İslamiada zamanı nəqliyyat necə işləyəcək? - Yenilənib

İslamiada zamanı nəqliyyat necə işləyəcək? - Yenilənib
  08 May 2017    Oxunub:6029
Bakı Nəqliyyat Agentliyi ilə Bakı şəhər Baş Polis İdarəsi IV İslam Həmrəyliyi Oyunları zamanı açılış və bağlanma mərasimləri günlərində tətbiq olunan yol hərəkəti qaydalarını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanma mərasimləri - 12 və 22 may tarixlərində paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Həmin günlərdə Heydər Əliyev prospektinin "Exselisor" otelinin qarşısındakı yol qovşağından Sabunçu qəsəbəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şossesinin Bakı Su İdman Mərkəzindən Bibiheybət məscidinin ərazisində yol birtərəfli istiqamətdə hərəkət təşkil edilir. Əks istiqamətdə isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq. Eləcə də mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ. Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkətləri məhdudlaşdırılacaq. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq. Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər. Mayın 6-dan 23-dək həmin ərazidə Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Açılış və bağlanma mərasimlərinin keçirildiyi günlərdə tamaşaçılar Olimpiya stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyən ediləcək ekspress xətt avtobuslarından istifadə etməklə gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 17.00-dan 20.30-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.30-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq.



Bakı Olimpiada stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla 2 dəqiqəlik intervalla hərəkət edəcək. Açılış və bağlanma mərasimləri zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması pulsuz olacaq. Taksilərin Bakı Olimpiada stadionuna yaxınlaşmasına icazə verilməyəcək və məkanın ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün parklanmaya icazə verilmir. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metro və xüsusi olaraq ayrılmış avtobuslardan) istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, 1 nömrəli və 13 nömrəli marşrutlar saat 16.00-da fəaliyyətlərini dayandıracaq.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, 3 xüsusi ekspress marşrutu üzrə tamaşaçıların daşınması üçün 228 nəqliyyat vasitəsi ayrılıb: "Ehtiyac olarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Tamaşaçılardan xahiş edirik ki, biletləri özləri ilə götürsünlər. Biletsiz sərnişinlər ekspress avtobuslardan pulsuz istifadə edə bilməyəcəklər".

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri günlərində xüsusi marşrut avtobusları və metro stansiyaları gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Bundan başqa mayın 12-i (açılış) və 22-də (bağlanış) "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən daxil olan 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq. 12 və 22 may tarixlərində artıq səhər saatlarından başlayaraq Zabrat-Maştağa istiqamətindən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqamətim Bakıxanov dəmir yolu stansiyasına, Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və “Həzi Aslanov” metro stansiyasına istiqamətləndiriləcək. Eyni zamanda Ziya Bünyadov prospektindən 24 saylı marşurut xətti üzrə avtobuslar Əsədullayev-Y. Əliyev-Mehmandarov, Sülh-Qəmbərov-R. Rüstəmov-Q. Qarayev prospekti-Ş. Mirəzyev- T. Abbasov-Ə. Vəliyev-Q.Qarayev prospekti, sonra mövcud xətt üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Z. Bünyadov-Q.Qarayev-Ə. Vəliyev-M.Abbasov-Ş. Mirəzyev-Q.Qarayev prospekti-R.Rüstəmov-Qəmbərov-Əfəndiyev-Sülh-Mehmandarov-Y.Əliyev-Əsədullayev xətti üzrə sərnişin daşıyacaq.
Ziya Bünyadov prospektindən 93 saylı marşrut xətti üzrə avtobuslar E. Mehdiyev-Bakıxanov- dəmir yolu stansiyası-Əfəndiyev-R. Qəmbərov-R. Rüstəmov-Ş. Mirəzyev-T. Abbasov-Ə. Vəliyev-Q. Qarayev prospekti-Ziya Bünyadov prospekti, sonra isə mövcud xətt üzrə hərəkət edəcək. Bu marşrut üzrə avtobuslar əks istiqamətdə Z. Bünyadov-Q. Qarayev-Ə. Vəliyev-M. Abbasov-Ş. Mirəzyev-Q. Qarayev prospekti - R. Rüstəmov- R. Qəmbərov-Əfəndiyev-Y. Əliyev-Əsədullayev, sonra isə mövcud xətt üzrə işləyəcək.

Həmçinin 6-23 may tarixlərində 52, 33, 6, 8, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək: “Bu marşrut avtobuslarına alternativ hansı yollar təqdim olunubsa, bu barədə vaxtaşırı ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - deyə M. Ağayev vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: İslamiada   Nəqliyyat   Avtobus   Metro  





Xəbər lenti