"İnsanlar banklara yalvarırlar ki, onlara kredit versinlər"

"İnsanlar banklara yalvarırlar ki, onlara kredit versinlər"
  30 May 2017    Oxunub:1953
Bu gün Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü ilə “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” mövzusunda dəyirmi masa keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Vahid Əhmədov, bank müdiri Ramin Bayramov, iqtisadçılar, müəllimlər, tələbələr və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bu mövzunun çoxlarını narahat etdiyini deyib. Kreditdən məsuliyyətsiz istifadəyə dair yayılan məlumatlar onu göstərir ki, bəzi hallarda yaranan problemlər əhalinin kifayət qədər məlumatlı olmamasından irəli gəlir. Lakin banklar arasında da fürsət güdüb həddən artıq yüksək faizlə kredit verənlər olur. Bu səbəbdən Parlament Jurnalistlər Birliyi Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə məhz bu sahədə məsələləri müzakirəyə çıxarmaq qərarına gəlib.

Tədbiridə çıxış edən bank müdiri Ramin Bayramov bu mövzunun aktual olduğunu vurğulayıb. O bildirib ki, bu gün kreditlərlə bağlı müəyyən narahatçılıq doğuran məqamlar var.

“Bəzi insanlar bankdan istehlak krediti götürüb ferma yaratmaq əvəzinə, övladlarına toy edib, cehiz alırlar. İmkanı olan da, olmayan da İphone işlədir. Amma bu məqsədlə kredit alanda, onu necə qaytaracağını düşünmürlər. Sonda da faizlər yığılıb problem yarananda, bankları günahlandırırlar. Ehtiyacları müəyyən etməməyə görə bir çox problemlər ortaya çıxır. Əvvəlki illərə nisbətdə bankların məhkəmələrə müraciəti artıb. Bu da insanların maddi vəziyyətinin pisləşməsindən, devalivasiya və bəzi şəxslərin götürdükləri kreditləri ödəməmək səbəbindəndir. Ona görə də banklar məhkəmələrə üz tutur. Məhkəmələr də insanların maddi vəziyyətini nəzərə almağa çalışır. Artıq cərimələr, faizlər varsa onun azaltmaq istiqamətində qərarlar verir. Həmçinin devalivasiyadan sonra bəzi şirkətlər işçilərinin əməkhaqqılarının azaldılmasına qərar veriblər, bir çox insanlar iş yerlərini itiriblər. Bunları nəzərə alan banklar müəyyən güzəştlərə al atır. Bankların özünə də maraqlıdır ki, faiz bir kənara, verdiyi pulu alsın. Belə hallar olan zaman banklar kompramis mövqe seçirlər”.

Bank rəhbəri bildirib ki, verdikləri kreditlərə görə banklar məsuliyyət daşıyır: “Qanunvericilikdə göstərilib ki, qanunla qadağan edilmiş sahələrə kredit vermək olmaz. Buna misal olaraq, spirtli içkilər, silah alveri kimi sahələri göstərmək olar. Digər sahələr üzrə verilən kreditlər isə aidiyyatı üzrə xərclənməzsə, bankın ixtiyarı var ki, həmin məbləği vaxtından əvvəl tələb etsin. Biz dəfələrlə belə hallarla rastlaşmışıq. Ona görə də monitorinqlərin aparılması vacibdir.

Məsələn, bir şəxs binanın alınması üçün bankdan kredit götürüb. Amma təyinatı üzrə həmin vəsaiti sərf etmir. Bu hallar aşkarlanan kimi, banklar çalışır ki, bu olaya vaxtından əvvəl müdaxilə etsin. Yəni kreditin qaytarılmasını vaxtından əvvəl bərpa edə bilsin”.

Bank rəhbəri bildirib ki, bəzən elə hallar olub ki, bir şəxs krediti manatla götürüb, amma müqavilədə dollarla yazılıb.

“Bu bank sektorunda olan səhvlərdən biridir. Bank işçisi qarşısındakı insana müqavilənin şətlərini izah etməlidir. Ona görə də kredit götürən hər bir şəxs həmin müqavilənin şərtləri ilə tanış olmalıdır. Ona görə də bunların baş verməsində bank işçisinin həm də krdit götürənin günahı var”.

Deputat Vahid Əhmədov Azərbaycanda kredit mədəniyyətinin çox aşağı olduğunu deyib: “Burada insanların və bankların böyük rolu var. İnsan borc götürən zaman fikirləşməlidir ki, onu qaytara biləcək, ya yox. İnsanlar kredit götürən zaman bankla bağlanan müqavilənin mətni ilə tanış olmurlar. Oxumurlar ki, onlara verilən pul manatla və ya dollarla verilir. Elə istəyirlər ki, tez gedib pulu götürsünlər. Mən bir çox ölkələrdə olmuşam. Orada çox az insan kredit götürür. Banklar insanlara gəlib deyirlər ki, gəl bizdən kredit götür. Ged ev tik, iş qur və s. Bizdə isə əksinədir. İnsanlar gedib banklara yalvarırlar ki, onlara kredit versinlər. Son vaxtlar devalvasiya ilə əlaqədar olaraq, mənə müraciət edənlər çoxdur. Mən o bank olmasın ki, ona məktub göndərməyim. Bank rəhbərlərinə təşəkkür edirəm ki, insanların müəyyən qədər problemlərini nəzərə alaraq güzəştə gedirlər. Bu, o demək deyil ki, hamıya güzəştə getmək olar. Elə insan var ki, yüksək faizlə kredit götürüb oğluna, qızına toy edir və ya iş qurmaq istəyib. Amma indi elə bir imkanı yoxdur ki, onu qaytarsın. Belə olan halda bəzi banklar buna güzəştə gedirlər. Bütün kreditlərə güzəştə getmək isə mümkün olan deyil”.

Deputat bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başlayan kimi bütün bankların diaqnostikasını aparmağa başladı: “Bundan sonra isə bir sıra banklar bağlanmağa başladı. Palata fəaliyyətə başlayanda Azərbaycanda 43 bank var idi. Hazırda isə 32 bank var. Mən hesab edirəm ki, 32 bank da Azərbaycan üçün çoxdur. Azərbaycanda “Pasha bank”, “Kapital bank”, “Beynəlxalq bank” kimi bankların böyük imkanları var. Yəni bu banklar istənilən vaxt kredit verib, ala bilər. Ona görə də sağlamlaşdırma prosesi davam edir. Mənə elə gəlir ki, bu proses ilin axırına kimi davam edəcək. Ola bilər ki, müəyyən banklar da bağlansın. Mən heç vaxt bankların bağlanmasının tərəftarı olmamışam və deyiləm”.

V.Əhmədov deyib ki, manatın uzuclaşması ilə əlaqədar məsələ çox cididir: “Neçə aydır ki, bu qorunub, saxlanılır. Bu elə-belə olmur ki?! Burada müəyyən işlər görülür. Manatın möhkəmlənməsi neftin qiymətindən, idxal, ixrac əməliyyatlarından, tələb və təklifdən və s kimi hallardan asılıdır. Bu proseslərə normal nəzarət olarsa, heç bir problem olmaz. Hal-hazırda Azərbaycanda idxal-ixrac əməliyyatlarında müsbət saldo yaranıb. Yəni biz idxalı azaltmışıq, ixracı çoxaltmışıq. 2016-cı ilə qədər belə bir şey yox idi. Bu, davam edəcəksə, manat da möhkəmlənəcək. Mən hesab edirəm ki, bunu qorumaq mümkündür. Bunun üçün real sektorun inkişafına diqqəti daha da artırmaq lazımdır”.

Vahid Əhmədov yekun nitqində jurnalistlərə müraciət edib: “Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlarıq. Azərbaycan üçün bu gün müstəqlillikdən artıq heç nə yoxdur. Biz ac da qala bilərik, bank da bağlana bilər, amma müstəqilliyimizi itirə bilmərik. Müstəqilliyi qoruyub saxlamaq, asan məsələ deyil. Azərbaycan kimi dövlətə təhdidlər çoxdur. İlham Əliyevin ən böyük cəsarəti ondadır ki, Azərbaycanın müstəqilliyini qoruyub, saxlaya bilir. Bu, hər kişinin işi deyil. Hər dövlət başçısı bunu edə bilməz. Adicə TAP layihəsi həyata keçiriləndə nə qədər Azərbaycana təziqlər oldu. Bu layihə Azərbaycanın müstəqilliyi üçün çox vacibdir. Yəni müstəqillik əsasdır, önəmlidir”.

Tədbirdə həmçinin bir çox tələbələr, iqtisadçılar, jurnalistlər müəyyən fikirlər səsləndirdilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti