Baş redaktorlar Mariya Zaxarovaya etiraz etdilər

Baş redaktorlar Mariya Zaxarovaya etiraz etdilər
  29 Aprel 2017    Oxunub:5930
Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın azərbaycanlı jurnalistləri təhqir etməsi media nümayəndələrinin etirazına səbəb olub. Ölkənin tanınmış KİV rəhbərləri Rusiya XİN rəsmisinin qeyri-etik davranışını təndiq edərək, onu qərəzli mövqedən çəkinməyə çağırıblar.
Xatırladaq ki, Moskvada keçirilən brifində Zaxarova azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyaraq, suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə xoşagəlməyən ifadələr işlədib. Daha sonra "diplomat” bir qədər də irəli gedərək, Rusiya XİN barədə yazılan məqalələrin jurnalistika etikasına sığmadığını bildirib.

“Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev AzVision.az-a bildirib ki, Zaxarovanın kimliyindən aslı olmayaraq jurnalistləri təhqir etmək hüququ yoxdur.

“Zaxarova Rusiya Xarici işlər Nazirliyinin sözçüsüdür. Onun jurnalistlərə qarşı hərəkəti yolverilməzdir. Zaxarovanın qeyri-etik davranışı onun təmsil etdiyi quruma başucalığı gətirmir, həmçinin bu olay Rusiya -Azərbaycan münasibətlərində müsbət hal kimi dəyərləndirilə bilməz”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev isə qeyd edib ki, Mariya Zaxarova Azərbaycanda dərc olunan hansısa məqaləyə öz fikrini bildirmək istəyirdisə, bunu digər formada, açıqlama kimi edə bilərdi: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ilə bağlı suala belə reaksiyanın verilməsi, mətləbdən kənarlaşıb, hansısa məqaləyə reaksiyasını ifadə etməsi XİN sözçüsünün deməyə sözünün olmadığını göstərdi”.

Modern.az saytının direktoru Elşad Eyvazlı hesab edir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın azərbaycanlı jurnalisti təhqir etməsi birdən-birə ortaya çıxan məsələ deyil.

“Bir müddət öncə Rusiya xarici işlər nazirinin azərbaycanlı jurnalistə cavabı və ardından həmin jurnalistin verdiyi suala görə qınaq obyektinə çevrilməsi, işdən kənarlaşdırılması buna zəmin yaratdı. Zaxarova gördü ki, ölkəsinin, dövlətinin maraqlarından çıxış edən jurnalisti öz həmkarları "daş-qalaq" etdilər. Bundan sonra biz Zaxarovadan nə gözləməli idik? Hesab edirəm ki, biz özümüz-özümüzə qiymət verməliyik. Yoxsa bu tipli mətbuat konfranslarının birində azərbaycanlı jurnalistin fiziki təzyiqlərə məruz qalmasının da şahidi olacağıq. Bu, məsələnin birinci tərəfidir”.

E.Eyvazlı diqqətə çatdırıb ki, son vaxtlar Rusiya siyasətində azərbaycanlılara qarşı aqressiya hiss olunur: “Bunların nəzərində biz öz haqqımızı tələb etməməliyik. Bunların fikrincə, biz deməməliyik ki, Qarabağ Azərbaycanın daxili işidir, Dilqəm, Şahbaz ata-babasının qəbrini ziyarət etməyə gedərkən öz torpağında Ermənistan tərəfindən girov götürülüb. Zaxarova bu cür açıqlaması ilə bütün diplomatik, etik qaydalarını pozdu, həm təmsil etdiyi qurumun, həm də özünün tərbiyəsini bütün dünyaya nümayiş etdirdi”.

“Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikrincə, Azərbaycanı təmsil edən jurnalistin sözünü kəsib, ona son cümləsini bitrməyə imkan verməmək kobudluq nümunəsidir.

“Məlum olub ki, Zaraxova hər halda “dostları” vasitəsilə Azərbaycan mətbuatını izləyir. Bu da maraqlı detaldır. Bizim üçün maraqlıdır ki, onun “dostları” kimdir və ona bizdə gedən materialları bu şəkildə təqdim edib, aqresiyasına səbəb olan azərbaycanlılar kimlərdir və hansı məqsədi güdürlər. Azərbaycan jurnalistikası və mediası haqqında ad çəkmədən də olsa naməlum yazı barədə bu cür kobud ifadələr işlətmək bütövlükdə jurnalistikanı aşağılamaq, təhqir etmək deməkdir. Buna görə bu, bizim qəzəbimizə və qıcığımıza səbəb olub. Yaxşı haldır ki, Azərbaycan jurnalistlərini təmsil edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və Xarici İşlər Nazirliyinin nmətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Zaxarovaya cavab veriblər. Hesab edirəm ki, Mariya Zaxarova Azərbaycan jurnalistləri tərəfindən hər cür kəskin cavaba layiqdir”.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı D.Əsgərovun taleyi ilə bağlı azərbaycanlı müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirib.

XİN rəsmisi deyib ki, D.Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş D.Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir.

H.Hacıyev bildirib ki, kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə saytımıza bildirib ki, Zaxarova özünün başladığı missiyanı unudaraq azərbaycanlı jurnalistə qarşı kifayət qədər qeyri-etik, peşə davranışlarına sığışmayan münasibət sərgiləyib. Onun sözlərinə görə, Zaxarova vəzifəsindən irəli gələrək jurnalisti dinləməli, suallara aydınlıq gətirməli və cavablandırmalıdır.

“Çox təəssüf ki, Mariya Zaxarova belə etməyib və əksinə qarşı tərəfi heç bir çərçivəyə sığmayan dərəcədə, onun simasında ölkənin jurnalistlərinə qara yaxıb və onları təhqir edib. Mariya Zaxarova yəqin ki, bu hadisələrin səbəblərini yaxşı bilir. Yaxşı bilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev nəyə görə həmin yerlərdə olub. Mariya Zaxarova yaxşı bilir ki, onların üzərlərində qurulan məhkəmə nə dərəcədə "ədalətli"dir. Mariya Zaxarova yaxşı bilir ki, Lapşinlə bağlı məsələlər nə üçün gündəmdədir, Dilqəmlə bağlı məsələlərə nəyə görə soyuq yanaşılır”.

Ə.Amaşov qeyd edib ki, Zaxarovanın bir ölkəni təmsil edən jurnalisti təhqir etməsi heç bir çərçivəyə sığmır. “Mariya Zaxarova təmsil etdiyi ölkə ilə jurnalistin təmsil etdiyi ölkə arasında əlaqələri arxa plana atıb və heç bir mətbuat katibinə yaraşmayan münasibət sərgiləyib. Rusiya ilə qonşu dövlətik. Bizim aramızda münasibətlər kifayət qədər yüksəkdir və çalışmalıyıq ki, bu münasibətləri daha da yüksəldək, inkişaf etdirək”.

Qeyd edək ki, AzVision.az-ın baş redaktoru Vüsal Məmmədov Müqəddəs olmayan Məryəm başlıqlı müəllif yazısı ilə Mariya Zaxarovaya tutarlı cavab verib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rusiya   XİN   Zaxarova   KİV   Azərbaycan  





Xəbər lenti