Avropa məhkəməsi Ermənistanı cərimələdi

Avropa məhkəməsi Ermənistanı cərimələdi
  01 İyun 2017    Oxunub:1497
Avropa İnsan Hüquqları məhkəməsi bu gün "Ayvazyan Ermənistana qarşı" işi üzrə hökm verərək Ermənistan hakimiyyətini şikayətçiyə 15.000 avro ödəməyə məcbur edib.
AzVision.az xəbər verir ki, bu barədə AİHM-nin saytında məlumat yerləşdirilib.

Ermənistana qarşı şikayəti 2008-ci il 20 noyabr tarixində insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında konvensiyanın 34-cü maddəsinə əsasən Rusiya vətəndaşı olan Silvard Ayvazyan edib.

Şikiayətçi AİHM-də öz qardaşı Seyran Ayvazyanın polis tərəfindən öldürülməsinə və nəticədə hakimiyyət orqanlarının onun ölümü ilə bağlı effektiv araşdırma aparmadığına görə etiraz edib.

1961-ci il təvəllüdlü ruhi xəstə olan Seyran Ayvazyanın 2006-cı ilin martın 6-da polis tərəfindən öldürüldüyü bildirilir.

Seyran Ayvazyan həmin gün yaşadığı Odzun kəndində mağazalardan birinə gedirmiş. Orada o, bıçaq çıxararaq və heç bir səbəb olmadan mağaza əməkdaşının əlinə və mağazaya daxil olan müştərilərdən birinin bədəninə zərbələr endirib, daha sonra evə qayıdıb. Daha sonra onun evinə polis gəlib və onlar Ayvazyanın zərərləşdirilməsi məqsədilə zorla evin qapısını açaraq içəri daxil olublar. Lakin onu zərərsizləşdirmək mümkün olmayıb. Ayvazyan öz evinin eyvanında polislərdən birinə bıçaqla zərbələr endirib və nəticədə polislər Ayvazyana atəş açıblar. O, aldığı güllə yarasından ölüb.

Şikayətçinin iddiasına görə isə, əslində onun qardaşı polisin həyatı üçün təhlükə yaratmayıb, sadəcə olaraq polisi təhqir etdiyi üçün Seyran Ayvazyan öldürülüb.

Nəticədə, Avropa məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 2-ci maddəsinin hakimiyyət orqanları tərəfinfən pozulması, Seyran Ayvazyanın ölümü ilə bağlı istintaqın müvəffəqiyyətsizliyi, həmçinin polislər tərəfindən əməliyyatın planlaşdırılması və idarə edilməsi nəticəsində Seyran Ayvazyanın ölümü ilə bağlı qərar qəbul edib.

Məhkəmə dəlil yetərsizliyi səbəbindən şikayətçinin, Ayvazyanın dəfn mərasimi ilə bağlı maddi ziyanın ödənilməsi üçün nəzərdə tutulan 2000 avroluq tələbini rədd edib.

Avropa insan hüquqları məhkəməsi Ermənistanı mənəvi ziyanın kompensasiyası kimi 15 min avro ödəməyə məcbur etmə barədə hökm çıxarıb.

İsmayıl Abbas
AzVision.az


Teqlər: Avropa-İnsan-Hüquqları-məhkəməsi   Ermənistan  





Xəbər lenti