Qu Quşunun son nəğməsi: Ququşu Ermənistana aparan səbəb nədir? – ARAŞDIRMA

Qu Quşunun son nəğməsi: Ququşu Ermənistana aparan səbəb nədir? – ARAŞDIRMA
  15 Avqust 2017    Oxunub:54134
Milliyyətcə azərbaycanlı olan məşhur iranlı müğənni və aktrisa Ququş (Faiqə Atəşi) avqustun 31-də Yerevanda konsert verəcək. Müğənninin özü dəfələrlə sosial şəbəkədəki səhifəsində Ermənistanda baş tutacaq konsertilə bağlı reklam xarakterli şəkillər paylaşıb.

Ququşun konserti Yerevanda Karen Dəmirçiyan adına İdman və Mədəniyyət sarayında baş tutacaq. Biletlərin qiyməti 130 dollara qədərdir. O, bir neçə gün Ermənistanda qaldıqdan sonra, sentyabrın 3-də Gürcüstanda, 7-də Kiprdə konsert verəcək.

Əksər konsertlərində Azərbaycan dilində “Ayrılıq” mahnısı oxuyub, Vətən həsrətilə göz yaşı tökən, bununla da bizləri kövrəldən müğənninin bu addımı ölkəmizdə heç də normal qəbul olunmur. Müğənninin azərbaycanlı pərəstişkarları onu tənqid atəşinə tutublar, hətta Sarkisyan rejiminin alətinə çevrildiyini də qeyd ediblər.
Müğənninin sözçüsü və konsertlərinin təşkilatçı olan “Norz Prodakşn” şirkətinin rəhbəri Şahram Norouz AzVision.az-a açıqlamasında bildirib ki, Bakıda da konsert verməyi çox istərdilər: “Bunun üçün bizə yaxşı tədbir təşkilatçısı lazmıdır. Hələ ki, elə bir təşkilatçı tapa bilməmişik. Yaxşı bir təşkilatçı tapan kimi biz Ququş xanımın Bakıda konsertini təşkil edəcəyik. Onun özü də Azərbaycanı sevir”.



Doğrudanmı, dünya səviyyəli ulduzların gəldiyi Bakıda Ququşun konsertini təşkil edəcək kimsə tapılmadı? Açığı, inandırıcı deyil. Biz AzVision.az olaraq Ermənistanın işlağçılıq siyasətini, Azərbaycanın 20 faiz torpaqlarının hələ də düşmən tapdağının altında qalmasını, 2 yaşlı balaca Zəhranın erməni gülləsinə tuş gəlməsini, Xocalı Soyqrımı və Qarabağla bağlı digər həqiqətləri Ququş xanımın Ermənistanda konsertini təşkil edən şirkət rəhbərinə xatırlatdıq. O isə öz növəsində, bütün bunları yenidən Ququşun diqqətinə çatıracağını bildirdi. Amma bundan sonra iranlılar demişkən, çifayda...

Ququşla eyni səhnəni bölüşən məşhur bəstəkar, gitara ifaçısı Babək Amini AzVision.az-a açıqlamasında deyib ki, Ququşun azərbaycanlıları sevməməsi haqda fikrilər düzgün deyil: “Ququş Azərbaycana, vətəninə bağlı insandır. O, həmişə “Ayrılıq” mahnısını oxuyanda gözləri yaşla dolur. Bir neçə il öncə Azərbaycana gəlmək, konsert vermək istəyirdi. Hətta bütün əşyalarını toplamışdı. Birdən onun konsertinin təxirə düşməsi haqqında xəbər aldıq. Azərbaycandan gələn xəbər Ququş xanıma çox pis təsir etdi. Onun bütün xəyalları alt-üst oldu. Konsertin ləğv olunmasının səbəbi bilinmədi. Buna baxmayaraq, o, yenə Azərbaycanı sevir”.



Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin musiqi şöbəsinin müdiri Sevda Məlikova AzVision.az-a deyib ki, belə konsertləri yalnız özəl şirkətlər təşkil edə bilərlər: “Hər hansı bir konserti də Mədəniyyət Nazirliyi ləğv etmir. Məsələn, “Jara” festivalını da Mədəniyyət Nazirliyi yox, məhz özəl şirkətlər təşkil etmişdilər. Ququş xanımın konsertinin Mədəniyyət Naziriyi tərəfindən təşkil olunması üçün gərək onun vətəndaşı olduğu ölkənin Mədəniyyət Naziriyi bizə müraciət etsin ki, məsələn, bu müğənninin konsert qonorarı bir milyondur, onun baş tutmasına dəstək ola bilərsinizmi? Biz də yazacağıq ki, bu qədər qonorarla konsertin təşkili mümkün deyil. Biz heç bir konsertin baş tutmamasını tələb etməmişik. Heydər Əliyev Sarayının öz müdriyyəti var. Şirkətlər onunla müqavilə bağlayır və zalı konsert üçün icarəyə götürürlər”.



Məşhur prodüser və konsert təşkilatçısı Tarix Əliyev isə AzVision.az-a deyib ki, Ququşun guya 2011-ci ildə Azərbaycanda baş tutmalı olan konsertinin son anda ləğv olunmasına inanmır: “Heç bir konsert bir–iki gün qalmış ləvğ oluna bilməz. Ququş xanım da, fikirimcə, az qonararla konsert verməz. Ən azı 50-100 min pul istəyəcək. Onun konsertini Azərbaycanda mənim kimi adi təşkilatçılar keçirə bilməzlər. Çünki böyük məbləğ, özəl təyyarə xərcləri və s. tələb olunur. Amma Erməni Diasporu Ququşun konsertini məqsədli şəkildə təşkil edib. O, Ermənistanda konsert verəndən sonra, inanmıram ki, kimsə Azərbaycana buraxsın. Şəxsən mən özüm bundan sonra imkanım olsa da, onun konsertini təşkil etmərəm”.



Qeyd edək ki, Ququşun anası, illər öncə Amerikada vəfat edən Nəsrin Atəşinin sənədlərində onun Bakıdan olduğu qeyd edilib. Bir müddət öncə AzVision.az-da Ququşun həyatı ilə bağlı geniş araşdırma dərc olunmuşdu. Siz məşhur müğənni haqqında çoxlarına məlum olmayan faktları BURADAN oxuya bilərsiniz.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Ququş   Konsert   Azərbaycan   Ermənistan  





Xəbər lenti