Prezident hava limanının açılışında

Prezident hava limanının açılışında
  10 Sentyabr 2013    Oxunub:1086
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Şahin Kərimov Prezident İlham Əliyevə Yevlaxın inkişafına verdiyi dəstəyə görə təşəkkür etdi.

Gənclər adından çıxış edən Əli Quliyev isə ölkəmizdə yürüdülən gənclər siyasətinə verdiyi töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxdı.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşayıb.

Milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulub. Burada həyata keçirilən işlər ölkəmizdə gedən inkişaf proseslərinin əyani sübutudur.

Hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırıldı ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınıb. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi.

Qeyd olundu ki, vağzalyanı meydan abadlaşdırılıb, 60 avtomobil tutumlu dayanacaq tikilib. Hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyası inşa olunub, 1300 metr uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilib.

Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Hava limanına yeni yol salınıb, böyük abadlıq işləri görülüb.

Sonra xatirə şəkilləri çəkdirildi.


Teqlər:





Xəbər lenti