“Mühacir” olmağın yolları - Əli Kərimli ilə şəkil çəkdirmək üçün pul verirlər

“Mühacir” olmağın yolları - Əli Kərimli ilə şəkil çəkdirmək üçün pul verirlər
  01 İyul 2017    Oxunub:3942
“Mühacir biznesi 1990-cı illərdən mövcuddur. Bununla bağlı son illər böyük bir infrastruktur yaradılıb”.
Bu barədə AzVision.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.

Hüquq-müdafiəçisi hesab edir ki, özünü müxalifət nümayəndəsi kimi təqdim edən şəxslər mühacirətə getmək üçün müxtəlif yollara əl atırlar.

“Bu proses 90-cı illərin əvvəllərindən gedir. Mənim bir iş yoldaşım var idi. O, heç vaxt Xalq Cəbhəsinin üzvü olmamışdı. Əksinə bu təşkilata həqarətlə baxırdı. O, 1996-cı ildə sənədlər, arayışlar topladı və ailəsi ilə birlikdə Almaniyaya mühacirətə getdi. Sonradan bu proses genişləndi. Artıq böyük infrastruktur yaranıb. Bununla əlaqədar xüsusi təşkilatlar mövcuddur. Təkcə arayış yox, xüsusi paket sənədlər də təqdim edilir. Hətta, elə xidmət göstərənlər var ki, polisdən çağırış vərəqi də ala bilir. Yəni, polis mənbəyi olmayan çağırış vərəqi verir ki, məsələn, siz Cinayət Məcəlləsinin filan maddəsi ilə şübhəli bilinirsiniz və filan vaxt bölmədə olmağınız tələb olunur”.

S.Məmmədovun sözlərinə görə, müxalifətin keçirdiyi mitinqlərə gələnlərin çoxu saxta mühacir statusu almaq istəyən şəxslərdir. Onlar tribunada "rəhbərlik"lə şəkil çəkdimək üçün pul verirlər.

“Mitinqdə iştirak zamanı çoxu polisin diqqətini cəlb etmək üçün qəsdən provakasiya edir. Hətta bəziləri mitinqlərdə iştirakını təsdiq etmək üçün özləri ilə video və foto çəkiliş aparırlar. Tribunada durmaq üçün xüsusi qiymət var. Bu, o anlama gəlir ki, tribunada durubsa, deməli rəhbərliyə daxildir. Pulu tribunada dayanmağa çatmayanda aşağıda durur, şəkil çəkdirirlər. Bəzən olur ki, polisdən özünü bir qədər “sürüməsi”ni tələb edir. Daha sonar inzibati həbs alırlar. Əvvəlcədən hazırlanan plan üzrə mətbuatda məlumatlar yayılır ki, məsələn, vəkili həmin şəxsin yanına gedə bilmir, işgəncə verirlər, xəstədir, yemək verilmir və.s. Bundan sonra bu məlumatlar əsasında sənədlər hazırlayırlar”.

Hüquq müdafiəçisi bildirib ki, siyasi partiyalardan alınan sənədlər yoxlanılmalıdır: “Bəzən siyasi partiyalar belə sənədləri özləri verir. İşləri çətinə düşəndə isə boyunlarından atırlar ki, həmin sənədlər saxta yollarla düzəldilib. Ona görə, Avropadakı orqanlar bunun həqiqiliyini yoxlamalıdırlar. Amma, onlar dövlətə bununla bağlı sorğu göndərmirlər. Belə ehtimal edirlər ki, şəxs təqibdən qaçıbsa, dövlət doğru cavab verməyəcək. Lakin inandıqları partiyalara, hüquq müdafiəçilərinə sorğu göndərirlər. Məsələn, adını çəkmək istəmədiyim şəxs ölkəyə deportasiya olunmuşdu. Buradan rəy toplayıblar ki, həmin şəxslərə heç bir təqib yoxdur”.



S.Məmmədov qeyd edib ki, mühacir biznesi institutlaşmış, Avropada böyük pullar qazanılan işdir: “Bununla bağlı hüquq firmaları var. Onlar bəzi ölkələrdə müxtəlif adlarla hərəkatlar yaradıblar. Bu hərəkatlar siyasi partiyalarla əlbir olaraq böyük pullar qazanırlar. Bundan başqa qeyri-hökumət təşkilatları bu işdən böyük qazanclar götürürlər. People in Need (PIN), Front Line Defender, Polşanın Helskinki Fondu siyasi qaçqınların yerləşdirilməsi və saxlanması üçün böyük qrantlar alır. Bu QHT-lər daha professionaldırlar. Çünki, bu təşkilatlar ölkə barədə bəyanatlar yaya bilirlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Saxta-mühacir   Sahib-Məmmədov  





Xəbər lenti