Bakılı qadın valyuta alverinə görə necə “ilişmişdi” – KRİMİNAL TARİXÇƏ

Bakılı qadın valyuta alverinə görə necə “ilişmişdi” – KRİMİNAL TARİXÇƏ
  19 Avqust 2017    Oxunub:30069
Bəhram Çələbi
AzVision.az üçün

1977-ci ildə Moskva böyük inşaat meydançasını, yaxud Odessadakı tolkuçkanı xatırladırdı. Olimpiada qabağı hər gün minlərlə turist gəlirdi Moskvaya və özləri ilə müxtəlif əşyalar gətirir, yalnız ABŞ dolları ilə satır, yaxud alırdılar. Sovet rublu işə keçmədiyindən yaşıl əskinasların qiyməti hərdən yeddi-səkkiz dəfə qalxırdı.
Həmin dövrdə gizli valyuta alveri ilə məşğul olanlardan biri də kriminal aləmdə “Zina Passajskaya”, “Zozzulya”, adları ilə də tanınan Zinaida Qədimova idi.

Zinaida Qədimova 1956-cı ildə Bakıda, “Passaj” bazarı həndəvərində anadan olub. 18 saylı məktəbdə oxuyub. 3 il Xalq Təsərrüfatı İnstitutunda iqtisad elmləri haqqında mühazirələr dinləyib. 1978-ci ildə Moskvada valyuta alveri üstündə həbs olunub. Bauman rayon Xalq Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum olunub. 1978-ci ilin fevralında Bekobad düşərgəsinə, bir il sonra İzyoslav zonuna yatab olunub.
1981-ci ildə azadlığa buraxılıb. 1982-ci ilin payızında Soçi şəhərində yenidən həbs olunub. İki il Adlerdəki düşərgədə oturub. 1985-ci ilin sonlarında Leninqradda fırıldaqçılıq (moşenniçestvo) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 1991-ci ildə Odessada yenidən dəmir barmaqlıqlar arasına düşüb. 4 il İrkutsk, Krasnoyarsk həbs düşərgələrində otur-duqdan sonra 1995-ci ilin baharında amnistiyaya düşüb. Ərdə olmayıb. Polad adında oğlu var. Hazırda Sankt-Peterburqda yaşayır.


Zinaida 70-ci illərin sonunda gedən gizli valyuta alverində iştirakı haqqında bunları danışırdı:

- Elə günlər olurdu ki, bizim dəstədəki “dördlük” iki min dollar satırdı. Bu, yeddiqat qazanc demək idi. İlqar Vilnüs–Riqa–Tallin marşrutu ilə səfərə çıxır, ikiqat bahasına dollar alır, biz isə tolkovat edirdik. Xarici turistlər bizdən çəkisi on iki karatdan böyük olan brilyant qaşlı zinət əşyaları və İran incisi alırdılar. Hərdən Gəncədən Xanım adlı birisi də Cığal Adildən otuz-qırx ədəd Nikolay onluqları götürürdü. Sonradan bildim ki, o, Olim Kirpvabadskinin anasıdır. Az sonra qaraçılar “Onluq”ların saxtalarını bazara çıxaranda bu işi dayandırdıq.

Mən “Ukrayna”, Adil “Rossiya”, Marusya “Moskva”, Şurik isə “Metropol” mehmanxanası qarşısında işləyirdik. Adilin dediyinə görə, gəlmələrin sayı da buna müvafiq surətdə dəyişirdi. “Rossiya” mehmanxanası qarşısında bazar günləri hətta “kalım”la türmədən iki günlüyə volyaya çıxan blatnoy funksionerlər də peyda olurdu. Həbsxana rəhbərliyinə “kalım” basıb, işə girişən “zek”lərin əhatə dairəsi daha geniş olduğundan, bazarı öldürürdülər. Əksəriyyəti moskvalı olan “blatar”lar qiyməti birin beşə nisbətiylə işləyir, daha çox satmağa çalışırdılar. Onlarda oğurluq ləl-cavahiratlar da işə yarayırdı.

Adilin satın aldığı milis zabiti məni tanıdığından, heç nədən ehtiyat etmədən işə girişmişdim. İki serjant isə bir qədər aralıda patrulluq edir, “zelyonılar”ın (başqa yerdən gələn alverçilər) bazara girmələrinə imkan vermirdilər. Atılmış loxlar mentə yaxınlaşıb şikayət edirdisə, qapon özünü təəccüblənmiş kimi göstərir, lazımsız suallarla vaxtı uzadırdı ki, kidala həmin yerdən uzaqlaşsın. Bundan sonra ment loxla birlikdə satış yerinə yaxınlaşır, alverçini tapmadıqda ona milis bölməsinə müraciət etməyi məsləhət görürdü. Valyutanı satana da iş vardı, alana da...

Həmin gün mən üç min dollarlıq alver eləmişdim. Axşama yaxın sumkamda cəmisi altmış dollarım qalmışdı. Günorta çağı 300 dollar dəyişdiyim cavan oğlan yenidən qarşımda peyda oldu və daha 200 “yaşıl” lazım olduğunu bildirdi. Danışığından, həyəcanlı olmasından şübhələndim:
– Mən nə dediyinizi başa düşmədim, – dedim.
Daha iki nəfər cəld addımlarla bizə yaxınlaşdı. Ucaboylusu sakit səslə:
– Xahiş edirəm, səssizcə mehmanxananın qarşısındakı ağ “Volqa”ya əyləşəsiniz. Biz DİN-in əməkdaşlarıyıq...

Maşında iki gün əvvəl mənimlə mehmanxananın eyni nömrəsində gecələmiş Nelli də oturmuşdu. Üzündəki ənlik-kirşan bir-birinə qarışmış, dodaqlarındakı boyanın yarısı silinmişdi.

Nelli ilə məni DİN-in binasına gətirdilər. Zirzəmiyə endik, qapısında “laboratoriya” sözü yazılmış otağa saldılar. Bura laboratoriyadan çox akt zalına bənzəyirdi. Səhnədə bir dəstə qaraçı qadın döşəmədə oturaraq yeyir-içirdilər. Bədənimi xırda uçuntular, əsməcə bürümüşdü. Gözlərimin qarşısında qığılcımlar parlayırdı.

Nelli qaraçı artistləri görən kimi onlara sarı götürüldü. Mən isə qapının yanındakı yumşaq kresloya əyləşib vəziyyəti təhlil eləməyə başladım. Adilə xəbər vermək lazım idi. Amma necə? Ona zəng vura bilməzdim. Onu da həbs edərdilər. Beynimdəki fikirlər bir-birinə qarışırdı.

Nelli və qaraçılar isə heç nə olmayıbmış kimi haray-həşirlə qarşılarındakı məcməyidən nəyi isə qaşıqlayır, iştaha ilə yeyirdilər.
Məni cərimələyib buraxacaqlar, – deyə fikirləşirdim.

İki gün əvvəl Cinayət Məcəlləsinin valyuta ilə bağlı bütün maddələrini oxumuşdum. “Уголовная ответ-ственность за спекуляции» –154-cü maddə ilə adamlar həm adminstrativ, həm də cinayət məsuliyyəti daşı-yırdılar. “Əlimdəki 60 dollar konfiskovat olunacaq, 50 rubl da cərimə ödəyəcəyəm” fikirlərilə təskinlik tapırdım.
İlahi, sən bu dəfə də məni hifz elə, sakit-salamat qurtarım, bir də bu cür işlərə baş qoşmaram, – onlarla, yüzlərlə dəfə dualar edir, yumruqlarımla başımı döyəcləyirdim.

İstintaq

Oturduğum yerdən qalxıb ikicə addım atmışdım ki, zalın qapıları taybatay açıldı. Kandarda kapitan, iki podpolkovnik, iki serjant və mülki paltar geymiş bir kişi göründü. Bizim hamımızı səhnəyə yığdılar və dopros başlandı.

Nelli ilə cavan qızı tezliklə azad etdilər. Podpolkovniklərin hərəsi bir nəfərlə danışıq aparır, kapitan və böyük serjant protokol yazırdı.
– Qədimova, siz "Romen" qaraçı teatrının rəhbəri Boris Buryatseni necə tanıyırsız? Nə vaxt tanış olubsunuz? Əlaqələriniz necədir? Görüş yeriniz harada idi? Bu suallara cavab verin!...

Sizin çantanız hansıdır? Göstərin! – deyə podpolkovnikin qocası məni özü ilə kapitanın arasındakı stulda oturmağa dəvət etdi.
– Buryatseni elə-belə, dinləyici kimi tanıyıram. Məncə, onu bütün SSRİ xalqı şən mahnılar ustası kimi tanıyır. Mən də onlardan biri... Şəxsi tanışlığımız yoxdur, buna görə bütün sonrakı suallar cavabını tapmış olur, – cavabını verdim.
Deyəsən, ötkəm cavabım podpolkovnikin xoşuna gəlmədi. Kinayə və kin dolu gözlərini üzümə zilləyərək xeyli baxdı. Düzü bu baxışlara tab gətirmədim, nəzərlərimi qaçırdım. Nədənsə gözlərim də yaşardı, hiss etdim ki, sifətim qızarır.

– Bəs Burçomistrovanı necə, onu da tanımırsınız? Onun evini yarıblar, xeyli zinyət əşyalarını, ulu babaların-dan qalma brilyantlarını, almazlarını aparıblar. Bunlardan da xəbəriniz yoxdur? Hə, yeri gəlmişkən, deyin görək, hansı ölçüdə ayaqqabı geyinirsiniz? 36 razmer... Düzdür?
– Bəli, çəkmələrim barədə dedikləriniz düzdür, ancaq Burçomistrovanı heç tanımıram. Harada yaşadığını da...

Podpolkovnik yumruğunu stola çırpdı. Ancaq çox sakit halda:
– Sən hələ ana uşağısan... Belələrinin dilini mən hələ iyirmi il əvvəl ya tamam açırdım, ya da dibindən qoparırdım ki, bir də yalan danışmasınlar. Məncə, birincisi sizin üçün daha sərfəlidir... Podpolkovnik içində brilyant olan bükülünü barmaqları arasında oynada–oynada qeyzlə dilləndi.

– Bu ki, Buryatsenin kolleksiyasının ən qiymətli zümrüdüdür. Bu qiymətli daş bir həftə əvvəl Borisin cibindən yoxa çıxmışdı. – Zabit ayağa qalxaraq nə isə fikirləşə-fikirləşə gəzişməyə başladı, sonra əllərini cibinə soxaraq qarşımda dayandı. – Düzünü deyin, Buryatse ilə tanışlığınız nə vaxtdan başlayıb və belə daşlardan sizə neçəsini bağışlayıb... Onu da deməliyəm ki, o yaramazı nə qədər müdafiə etsəniz, öz işinizi bir o qədər çətinə salacaqsınız.

Mən bir həftə əvvəl Ukrayna mehmanxanasındakı oblavadan danışdım, çantamda bu daşı kiminsə gizlətdiyini dedim.
– Axmaq sözlər danışırsan, Qədimova. Dediklərini bir də dilinə gətirmə. Çantandan çıxan şeylərin siyahısını oxu və imza et... Bizi əsasən iki şey maraqlandırır, 600 dollar valyuta və Kokovin zümrüdü... Bunların hər ikisi Burqamistrovanın evindən oğurlanıb.

Mənim imza etmədiyimi görüb qəflətən əlini başıma atdı, saçlarımı çəngələyib burdu. Elə bildim skalpım yerindən qopdu. Qeyri-iradi olaraq bərkdən qışqırdım.
– İmza elə, fahişə! – bağırdı podpolkovnik.
Mən qələmin ucunu 600 rəqəminin üstünə qoyub, nəzərlərimi onun üzünə qaldırdım.
– Məndə cəmisi 60 dollar vardı, burada isə on dəfə artıq göstərilib, – dedim.
– Hə, düzdür, bağışla. Özün rəqəmlərin yanından altmış sözlərini yaz, – Podpolkovnik yenə əlini saçlarıma atdı, ancaq bu dəfə başımı sığalladı:
– Cinayət Məcəlləsinin 154-cü maddəsində göstərilir ki, valyuta alveri ilə məşğul olanlar adminstrativ nakazaniya kimi 50 rubl cərimə ilə cəzalanırlar, – deyə zabit yazdığı protokolları yığışdırıb süni təbəssümlə gülümsədi. – Yalnız alqı-satqı cüzi olan halda, belə yüngül cəza tətbiq olunur. Mənim təcrübəm dövründə belə hökmə rast gəlməmişəm. Adətən bizdə üç ildən səkkizə qədər yükləyirlər. Əgər cinayət işinə ləl-cavahirat, qiymətli daşların da alqı-satqısı qarışdırılıbsa, srok beş ildən on beşəcən artırıla bilər. Cərimə ilə yaxanı qurtarmaq istəyirsənsə, biz dediyimiz ifadəni yazmalısan.

İfadə protokolunu doldurmağa başladı:

Qədimova Zinaida Ruslanovna, 1956-cı ildə Az.SSR, Bakı şəhərində andan olub, subay, natamam ali təhsilli...

Sual: "Romen" qaraçı teatrının artisti Boris Buryatseni nə vaxtdan tanıyırsan və ilk dəfə sənə brilyant, qızıl sik-kələr və xarici valyuta satmağı nə vaxt, harada təklif edib?
“Cavab” sözünü də özü yazıb, kağızı qarşıma sürüşdürdü...
– Yaz ki, verilən suala cavab olaraq bildirirəm:
– Buryatse ilə iki il əvvəl Leninqradda, konsertdən sonra tanış olmuşam. Özündən quraşdır da... Guya onun mahnılarının dəli-divanəsi idin... Bir dəfə ona yaxınlaşaraq avtoqraf verməsini xahiş edəndə səndən soruşdu ki, hansı şəhərdənsən. Bakıdan olduğunu öyrənəndə səni öz dəstəsi ilə təşkil etdiyi şam yeməyinə çağırdı... Soruşdu ki, hansı mahnısı daha çox xoşuna gəlir... və sair və ilaxır... Sonra da sənə bir qədər xarici əskinaz və iki qızıl sikkə verdi. “Başlanğıc üçün bunları satarsan” dedi...

Podpolkovnik əllərini şalvar cibinə soxaraq, qarşımda var-gəl edir, elə hey danışırdı... Mən cavab sözü qarşısına: "Boris Buryatseni məşhur artist, qaraçı mahnılarının mahir ustası kimi dörd ildir televiziya verilişlərindən tanıyıram. Ən çox sevdiyim müğənnilərdən biridir. Xüsusilə "Ot zari-do zari" mahnısını həyəcansız dinləyə bilmirəm. Onunla şəxsi tanışlığım yoxdur," – yazdım.

Podpolkovnik dayandığımı görcək, protokolu götürdü və bir an sonra üzümə dəyən qəfil şillədən yerə yıxıldım. Zərbə elə qüvvətli və qəfildən endirilmişdi ki, əvvəlcə nə hadisə baş verdiyini anlamadım. Az sonra şillə dəyən üzüm od tutub yanmağa başladı. Dodağımın kənarı da partlamışdı. İkiəlli yaxamdan yapışıb, başının üzərinə qaldırdı. Elə bildim, döşəməyə çırpacaq. Amma üsulluca əvvəlki yerimə oturtdu, kobud şəkildə donumun boyunluğundan qamarlayıb, ayağa qaldırdı.
– Mənimlə siçan-pişik oynayırsan, fahişə?! – dişlərini qıcırdaraq, digər üzümə yumruq vurdu, basıb kətilə oturtdu. Protokolu dörd qatlayıb, yavaş-yavaş düz gözlərimin qarşısında cırdı.
– Bir də xam xəyallara qapılsan, aqibətin protokolun başına gətirdiyimdən yaxşı olmayacaq... Səni ayaqlarından tutub dörd yerə cıraram. Deyəsən, hələ hara düşdüyünü dərk eləmirsən?! – deyərək, yenindən protokolun şəxsiyyət bildirən hissəsini doldurdu. Gözlərini qıyaraq:
– İt kimi ulaya-ulaya yazacaqsan dediklərimi, yoxsa on beş il basdıracağam dama... 154-ün axırıncı maddəsini yükləyəcəklər belinə. On beş il pomada əvəzinə dodaqlarına nəcis yaxacaqsan... Yaz! – deyib, kağızı üzümə, qələmi başıma çırpdı.
Dodağımın kənarında iriləşən qan damcı-damcı stolun üstünə düşür, daha xırda zərrəciklərə parçalanaraq, ətrafa səpələnirdi... Protokolu elə sürüşdürdüm ki, qan zərrəcikləri onun da üzərinə sıçrasın... Ancaq qələmi götürmədim.

Podpolkovnik bayaq dediklərini eyni ilə yenə təkrarlayırdı... Bu dəfə hətta tələb edirdi ki, Burqamistrovanın ünvanını da söyləyim. Mənimçün "torba" yox, içində fil gizlətmək olan xaral tikirdilər. Özümə söz verdim ki, ölsəm də onların dediklərini yazmayacaq, yazdıqlarına imza atmayacağam.

– Qədimova, sən bilirsənmi, Moskvada hər gün səssiz-səmirsiz, izsiz-soraqsız neçə nəfər yoxa çıxır? Kişilər, qadınlar, uşaqlar... Ay ərzində yoxa çıxanların sayı bir neçə yüzə çatır. Yaxşı-yaxşı fikirləş, biz nahara gedirik, mən gələndə izahatı yazılmış görüm, yoxsa... – podpolkovnik şəhadət barmağı ilə məni hədələyərək, digər stolda qaraçını dindirən həmkarına göz vurdu, – gedək "bir rumka çay" içək, lap boğazım quruyub, – dedi.

Bu vaxt serjantlar tələbə qızla Nellini də biz oturduğumuz otağa itələdilər.
– Yaramazlar, bizim əlimizdə buraxılış vərəqəsi var, bizi evə buraxıblar! – deyə Nelli qapını yumruqlayaraq çığırmağa başladı. Qızcığaz isə boynunu burub, təəccüblə ətrafa baxırdı. Onun da barmaqlarının arasında sarı rəngli kağız parçası vardı.

Hansı vasitə ilə olursa-olsun, bayıra harada saxlandığım barədə məlumat göndərməli idim. Adili narahat etmək olmazdı. Onu da tutub damlaya bilərdilər. Ancaq Leninqrada, xalamla-nənəmə gümanım qalırdı. Nelliyə etibar edə bilməzdim, bütün hərəkətləri ilə "agentə", "dilə" oxşayırdı... Qızcığaza bel bağlamaq qərarına gəldim. Fikirdən beynim dəymiş qarpız kimi uğuldayırdı. Gicgahlarımı ovuclarım arasında sıxaraq fikirləşirdim: Podpolkovnikin dediyi kimi, məni lap paraşoka döndərib, yox edə bilərdilər və heç kəs də bundan xəbər tutmazdı. Müstəntiqin dedikləri ifadəni yazası olsaydım belə, buradan sağ-salamat çıxacağıma zəmanət yox idi. Nənəmin Leninqraddakı telefon nömrəsini siqaret korobkasının içindən çıxardığım kağıza yazdım. Qızcığaz hələ də ayaq üstə, yanımda dayanmışdı... Ehtiyatla onun əlinə toxundum. Diksindi və təəccüblə üzümə baxdı.
– Mədən necədir, daha incitmir ki? – soruşdum.
– Heç əvvəl də ağrı yox idi, amma ürəyim bulanırdı... İndi də tamam keçib getməyib...
Telefon nömrəsini yazdığım kağız parçasını qızcığazın ovucuna sürtdüm və barmağımı dodaqlarımın üstündə çarpazlayıb, səs çıxarmamasına işarə etdim... Kağızı ötürdükdən sonra başımı stolun üstünə dayayaraq yuxuladım. Beşmi, onmu dəqiqə yuxuladım, bilmirəm. Qapı açılarkən oyandıqda artıq bütün ağrılarım, yorğunluğum ötüşmüşdü.

Zabitlər qızarmış, şən halda otağa girən kimi Nelli ayağa qalxıb qışqırmağa başladı, əlindəki kağızı silkələyir, onu polkovnikin yanına aparmalarını tələb edirdi. Fikirləşdim ki, yəqin mən kağızı qızcığaza ötürəndə hiss edibmiş, indi xəbər vermək niyyətindədir.
Məni dindirən podpolkovnik qapını açıb dəhlizdə oturmuş serjantı kobud söyüşlə içəri çağırdı, bu qızların niyə buraxılmadığını soruşdu.
– Sizin imzanız yoxdur, yoldaş podpolkovnik,– deyə serjant dartınıb çest verdi, qızcığazın əlindəki sarı vərəqəni göstərdi.
– Durak! Vonyuçiy kozyol! Şöbə müdirinin imzası varsa, bəsdir. Buxoy sovsem, çto li? – serjant çaşqın halda gah bu, gah da digər zabitə baxdı, nə isə demək istədi, ancaq məni dindirən podpolkovnik əlindəki mineral su butulkasını ona uzadaraq kinayə ilə:
– Al iç, boğazın açılsın... Kuçeryavını buraya sürüklə, özünə də dəyənəyi hazırla. Mən "Kazbek" korobkasından papiros götürsəm, heç nə soruşmadan onu yaxşıca kötəkləyərsən. Çalış üzünə və barmaqlarına dəyməsin. Əgər mən "Trezor" siqareti çəkməyə başlasam, dəyənəyi bir tərəfə atıb, qaraçını təpikləməyə girişəcəksən. Zərbələr ancaq ayaqlarının arasına dəyməlidir. Mudak Kuçuryavıy! Gör kimə ilişib, əclaf! – dodaqları kinayəli təbəssümlə doldu.

Podpolkovnik yanımda əyləşib, istehzalı baxışlarını üzümə zillədi:
– İndi Borya ilə üzləşdirmə aparacağıq... Əgər Kuçeryavıy səni tanıdığını etiraf etsə, səni indicə onu gətirməyə göndərdiyim serjantın ixtiyarına verəcəyəm. Bir gecəliyə. Sonra başqa üzləşdirmə, başqa serjant olacaq, – podpolkovnik süni gülüşlə bir neçə dəfə toyuq kimi qaqqıldadı və yeni bir mineral su butulkası götürüb, qapağını stolun kənarına söykəyərək açdı. – Meylin çəkir? – soruşdu.
Başımı silkələyərək sudan imtina etdim, ancaq boğazım, dilim qurumuşdu susuzluqdan. Butılkanı qarşıma qoyub ayağa qalxdı podpolkovnik. Dəhlizdən söyüş səsləri eşidilirdi. Hər iki zabit tələsik qapıya doğru qaçdı. Buryatseni ayaqlarından tutub, sürüyə-sürüyə otağa gətirdilər, qaldırıb küncdəki taburetkaya oturtdular. Yekəpər serjant qaraçının arxasında dayandı.

Müstəntiq qorxudan büzüşərək oturmuş qaraçı qadını göstərərək soruşdu:
– Buryatse, bu qadını tanıyırsanmı?
– Düz dörd ildir birlikdə oxuyuruq... Əlbəttə, tanıyıram... Məgər o, bunu inkar edir? – müğənni acıqlı səslə çığırdı.
– Bir az səsinin tonunu azalt. Bura səhnə deyil.
– Səhnə deyilsə, bəs bu maskarad nəyə gərəkdir?
– Maskarad yox, üzləşdirmə prosesidir bu, Buryatse. Müqəssirlərin ifadələrində mühüm ziddiyyətlər olduqda, müstəntiq iki şübhəli şəxs arasında üzləşdirmə aparmalıdır. Bizim halda sən özünü çox şübhəli aparırsan. Bu qadını necə, tanıyırsan? – podpolkovnik barmağını mənə tuşladı.

– Mənim pərəstişkarlarımdan biridir, – deyə qaraçı müğənni soyuqqanlıqla bildirdi. – SSRİ-nin elə bir bucağı yoxdur ki, bizim truppanı sevməsin. Bu qadın da həmin milyonlardan biridir.
– Sarsaqlama, əclaf! Söylə görək onun adı, familiyası necədir? – podpolkovnik ayaqlarını aralı qoyaraq, düz müğənninin qarşısında dayanmışdı. – Düzünü de, yaramaz. Bu qadın sənin əlaltın, podelnikindır? Yoxsa aşnandır? Bəlkə adicə tanışındır?
- Mənim ancaq bir tanışım, bircə əlaltım, yeganə məşuqəm var... Onu da siz tanıyırsınız. Hamı tanıyır. Bütün dünya qadınlarının Kleopatrası! Çaritsası! – Buryatseyə sözünü deyib qurtarmağa imkan vermədilər.

(Ardı var)



Teqlər: #Kriminal   #Valyuta-alveri   #Zinaida-Bakinskaya  





Xəbər lenti