Yeni həmsədr həmkarlarını iş görməyə çağırdı

Yeni həmsədr həmkarlarını iş görməyə çağırdı
  10 Sentyabr 2013    Oxunub:1019
“20 ildən artıq vaxt keçdiyini nəzərə alaraq deyə bilərəm ki, əzab-əziyyət və nifrətə son qoymağın vaxtı gəlib çatıb”.

AzVision.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uoriki jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu səfər onun Azərbaycana ilk səfəridir:

“Yenidən bura səfərlərimin olacağını səbirsizliklə gözləyirəm. Bu səfərlərin məqsədi və qayəsi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə və münaqişənin sülh yolu ilə həll edilməsində köməklik göstərməkdir. 20 ildən artıq vaxt keçdiyini nəzərə alaraq deyə bilərəm ki, əzab əziyyət və nifrətə son qoymağın vaxtı gəlib çatıb. Bütün tərəflərin birgə münaqişənin Helsinki yekun aktına əsasən birdəfəlik həll edilməsi üçün birgə işləməsi vaxtı gəlib çatıb. Minsk qrupu və Minsk qrupu həmsədrlərinin həmçinin Azərbaycan və Ermənistan hökumətinin eləcə də regiondakı digər ölkələrin birgə çalışaraq və zəruri addımlar ataraq bölgənin gələcəkdə çiçəklənməsi, sülhə qovuşması və inkişaf etməsi üçün davamlı sülhə nail olunması məqsədilə birgə çalışmaları vaxtı gəlib çatıb”.

Yeni həmsədr bildirib ki, sülhə nail olmaq üçün xalqlar güzəştə getməyi bacarmalıdır:

“Bu davamlı sülhə nail olmaq üçün hər iki tərəfdən siyasi iradə, eyni zamanda hər iki tərəf ölkələrinin rəhbərlərinin eləcə də xalqlarının güzəştlərə getməsi üçün cəsarətli addımlar atması tələb olunur. Münaqişənin davamlı sülhlə yekunlaşması üçün Minsk qrupundan həmsədr həmkarlarımla birgə fəaliyyətimi səbirsizliklə gözləyirəm. Atəşkəsin imzalanmasının 20 illiyinin yaxınlaşdığı bir ərəfədə hesab edirəm ki, davamlı sülhə və inkişafa gətirib çıxarmaq yollarını birgə axtarıb tapılması lazımdır”.

Amerikalı həmsədr regiona səfər çərçivəsində Dağlıq Qarabağa da səfər edəcəyini qeyd edib: “Bu mənim regiona ilk səfərimdir. Bu səfər çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcəyəm, Dağlıq Qarabağa səfər edəcəyəm. Ümumilikdə səfər ərzində məqsədim bir qədər çox fikirləri və rəyləri öyrənmək, mümkün qədər çox məlumat əldə etməkdir. Yaxın gələcəkdə yenidən Azərbaycana səfər etməyi səbirsizliklə gözləyirəm”.

Sevinc İLtifatqızı


Teqlər:  





Xəbər lenti