Elmar Vəliyev hesabat verdi

Elmar Vəliyev hesabat verdi
  01 Avqust 2017    Oxunub:3146
Gəncədə 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
AzVision.az xəbər veirr ki, hesabat yığıncağında 6 ayın statistik göstəricilərinə nəzər salınıb. Növbəti rüb ərzində görülməsi nəzərdə tutulan məsələlər müzakirə olunub. Elmar Vəliyev qeyd edib ki, 2017-ci ilin 6 ayında şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə dinamik inkişaf davam etməklə bu sahədə fəaliyyət göstərən dövlət, qeyri-dövlət müəssisələri tərəfindən 168 milyon 736 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu dövrdə sahibkarlıq subyektləri tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 70,1 faizini təşkil etmiş, ümumi istehsalın 92,2 faizi sənaye mallarının istehsalı, 7,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb.

Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilib və bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Gəncə şəhəri Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən 0,5 hektar torpaq sahəsində 4 ədəd bir bloklu çoxmərtəbəli binalardan on mərtəbəli, 60 mənzilli binanın inşası davam etdirilir. Cavad xan küçəsi, 34 ünvanda yeddimərtəbəli, ümumi sahəsi 5 min 586 kv. metr olan “Majestik” mehmanxanasının və Heydər Əliyev prospektində, Mərkəzi Univermağa məxsus, ümumi sahəsi 2 min 500 kv.metr olan, 8 mərtəbəli “Otel Univermaq”ın inşası davam etdirilir.

Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, nəqliyyat, rabitə və informasiya xidməti sektorunda fəaliyyət göstərən subyektlərin işləri daim diqqət mərkəzində saxlanılır və bu sahəyə investisiyaların yatırılması, şəhərdaxili yolların yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası ilə əlaqədar mühüm işlər davam etdirilir. 2017-ci ilin birinci yarısında Telekommunikasiya İdarəsi rabitə şəbəkəsini genişləndirərək, yeni 707 ədəd telefon çəkilmiş və əsas telefon aparatlarının sayı 56 min 740 nömrəyə çatmışdır ki, bu da ümumi montaj tutumunun 63,9 faizini təşkil edir.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində də su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Şəhərimizdə Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatının Azərbaycan hökuməti ilə maliyyə əməkdaşlığı çərçivəsində “Açıq Kommunal İnfrastruktur Proqramı”nın icrası mərhələli şəkildə 5 kontrakt üzrə həyata keçirilir. Bu layihənin tam icrasının 2018-ci ildə yerinə yetirilməsi nəzərdə tutulub. Gəncənin içməli su ilə təmin edən mənbələrdən-uzunluğu 24 min 293 metr olan 530 mm diametrlik polad borularla Göygöl-Gəncə, 710 mm diametrlik şüşə lifli borularla 2 min 660 metr məsafədə Qızılqaya-Totanlı və Şəmkirçay su anbarından isə 24 min 500 metr uzunluğunda magistral su xətti çəkilib.

Su və kanalizasiya sistemində aparılan yenidənqurma işləri ilə yanaşı, mövcud su və kanalizasiya kəmərlərində, eləcə də su şəbəkəsində 2017-ci ilin birinci yarısında ümumi uzunluğu 1 min 95 p/metr müxtəlif diametrli su borusu, 70 p/metr müxtəlif diametrli kanalizasiya borusu, 1 min 640 p/metr uzunluğunda müxtəlif en kəsikli elektrik kabeli və 18 ədəd müxtəlif diametrli siyirtmə dəyişdirilib. Yenisi ilə əvəz edilmiş, 87 ədəd subartezian quyusu, 47 ədəd su nasosu, 77 ədəd müxtəlif ölçüdə su nizamlayıcı siyirtmə təmir edilərək istismara verilib. Bununla bərabər bu dövr ərzində 28 ədəd kanalizasiya nəzarət baxış quyusu yenidən tikilərək istifadəyə verilmiş, 18 dəst kanalizasiya lyuk qapağı təmir edilib. 950 halda su və 216 halda kanalizasiya xətlərində sızmaların qarşısı alınıb. Bütün bu işlərin görülməsi üçün 105 min 886 manatdan çox vəsait xərclənib.

Təhsilin inkişafı və bu strateji sahənin maddi-texniki bazasının getdikcə müasirləşməsi və möhkəmləndirilməsi sahəsi də Gəncə şəhər icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu sahədə mərhələli şəkildə ardıcıl işlər aparılır. 1 min 76 şagird yerlik Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəb təmirdən sonra şagirdlərin və müəllimlərin istifadəsinə verilib. 280 şagird yerlik İnteqrasiya Təmayüllü İnternat Tipli Gimnaziyanın tədris korpusunun və yataqxanasının, həmçinin 2 min 140 şagird yerlik 1 nömrəli tam orta məktəbin əsaslı təmir işləri başa çatmaq üzrədir və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur. 120 yerlik 1 nömrəli uşaq bağçasında son tamamlanma işləri aparılmaqla, yaxın günlərdə istifadəyə verilməsi gözlənilir. 240 yerlik 44 nömrəli, həmçinin Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilməkdədir. Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanası, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanası əsaslı təmirdən sonra istifadəyə verilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin 2016-cı ilin 17 fevral tarixində “Tələbə evi” layihəsi üzrə 7 mərtəbəli birinci yataqxana istifadəyə verilmiş, ikinci yataqxanada tikinti işləri davam edir. Eyni zamanda universitetin torpaqşünaslıq və aqrokimya, kənd təsərrüfatı texnikası, meliorasiya və hidrotexnik qurğular kafedralarında yeni laboratoriyalar quraşdırılmış, Universitetin nəzdində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması məqsədilə eksperimental fermanın tikintisi yekunlaşmaq üzrədir.

Gəncə Dövlət Universitetində maddi-texniki bazanın möhkəmləndirilməsi, laboratoriyaların zənginləşdirilməsi, yenidən qurulması istiqamətdə işlər davam etdirilməkdədir. Universitetin I-IV tədris korpuslarında əsaslı, cari təmir və abadlıq işləri aparılmış, V tədris binasında əsaslı təmir işləri başa çatdırılaraq auditoriyaların, iclas və idman zallarının müasir inventar və avadanlıqlarla təchiz olunması istiqamətində işlər davam etdirilməkdədir.

Azərbaycan Texnologiya Universitetində “Azersell Telekom” MMC-nin nəzdində fəaliyyət göstərən “Barama” sahibkarlıq və innovasiyalar mərkəzinin ilk regional ofisi yaradılmış, “DET AL” Alüminium Kompleksi ilə birgə Mexanika və texnoloji maşınlar kafedrası nəzdində metallurgiya laboratoriyası yaradılaraq istifadəyə verilib.

Gəncə şəhər icra hakimiyyəti vətəndaşların sağlamlığının qorunmasını, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsini, tibb müəssisələrinin təmiri və yenilərinin tikintisini, onların müasir avadanlıqlarla təchiz olunmasını da daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Psixiatriya Xəstəxanası üçün beynəlxalq standartlara uyğun müasir 2 korpus və yardımçı binaların tikintisinin bünövrəsi qoyulmuş, Endokrinoloji xəstəxanada əsaslı təmir işləri başa çatdırılmışdır. Regional Perinatal Mərkəzinə portativ rentgen aparatı, yenidoğulmuşlar üçün süni tənəffüs aparatı, əməliyyat masası, şəkərli diabet xəstələrinə 620 ədəd qlükometr verilmiş, tibb müəssisələri yeni yumşaq və bərk inventarlarla təminatı istiqamətində işlər davam etdirilmişdir.

Şəhərimizin mərkəzində yerləşən XVII əsr tarix-memarlıq abidəsi olan “Şah Abbas” və “Uğurlu xan” karvansaralarının əsaslı təmir və bərpası, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin muzeyinin yaradılması, Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adını daşıyan parkın salınması işləri sürətləndirilmiş və sonuncu iki obyektin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Hesabat dövründə “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsi çərçivəsində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə I Gəncə Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Şəhər ictimaiyyətinin iştirakı ilə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunda tanınmış rəssam Tahir Abbasovun fərdi sərgisinin açılış mərasimi təşkil olunub. Dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibəti ilə Gəncə şəhər icra hakimiyyəti tərəfindən “İmamzadə” dini mədəniyyət abidəsinin mərasim zalında iftar süfrəsi təşkil edilib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq gənclərlə iş sahəsi üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində 108 müxtəlif tədbir və layihələr həyata keçirilmişdir. Portuqaliya Respublikasının Braqa şəhərində Avropa Birliyi “Erasmus+KA2” proqramı çərçivəsində “100% Gənclər şəhəri” keyfiyyət etiketinin təqdimat mərasimi keçirilmişdir. Gəncə şəhərinin 2016-ci ildə Avropa Gənclər Paytaxtı tituluna uyğun bütün öhdəlikləri yüksək səviyyədə icra etdiyi nəzərə alınaraq münsiflər heyəti tərəfindən Gəncə şəhəri “100% Gənclər şəhəri” mükafatına layiq görülmüşdür. Bu mükafat həmin mərasimdə Azərbaycanı təmsil edən “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin sədri Elmir Vəliyevə təqdim edilmişdir.

Hesabat yığəncağından sonra jurnalistlərin suallarını cavablandıran Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, şəhərdə çox böyük abadlıq və quqruculuq işləri davam etdirilir. Gəncədə kanalizasiya, su və yağış suları ötürücülərinin lahiyəsi yüksək sürətlə həyata keçirilir. III tranş yaxın iki ay ərzində başa çatmalıdır. IV tranş əsasən şəhərin mərkəzi hissələrini əhatə edəcək və müddəti 30 aydır. Bundan sonra beçinci layihə gəlir. 2019-cu ilin sonuna kimi Gəncə şəhərində mövcud olan 1100-ə yaxın küçənin su və kanalizasiya sistemi şəhər əhalisinin istifadəsinə veriləcək. Əhali 24 saat Gəncənin ətrafında olan dağların bulaq sularından səmərəli şəkildə istifadə edəcəklər.

Gəncənin Hacıkənd qəsəbəsində abadlıq quruculuq işləri aparılır. Hal hazırda orada Nizami Gəncəvi parkı salınır. Bir otelin tikintisi başa çatıb və ikincinin təməli qoyulacaq. 5 hektar ərazidə böyük otel komleksi inşa olunacaq. Bu da turizmin inkişafı üçün vacibdir. Hacıkənddə olan qədim tarixə malik binalar, “Qubernatorun evi”, “Ferror qardaşlarının evi”, kilsə və qubernatorun dəftərxanası yerli əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Onlar da restavrasiya olunaraq turistlərin və yerli əhalinin marağına səbəb olacaq şəkildə muzeyə çevriləcək.


Teqlər: Gəncə  





Xəbər lenti