Yüksək bal toplayan abituriyentlər mükafatlandırıldı

Yüksək bal toplayan abituriyentlər mükafatlandırıldı
  31 Avqust 2013    Oxunub:1151
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş hər bir abituriyentə "Notebook" hədiyyə edib.
Hədiyyələr rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla universitetin ilk tələbələri arasında keçirilən görüşdə təqdim edilib.

Qeyd edək ki, nazirliyin İTU tələbələri üçün hazırladığı hədiyyələr bununla məhdudlaşmır. Belə ki, bu təhsil müəssisəsini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan bir sıra üstünlüklərə də malik olacaqlar.

Nəzərdə tutulan üstünlüklərə görə, onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı qazanacaq, məzunlar RİTN-in birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. Eyni zamanda İTU məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün nazirlik tərəfindən dəstək veriləcək.

Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.), eyni zamanda aztəminatlı ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana və s.-lə təminat da nəzərdə tutulur.

Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti (İTU) Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirəcək. Bu ixtisaslara "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" daxildir. Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək. Növbəti 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq.

2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi İTU üçün müvafiq binanın inşası başa çatdırılana qədər Azərbaycan Diplomatik Akademiyasında (Ünvan: AZ1008 Bakı şəh., Əhmədbəy Ağaoğlu küçəsi, 11 ("Gənclik" metrosunun yanı) aparılacaq.

Universitetin gələcəkdə dünyanın ən müasir və qabaqcıl təhsil müəssisələrindən birinə çevrilməsi də diqqət mərkəzində olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti