlamentin spikeri Ovik Abramyanın “heç də hər şey həll edilməyib” deməsi isə Ermənistanın fikrindən daşına biləcəyini istisna etmir, necə ki, Aİ ilə Azad Ticarət Zonasına qoşulacağını bildirdikdən sonra , ona arxa çevirib Gömrük İttifaqına üz tutdu.

Abramyanın sözlərinə görə, “Gömrük İttifaqına daxil olmaq hələlik bir niyyətdir. Serj Sarkisyan belə bir niyyətdə olduğumuzu bəyan edib. İttifaqa daxil olmaq uzun bir prosesdir. Bu proses çərçivəsində Rusiya və Ermənistan birgə işlər həyata keçirməlidirlər. Yalnız müqavilənin qarşılıqlı razılaşdırılmış versiyası hazır olandan sonra, Parlamentə təqdim olunmalıdır.

“ Ermənistan müstəqil xarici siyasət yürüdən müstəqil bir dövlətdir. Gömrük İttifaqına daxil olmaq Ermənistan üçün həm iqtisadi, həm də siyasi cəhətdən əlverişli olmalıdır. Hələ bilmirik bu ittifaqa daxil olmaq bizə nə verəcək, danışıqlar aparılmalıdır”-deyə Parlament sədri qeyd edib.

Onun sözlərinə görə,” hazırlanacaq sənəd Ermənistanın maraqlarına cavab verməzsə imzalanmayacaq. Hələlik söhbət ilkin razılaşmadan gedir”-sitatın sonu.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti