“Azərbaycanın sammitə dəvət olunması göstərdi ki...” - Prezidentin Ərəbistana səfərinə ŞƏRH

  22 May 2017    Oxunub : 2680
“Azərbaycanın sammitə dəvət olunması göstərdi ki...” - Prezidentin Ərəbistana səfərinə ŞƏRH
Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri Sammit “Birlikdə güclüyük” devizi altında keçirilib.

İlk dəfə təşkil edilən tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.

Azərbaycan prezidenti İlham Əliyevin Ərəb-İslam-Amerika Sammitində iştrak etməsinin ölkəmiz üçün əhəmiyyəti nədir?

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, ilk dəfə keçirilən Ərəb-İslam-Amerika Sammitinin çox böyük əhəmiyyəti var: “Bu, ABŞ prezidenti Donald Trampın ilk xarici səfəridir. Hesab edirəm ki, Yaxın Şərqə edilən ilk səfər İslam dünyası ilə münasibətləri prioritetə çevirmək və regionu diqqətdə saxlamaq niyyəti ilə bağlıdır. Bu, Ağ Evin yaxın 4 il ərzində Yaxın Şərqlə bağlı bir çox addımlar atacağının mühüm göstəricisidir. Barak Obamanın dövründə məhz Yaxın Şərq, ABŞ-ın xarici siyasətdə ən ağrılı yeri idi. “Ərəb baharı” ssenarisi, Suriyada, Yəməndə, Liviyada baş verən hadisələr, İŞİD təhlükəsi ABŞ-ın Obama dövründə buraxdığı səhvlərin hansı ağır nəticələrə gətirib çıxardığının göstəricisidir. Donald Trampın isə ilk bəyanatlarında xarici ölkələrin siyasi rejimlərini dəyişmək fikrindən uzaq olduğu, hərbi əməliyyatlar keçirmək istəmədiyi barədə bəyanatlarını hər kəs xatırlayır. Hətta, bu günlərdə ABŞ-ın müdafiə naziri Ceyms Mettis Suriyadan ABŞ qoşunlarını çıxarmaq istədiyini bəyan etdi. Yaxın Şərq dünya bazarına daha çox neft-qaz resursları çıxaran bölgədir. Bu ölkələrlə münasibətlər dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Bu baxımdan sammitin keçirilməsi yaxın gələcəkdə bölgə, İslam dünyası ilə bağlı məsələlərin hər zaman diqqətdə olacağını göstərir”.

A.Mirzəzadə hesab edir ki, Azərbaycanın bu tədbirdə iştirakı ölkənin günü-gündən artan siyasi, beynəlxalq nüfuzundan xəbər verir: “Azərbaycan Şərqin, İslam dünyasının bir hissəsidir və bu dünyada baş verənlər istər-istəməz Azərbaycanın da dünya birliyində vəziyyətinə təsir edir. Amma Azərbaycan Prezidentinin bu sammitə dəvət edilməsi bizim üçün ikiqat əhəmiyyətlidir. Bununla da ölkənin mövqeyinin, nüfuzunun nəzərə alındığı bir daha aydın oldu, bu bölgə, ümumən dünya ilə bağlı məsələlərdə Azərbaycanın təsir imkanlarına qiymət verildi. Qeyd edim ki, sammitdə iştirakla Azərbaycan-Yaxşı Şərq, Azərbaycan-ABŞ münasibətlərinə də tamamilə yeni bir keyfiyyət gətirilir. Ölkə başçısının tədbirdə iştirakı, onun sammit iştirakçıları ilə görüşü, bu görüşlərdə ikitərəfli münasibətlərlə bağlı fikirlərin söylənilməsi çox əhəmiyyətli bir məsələdir. Hesab edirəm ki, Azərbaycanın bu tədbirdə iştirakı ölkənin günü-gündən artan siyasi, beynəlxalq nüfuzundan xəbər verir”.

Azərbaycanın Antalyada keçirilən G-20 sammitində iştirakını xatırladan millət vəkili əklavə edib ki, Azərbaycan hər il keçirilən Davos Dünya İqtisadi Forumuna, Münhen Təhlükəsizlik Konfransına dəvət edilir: “Birincisi, bütün bunlar Azərbaycanın artıq beynəlxalq birlikdə oturuşmuş yüksək nüfuza malik olduğunu göstərir. Sammitdə iştirak isə ilk növbədə bu nüfuzun göstəricisidir. İkincisi Yaxın Şərqlə və ümumən Şərqlə bağlı aparılan siyasətdə Azərbaycanın da mövqeyinin və təsirinin nəzərə alınacağı bir daha bildirilir. Üçüncüsü, Azərbaycanla ABŞ-ın yeni administrasiyası arasında münasibətlərdə artıq yeni addımlar atılır. Ümumən götürdükdə, həm sammitin keçirilməsini, həm də Azərbaycanın burda iştirakını böyük uğur saymaq olar. Donald Trampın ilk səfərini Yaxın Şərqə etməsi, İslam və ərəb ölkələri ilə münasibətləri prioritetə çevirməsi ABŞ-ın xarici siyasətdə radikal xarakterini dəyişməsinə, daha çox sülh motivlərinə, məsələlərin diplomatiya yolu ilə həllinə üstünlük veriləcəyinə bir işarədir. Həmçinin Azərbaycanın bundan sonra da bu tip tədbirlərdə həmişə arzuolunan iştirakçı olacağına da hesab edirəm ki, artıq çox ciddi bir mesaj verilib”.

Politoloq Fikrət Sadıqov isə AzVision.az-a bildirib ki, Səudiyyə Ərəbistanı ərəb dünyasının, xüsusilə Fars Körfəzinin aparıcı oyunçusudur: “Səudiyyə Ərəbistanı Qərb ölkələri, ABŞ-la yaxın münasibətlərdə olan və onlarla bir sıra layihələrdə iştirak edən dövlətdir. Azərbaycanın Səudiyyə Ərəbistanı ilə münasibətləri çoxdan təsis olunub və inkişaf mərhələsindədir. Azərbaycanın forumda iştirakı vacib faktordur. Çünki, bizim İslam ölkələri ilə münasibətlərimizin inkişafı xarici siyasətimizin istiqamətidir. Sammitdə dövlət başçısının iştirakı çox önəmli faktordur. Hesab edirəm ki, bu amil Azərbaycanın İslam aləmi, qərbyönümlü ərəb ölkələri ilə, xüsusilə Səudiyyə Ərəbistanı ilə yaxınlığı daha da inkişaf edəcək. Bu inkişaf mücərrəd anlayış deyil. Bu kontekstdə yeni layihələr reallaşacaq. Bu isə ərəb ölkələri ilə münasibətlərimizin inkişafı üçün mühüm amildir. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri münasibətlərlədə yeni mərhələnin başlanğıcıdır”.

Politoloq hesab edir ki, Tramp ərəb ölkələri ilə yaxınlıq etmək fikrindədir: “Hesab edirəm ki, bu, Trampın ilk addımıdır. O, Səudiyyə Ərəbistanından sonra İsrailə gedəcək. ABŞ Səudiyyə Ərəbistanına 190 milyard dollarlıq silah satacaq. Bu da reallıqdır ki, Tramp İslam ölkələri ilə yaxınlaşmağa çalışır. Çünki, bu amil ABŞ-ın İrana qarşı əlini gücləndirir. Ona görə də ötən gün keçirilən sammitdə Tramp İrana qarşı birləşməyə çağırış etdi. Bu, yeni ABŞ administrasiyasının xarici siyasətinin əsas istiqamətidir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Ərəbistan