Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR
  27 Aprel 2017    Oxunub:23450
Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı və Göyçay rayonlarına mediatur təşkil edilib.
AzVision.az-ın əməkdaşları mediaturda iştirak ediblər. Səfər zamanı jurnalistlər Azərbaycanda ilk dəfə istifadəyə verilən modul tipli məktəblərlə tanış olublar.

Məlumat üçün deyək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.

Mediatur zamanı İsmayıllı rayonunun Yenikənd kəndində tikilən modul tipli məktəbdə olduq. Məktəb sinif və müəllimlər otağı, sanitar qovşaq, istilik sistemi ilə təmin edilib.



Yerli sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, kənd 1000 metrə yaxın hündürlükdə yerləşir. Kəndin 150-ə yaxın sakini var. Ucqar ərazidə yerləşməsinə baxmayaraq, şagirdlərin təhsilə marağı yüksəkdir. Sakinlər bu cür müasir məktəbin qurulmasını yüksək qiymətləndirirlər.



Məktəbin direktoru Gülağa Abbasov bildirib ki, modul tipli məktəb tikilənə qədər 1950-ci ildə inşa olunan uçuq binada dərs keçilib. Direktorun sözlərinə görə, məktəb bərbad vəziyyətdə olduğundan uşaqlar oxumaq üçün qonşu kəndlərə gedirmişlər. G.Abbasov deyib ki, yen məktəbin 9 şagirdi, 7 müəllimi var.

“Çox şükür ki, bu gün yeni məktəbimiz fəaliyyətdədir. Məktəbdə 5 sinif otağı var. 3 sinif üzrə 9 şagird təhsil alır. Onlara müxtəlif fənlər üzrə 7 müəllim dərs keçir. Müəllim heyəti olaraq bizim üzərimizə düşən odur ki, uşaqlara keyfiyyətli dərs verək və onların tərbiyyəsinin düzgün təşkilinə yardım edək”.

Daha sonra yeni tikilən məktəbə daxil olduq. 3 sinifdə dərs gedirdi. Müəllim və şagirdlərin yeni məktəblə bağlı fikirlərini öyrəndik.

Məktəbin ingilis dili müəlliməsi Laçın Məhərrəmova 13 ildir bu kənddə dərs deyir. Müəllimə Təhsil Nazirliyinin göndərişi ilə bu kəndə təyinat alıb. Onun sözlərinə görə, əvvəl məktəb binası bərbad olduğu üçün dərs keçmək çətin olub.

“Əvvəlki məktəbin şəraiti çox bərbad idi. Şəraitsizlik olduğundan sinif otaqları soyuq olurdu. İndiki məktəbimizin şəraiti çox yaxşıdır”.



Məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən Nazilə Abbasova da yeni məktəb şəraitindən razıdır.

“20 ildir bu kənddə müəllim işləyirəm. Köhnə məktəbdə gəmirici, siçovulların əlindən oturmaq mümkün olmurdu. Çox sağ olsunlar ki, bu gün bizə belə şərait yaradıblar. Bu işdə zəhmət çəkən hər kəsə minnətdarıq. Yeni məktəbin yaradılması tədris prosesinin keyfiyyətinə də təsir edib. Baxmayaraq ki, Yenikənd ucqar kənddir, şagirdlərin soyuq havalarda belə dərsə davamiyyəti yaxşıdır”.

7-ci sinifdə oxuyan 13 yaşlı Salatın Hüseynova bizimlə söhbəti zamanı həkim olmaq istədiyini deyib. Onun bacısı və qardaşı da bu məktəbdə təhsil alır.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Azərbaycanda ümumilikdə 230-dan çox modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub:

“Yenikənd kəndində salınan məktəb ilk modul tipli məktəblərdən biridir. Kəndin əhalisinin sayı çox olmadığı üçün burada belə komplektli modul tipli məktəbin tikintisi məqsədəuyğun sayılıb. İsmayıllının daha iki kəndində belə məktəbin tikintisi nəzərdə tutulur. Bu məktəb kənddə yaşayan insanlar üçün istənilən təhsil mühitinin yaradılmasına xidmət edəcək”.



Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsinin müdir müavini Fərhan Əliyev isə deyib ki, məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilib. Onun sözlərinə görə, məktəbin tikintisi 30 günə başa gəlir:

“Bu məktəblərin tikintisi rayonlarda və ucqar kəndlərdə yeni iş yerlərinin açılmasına təkan verir. Məktəbdə həm istiliyin saxlanması, həm soyuğa davamlılıq, hamısı nəzərə alınıb. İstilik sistemi quraşdırılıb. Tikintidə istifadə edilən bütün məhsullarla bağlı Fövqəladə Hallar Naziriyindən sertifikat alınıb və tam etibarlıdır. Gələcəkdə məktəblərdə yanğına qarşı video-müşahidə quraşdırılacaq”.

Kənd sakini Zakir Həkimov bildirib ki, əvvəllər məktəb pis vəziyyətdə olduğundan bəzi ailələr uşaqlarını təhsildən yayındırıb.

Mediator çərçivəsində Göyçay rayonunun Yeniarx kənd tam orta məktəbinin Hacağabəyli kənd sinif komplektinə də baş çəkdik. Bu komplektin də binası modul tikilidir.

Yeniarx kənd orta məktəbinin direktoru Ayaz Babayev bildirib ki, modul tipli məktəbdə ümumilikdə 16 şagird təhsil alır. O, bildirib ki, məktəbdə cəm dörd sinif var ( I, II, III, IV).

“Siniflərdə şagirdlərin sayı az olduğundan bütün uşaqlar komplektləşdirilmiş bir sinifdə dərs keçirlər. Təbii ki, hər sinif üzrə dərs proqramı fərqli olduğundan müəllimə bir 45 dəqiqə ərzində bütün uşaqlara dərsi mənimsəməkdə çətinlik çəkir. Məktəbdə 20 şagird olsa, iki komplektləşdirilmiş sinif yarada bilərik. I və III sinifləri bir, II və IV sinifləri isə bir sinifdə birləşdirə bilərik. Məktəbdə riyaziyyat, Azərbaycan dili, texnologiya , musiqi, həyat bilgisi, təsviri incəsənət fənlərini iki müəllim tədris edir. Həftədə bir dəfə olmaqla informatika, ingilis dili fənləri keçirilir ki, Yeniarx kənd məktəbindən müəllim gəlir. Şagirdlər IV sinfə qədər burada oxuyurlar, sonra Yeniarx kənd məktəbinə gedirlər”.



Məktəb direktorunun sözlərinə görə, əvvəl uşaqlar köhnə birotaqlı kolxoz binasında oxuyublar.
“Əvvəl bir otaq var idi. Şərait imkan vermədiyi üçün uşaqların təhsil səviyyəsi yüksək olmurdu. Bundan sonra təhsilin səviyyəsini yüksəltməyə çalışacağıq”.

İbtidai metodika müəllimi Nəzakət Həmidova köhnə məktəb binasında işığın olmadığını, otaqların qış aylarında soyuq olduğunu söyləyib.

“Köhnə binada işıq yox idi. Otaqlar soyuq olurdu. İndi geniş, işıqlı və yaxşı şəraiti olan məktəb tikilib. Kompleks sinif olduğundan uşaqlar üçün bir az çətin olur. Şagirdlərin hər birinə vaxt çatdıra bilmirik”.



Qeyd edək ki, ötən ilin oktyabr ayında Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırıq verib. Ölkə başçısının tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 modul tipli məktəb təhvil verilib.

Ümumiyyətlə, bu illərdə 232 qəzalı məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Bu ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub.

Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: Təhsil-Nazirliyi   Məktəb   İsmayıllı   Göyçay   Şagird   Müəllim  





Xəbər lenti