Polis rəisinə “Əliağa Şıxlinski” medalı verilib
DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov belə tədbirlərin keçirilməsində xüsusi həssaslıq göstərən, həm peşə borcuna sadiq olan, həm də vətəndaş mövqeyi nümayiş etdirərək cəmiyyətdə baş verən bəzi neqativ halların qarşısının alınmasında, xüsusilə də DİN rəhbərliyinin diqqət yetirdiyi əsas prioritetlərdən biri kimi gənclərlə işin qurulmasında polis veteranlarının təcrübəsindən yararlanan, mütəmadi olaraq, məktəblərdə, müxtəlif əmək kollektivlərində belə vacib görüşlər təşkil edən İdarə rəisinə öz təşəkkürünü bildirib.
Qonaq qismində dəvət olunmuş BŞBPİ-nin Veteranlar Şurasının sədri Emin Məmmədov, Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri 84 yaşlı Paşa Kərimov və Xətai RPİ Veteranlar Şurasının sədri Nazim Xıdırov polis orqanlarının rəhbərlərinin veteranlarla işə verdikləri önəmin faydasından söz açıblar, xidmətdə olan həmkarlarımıza cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında yaradılmış şəraitdən, ali diqqət və qayğıdan məmnunluğunu bildiriblər. Gənc əməkdaşlar adından çıxış edən polis kapitanı Günel Həsənova özünün də polis ailəsində doğulduğunu, kiçik yaşlarından bu peşənin çətinliklərinin şahidi olduğunu, lakin vətənə, xalqa və dövlətçiliyə xidməti ilə qürur duyduğunu bildirib.
Sonra digər çıxış edənlər bu tədbirin veteranlarla gənc əməkdaşlar arasındakı bağlılığın daha da möhkəmlənməsinə xidmət etdiyini deyiblər. Daha sonra Respublika Veteranlar Şurası adından polis polkovniki M.Babayevə “Əliağa Şıxlinski” medalı təqdim olunub. Tədbirə yekun vuran rəis, polis polkovniki Muradəli Babayev daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarını vurğulayıb.
AzVision.az