Rusiya və NATO generallarının görüşündə Qarabağdan danışılıb

Rusiya və NATO generallarının görüşündə Qarabağdan danışılıb
  08 Sentyabr 2017    Oxunub:3414
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO-nun Hərbi Komitəsinin sədri, general Petr Pavelin Bakıda keçirdiyi görüş ölkəmizin böyük nüfuza malik olduğunu göstərir.
Bunu AzVision.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov generalların Bakı görüşünü şərh edərkən deyib.

Hərbi ekspert bildirib ki, görüş zamanı Dağlıq Qarabağ məsələsinin müzakirəsi istisna deyil:

“Məlum olduğu kimi Rusiya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Ölkəmiz üçün bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, burada Qarabağ məsələsi ilə bağlı fikirlər səsləndirilməyə bilməz. Ehtimal ki, ötən gün baş tutan görüşdə Qarabağ məsələsinə də toxunulub. Azərbaycan hərbi əməkdaşlığı yüksək səviyyədə ölkədir. Sülhməramlı tədbirlərdə yüksək səviyyədə iştirak edir. İki böyük generalın Azərbaycanda görüşməsi, fikir mübadiləsi aparması Azərbaycan Silahlı Qüvvələrinin yüksək səviyyədə olduğunu göstərir”.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan iqtisadi və hərbi cəhətdən çox güclü dövlətə çevrilib. Bu baxımdan yüksək səviyyəli görüşlər məhz Azərbaycanda keçirilir.

“Ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıb. Bir çox beynəlxalq yarışlarda uğurlu iştirakımız, Azərbaycan Silahlı Qüvvələrinin təlimlərdə yüksək səviyyədə iştirakı burada mühüm rol oynayır. Bütün bunların hamısı kompleks şəkildə belə görüşlərin ölkəmizdə keçirilməsinə təsir edir”.

Qeyd edək ki, ötən gün Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ramaldanov   Bakı   Rusiya   NATO  





Xəbər lenti