Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək

Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  14 Avqust 2017    Oxunub:1804
21-24 avqust tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək.
Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, foruma dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur. Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa, foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi suallar ətrafında fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platforma kimi nəzərdə tutulub.

AzVision.az


Teqlər: Bakı   Forum  





Xəbər lenti