Cəbiş müəllimin sabunları

Cəbiş müəllimin sabunları
  03 Sentyabr 2013    Oxunub:1275
“Azərbaycanın bütün dünyada tanınan ən böyük alimlərindən biridir. Kitabları Harvardda çap olunub. Dünyanın hər yerində onun kitablarından dərslik kimi istifadə edirlər...” Əli Kərimlinin söylədiyi bu bəy tərifi Milli Şuranın yeni namizədi Cəmil Həsənli haqdadır. Bəli, bunu Əli Kərimli söyləyir. O Əli Kərimli ki, düz 6 aydır gecə-gündüz bəyan edirdi ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olacaq. Və hər hansı başqa namizəddən söhbət gedə bilməz.
O, bu sözləri İsa Qəmbərin alternativi kimi öz namizədliyini irəli sürmək söhbəti gündəmə gələndə xüsusilə qabardırdı. Amma çox böyük təmtəraqla Cəmil Həsənlinin təqdimatını etdi. Amma yəqin, hamının o da yaxşı yadındadır ki,bir neçə ay öncə elə təxminən bu cür ifadələrlə Əli Kərimli Rüstəm Ibrahimbəyovun namizədliyindən danışırdı. Yəni ki, “Rüstəm müəllim tanınmış ziyalıdır. `Oskar` alıb. Bütün dünayada məhşur olan kinodramaturqdur” və s. İndi isə 6 ay boyunca dedikləri onun heç eyninə də deyil. Əsas odur ki, istənilən yolla məqsədə çatılsın.

Məqsəd isə nəyin bahasına olursa-olsun, İsa Qəmbərin namizədliyinə mane olmaq idi. Yəni Əli Kərimli üçün fərq etmirdi, kim olur-olsun, bircə Qəmbər olmasın. Və budur, məqsədə nail olundu. İctimai-siyasi aləmdə demək olar ki, heç bir nüfuzu olmayan tarixçi alim Cəmil Həsənli namizəd kimi irəli sürüldü.

Amma bu məqamda İsa Qəmbərin, o cümlədən də müsavatçı dəstəni məsələyə kifayət qədər loyal yanaşması da diqqətdən yayınmır. Əslinə qalanda Əli Kərimli İsa Qəmbərin namizədliyinə mane olanda özü də fərqində olmadan daha çox elə Qəmbərin xeyrinə işləyirdi. Və İsa Qəmbər üzdə bunu biruzə verməsə də, daxilən tam məmnun idi. Çünki Əli Kərimliylə bərabər İsa Qəmbər də iqtidarın namizədliylə seçki marafonuna qatılmağın hansı biabırçı məğlubiyyətlə nəticələnəcəyini çox gözəl bilirdi. İqtidarın indiki reytinqi ilə müxalifətin nüfuzu heç vaxt bu qədər tərs mütənasib olmayıb. Və müxalifətin 20-ci sahədə keçirdiyi son biabırçı mitinq-piket də bunu bütün çılpaqlığıyla ortaya qoydu. Hər kəs müxalifətin namizədinin seçkilərdə biabırçı fiaskoya uğrayacağını yaxşı anlayır. Bax, elə buna görə də Məşədi İbadın dostları hamamın suyunu bəhanə gətirib aradan çıxan kimi, bunlar da hərəsi bir uydurma səbəb gətirib, çəkildilər kənara. Qabağa isə abır-həyalı bir ziyalını verdilər.

Bəlkə də bir qədər qeyri-etik səslənir. Amma haradasa Cəmil Həsənliyə adamın ürəyi yanır. Çünki təxminən 6 ay əvvəl Rüstəm İbrahimbəyov da Azərbaycanda nüfuzlu şəxs sayılırdı. Amma bunlar qoymadılar o kişini ssenarisini yazıb kinosunu çəkməyə. Saldılar oyuna. O yazıq da salındığı labirintdən çıxmaq üçün əl atmadığı hoqqa, danışmadığı yalan qalmadı. Nəticədə olan-qalan hörmət və nüfuzunu itirib, urvatsız oldu. İndi eyni ssenari üzrə Cəmil Həsənli də irəliyə itələnir. Və onun da eynən İbrahimbəyovun aqibətini yaşayacağı açıq-aşkar görünür.

Artıq müxalif düşərgəni təmsil edən qəzetler Cəmil müəllimə ləqəb də tapıblar – “Bizim Cəbiş müəllim”. Kifayət qədər uğurlu addır. Amma qorxuram ki, bu dəfə bizim Cəbiş müəllim o qədər çirkaba bata ki, heç bişirdiyi sabunlar da köməyinə çatmaya.






Teqlər:  





Xəbər lenti