Akif Muradverdiyevin səhhəti pisləşib

Akif Muradverdiyevin səhhəti pisləşib
  12 Sentyabr 2013    Oxunub:1368
Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin işində yeniliklər var.
Vəkil Mətləb Qasımovun “Media forum”a verdiyi məlumata görə, sentyabrın 11-də dindirilmələr aparılıb, müəyyən izahatlar alınıb: “Amma istintaqda xüsusi bir yenilik yoxdur”.

Mətləb Qasımov deyib ki, Akif Muradverdiyev müalicə müəssisəsinə göndərilməsi üçün təcridxana rəhbərliyinə vəsatətlə müraciət edib. “Akif müəllimin səhhətində müəyyən problemlər var, ağrıları getdikcə artır. Onun bu vəziyyətdə təcridxanada qalması qeyri-mümkündür”.

Vəkil bildirib ki, Akif Muradverdiyevin çantasından tapıldığı iddia edilən qızılların ekspertizasının cavabı bəlli olub. “Ekspertizanın rəyində qızıl sikkələrin 1900, 1901-ci illərə aid olduğu, çar Rusiyasında istehsal olunduğu kimi məsələlər qeyd olunur”.

Akif Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, o, Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə qızıl pul sikkələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. O, MTN-in təcridxanasında saxlanır.


Teqlər:  





Xəbər lenti