Qanunsuz miqrasiya ilə məşğul olan 48 əcnəbi tutulub

  30 İyun 2017    Oxunub : 1492
Qanunsuz miqrasiya ilə məşğul olan 48 əcnəbi tutulub
Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 44 nəfər Pakistan İslam Respublikası, 3 nəfər Banqladeş Xalq Respublikası və 1 nəfər Filippin Respublikası vətəndaşı saxlanılıblar.
DMX-nin mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada ölkəmizin ərazisindən çıxarılan və respublikamıza gəlmək hüququ məhdudlaşdırılan Pakistan vətəndaşı Sana Ur Rahman Sana Ur Rahman və onunla əlbir olan Azərbaycan Respublikasının vətəndaşı ilə nikahına əsasən hazırda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Bakı şəhərində məskunlaşmış Pakistan vətəndaşı, özünü Vasim kimi təqdim edən Zıkar Ullah Zıkar Ullah tərəfindən 43 nəfər Pakistan İslam Respublikası vətəndaşının işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilmələri məlum olub.

Qeyd olunub ki, saxlanılan şəxslərin özlərinin dediyinə görə Sana Ur Rahman 2-3 min ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində onlara Azərbaycana elektron viza və Bakıya təyyarə bileti təşkil edib. Azərbaycanda onları qarşılayan Zıkar Ullah isə müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib. Guya onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmçinin həmyerlilərini işlə təmin edəcəyinə söz verib.

Belə ki, təxminən 2-3 ay ərzində 43 Pakistan vətəndaşını aldadaraq elektron turist vizası ilə Azərbaycana göndərən Sana Ur Rahman və onları burda qarşılayarq aidiyyəti dövlət qurumlarından müvafiq icazələrin alınması üçün sənədlərini rəsmiləşdirəcəyinə, onları işə düzəldəcəyinə söz verən Zıkar Ullah hətta saxta sənədlər hazırlamaqdan belə çəkinməyiblər. Zıkar Ullah aldatdıqları şəxslərin inamını qazanmaq üçün bəzilərinə guya sənədlərinin müvafiq orqanlara təqdim olunduğunu bildirən saxta qəbz nümunələri verib, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq bəzilərinin tibbi müayinəsi təşkil edib.

Həmyerliləri tərəfindən aldadılan Hussain Azhar, Sabır Muhammad, Zafar Muhammad Afzaal və başqları Səudiyyə Ərəbistanında Ehsan, Pakistanda Nəvaz kimi tanıdıqları turagentlər vasitəsilə tanış olduqları qanunsuz miqrasiya kanalının təşkilatçıları olan Sana Ur Rahmanın və Zıkar Ullahın toruna düşdüklərini biləndə isə artıq gec olub.

Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda 3-4 nəfərlik qrup şəkilində Bakıya gəldiklərini və onlara qaldıqları mənzildən heç bir yerə çıxmağa icazə verilmədiyini etiraf ediblər. Saxlanılan şəxslər ölkələrində işbazlar tərəfindən aldadılaraq Azərbaycana işləmək adı ilə göndərilmələri müqabilində hər birinin verdiyi 2-3 min dollardan əlavə Bakıda da onları qarşılayıb müxtəlif ünvanlarda yerləşdirən Pakistan vətəndaşı Zıkar Ullahın 43 nəfər həmyerlisinin hər birindən müxtəlif məbləğlərdə pul vəsaiti aldığını deyirlər.

Zikir Ullah isə dostu Sana Ur Rahmanın təklif etdiyi fürəstdən istifadə edib qarşıladığı 43 nəfərin 37-dən əldə etdiyi ümumilikdə 21 min dollar vəsaitin 14 minini Sana Ur Rahmana göndərdiyini, bir hissəsi ilə Pakistanda olan borcunu ödədiyini, qalanını isə ehtiyaclarına xərclədiyini deyir.

Bundan əlavə, keçirilmiş tədbir zamanı uzunmüddət Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşayan Filippin vətəndaşı Cemma Jimense də saxlanılıb. O sonuncu dəfə Azərbaycana 2011-ci ildə gəldiyini bildirib. Müxtəlif vaxtlarda iş icazəsi ilə fəaliyyət göstərdiyini və qanuni əsaslarla yaşadığnı deyən Cemma Jimense 2016-cı ilin yayından bəri Sapfir oteldə qanunsuz əmək fəaliyyəti ilə məşğul olub.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: Miqrasiya   DMX   Əcnəbi