`Müxalifət seçkilərə qeyri-ciddi yanaşır`

`Müxalifət seçkilərə qeyri-ciddi yanaşır`
  02 Sentyabr 2013    Oxunub:1126
`Seçkidə iştirak etmək istəyən partiya üçün seçki kampaniyası başlamazdan xeyli əvvəl onun namizədi müəyyən olunur`.
AzVision.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müxalifət cəbhəsinin seçkiöncəsi fəaliyyətini qiymətləndirərkən bildirib.

O, vurğulayıb ki, seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil.

`Dünyanın hər bir yerində istənilən özünə hörmətlə yanaşan siyasi təşkilat seçkidə uğur qazanmaq niyyətindədirsə, kampaniyaya məsuliyyətlə hazırlaşır. Yeni Azərbaycan Partiyası da bunu edir`, deyə Ə.Əhmədov xüsusilə vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan reallıqları içərisində qarşılaşdıqları çox vacib məqamlardan biri ondan ibarətdir ki, özlərini vətəndaşlara təqdim etmək istəyən və müxalifət adlanan qüvvələr seçki kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi şəkildə yanaşırlar.

`Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir`.

Ə.Əhmədov vurğulayıb ki, YAP öz namizədini müəyyənləşdirmək problemi və ya sualı ilə qarşılaşmayıb. Müxalifət düşərgəsində isə hər kəsin müşahidə etdiyi kimi, namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi.

`Bəlkə də bu o qədər də dəqiq müqayisə deyil, amma demək istərdim ki, ciddi tələbələr imtahanlara il boyu hazırlaşırlar, tənbəllər isə imtahan günü imtahana hazırlaşmağı yadlarına salırlar və təbiidir ki, il boyu dərslərinə hazırlaşan tələblərin əldə etdiyi nəticələrlə imtaha hazırlaşmağı imtahan günündə yadına salan tələbərin nəticələri bir-birindən tamamilə fərqli olur. Eləcə də, güman edirəm ki, seçkilərə yanaşma tərzləri bir-birindən fərqli olan siyasi təşkilatların seçki kampaniyalarının nəticələri də fərqli olacaqdır`.






Teqlər:  





Xəbər lenti