BQXK Penitensiar xidmətlə əməkdaşlığa maraqlıdır

BQXK Penitensiar xidmətlə əməkdaşlığa maraqlıdır
  30 Avqust 2013    Oxunub:997
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının başçısı cənab Korba Loran, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran, Müdafiə proqramı üzrə koordinator Fransua Blansidən ibarət nümayəndə heyətini qəbul edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmətin rəisi Mədət Quliyev BQXK-nin 1992-ci ildən etibarən Azərbaycan Respublikasındakı səmərəli fəaliyyətindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin və əsir düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi, hərbi əməliyyatlar nəticəsində mənəvi və fiziki zərər çəkmiş insanlara yardım edilməsi sahəsində xüsusi xidmətlərinin olduğunu qeyd edib.

Daha sonra nazir müavini qonaqlara Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində müfəssəl məlumat verib.

Mədət Quliyev BQXK ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirərək, son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını və artıq ölkəmizin bu təcrübəsindən bir çox dövlətlərin nümayəndələrinin də bəhrələndiklərini bildirib.

BQXK-nin Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlarının başçısı cənab Korba Loran Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə əməkdaşlığın səmərəli olduğunu qeyd edib və komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu xüsusilə vurğulayıb.

Səmimi və işgüzar əməkdaşlıqdan məmnun qaldığını ifadə edən Korba Loran penitensiar müəssisələrə baş çəkmək üçün hər zaman lazımi şərait yaradıldığına görə minnətdarlığını bildirib.

Sonda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə BQXK arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Görüşdə Ədliyyə nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Faiq Qurbanov və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.


Teqlər:





Xəbər lenti