Nazirlik gücləndirilmiş iş rejiminə keçib
Mərmər bağacığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Rəngi qəhvəyidir. Bel və baş nahiyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür. Aşağı hissəsi ağımtıl və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 millimetr təşkil edir.
Mərmər bağacığı yumurta qoymaqla çoxalır. I nəsil əsasən may-iyun, II nəsil iyun-avqust, III nəsil isə avqust-oktyabr aylarında inkişaf edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir.
Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçib və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlanılıb.
Çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu, ən səmərəli mübarizə tədbirləri sayılır.
“Lyambda siqalotrin” və “bifentrin” tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidir. “Karate Zeon” (“Lyambda siqalotrin”) 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün çəkir.
“Talstar” (“bifentrin”) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidir.
AzVision.az
Teqlər: Dövlət-Fitosanitar-Nəzarəti-Xidməti